25 aprel 2019 17:50
847

Co Bayden ABŞ-da 2020-ci il prezident seçkilərinə qoşulur

Aprelin 25-də ABŞ-ın sabiq vitse-prezidenti Co Bayden 2020-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib.

AZƏRTAC bu barədə Interfax informasiya agentliyinə istinadla xəbər verir.

“Biz xalqımızın ruhu uğrunda mübarizə aparırıq. Əgər Donald Trampa Ağ evə 8 il rəhbərlik etməyə imkan yaratsaq, o, xalqın xarakterini həmişəlik dəyişəcək. Mən kənarda qala və baş verənləri izləyə bilmərəm”, - deyə Co Bayden seçkiöncəsi kampaniyada iştirakını elan edərkən bildirib.

Bu gün Filadelfiya şəhərində Baydenin prezident seçkiləri kampaniyasına ilk vəsait toplama mərasiminin keçiriləcəyi gözlənilir.

Demokratlar partiyasının üzvü 76 yaşlı Co Bayden 2009-2017-ci illərdə ABŞ-ın sabiq prezidenti Barak Obama administrasiyasında işlədiyi dövr ərzində topladığı təcrübədən istifadə etmək niyyətindədir. Bu, onun ölkə prezidenti seçilmək uğrunda üçüncü cəhdi olacaq. 1988 və 2008-ci illərdəki iki kampaniya ona uğur gətirməmişdi. Bayden oğlunun vəfat etməsi səbəbindən 2016-cı il seçkilərində iştirak etməmişdi.

Bir müddət öncə Donald Tramp 2020-ci il seçkilərində Co Baydeni və senator Berni Sandersi özünün əsas rəqibi kimi gördüyünü deyib.