Ölkədə aparılan sosial-iqtisadi islahatlar xalq-lider birliyinin sarsılmazlığını göstərir
2003-cü ildə keçirilən prezident seçkilərində ümumxalq etimadı qazanan cənab İlham Əliyev mətbuata ilk müsahibəsində bildirdi ki, O, bütün Azərbaycan xalqının, hər bir vətəndaşın Prezidentidir: “Həyatımın artıq növbəti və elə bil ki, sonuncu mərhələsi başlanır. Çünki bundan yuxarı mərtəbə yoxdur. Bu elə bir zirvədir ki, əlbəttə, mən bu zirvədə duraraq, təkcə özümü deyil, bütün Azərbaycan xalqını beynəlxalq aləmdə təmsil edəcəyəm. Əlbəttə, bu mənim çiyinlərimə əlavə məsuliyyət yükü qoyur” söyləyən cənab İlham Əliyev ölkəmizdə hərtərəfli inkişaf üçün yaranan zəmindən düşünülmüş şəkildə istifadə edərək heç bir məsuliyyətdən, çətinlikdən qorxmadığını sübut etdi. Çıxışlarında “Azərbaycanın iqtisadiyatı möhkəm olarsa bütün məsələləri həll etmək imkanımız olacaq” kimi tezisləri ilə ölkənin qüdrətinin iqtisadi müstəqilliklə birbaşa əlaqəli olduğunu sonrakı fəaliyyəti ilə doğrultdu. Prezident kimi Azərbaycana 15 illik rəhbərliyi dövründə cənab İlham Əliyev onu da təsdiqlədi ki, Azərbaycanın həqiqi mənada planetar düşüncəyə malik lideri var. Belə bəşəri düşüncəyə malik insanlar rəhbərliyə az-az gəlsələr də, təkcə ölkələri üçün deyil, planetdə sülhün, sabitliyin qorunması üçün faydalı olan yeniliklərin tətbiqində əsas sima olduqlarını təsdiqləyir. Ulu öndər Heydər Əliyev siyasətini davam etdirən cənab İlham Əliyev kimi.
“Bildiyiniz kimi, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı proqramlarının qəbul edilməsi mənim 2003-cü ildə prezident seçkiləri ərəfəsində verdiyim vədlərimdən biri idi. O vaxt demişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, ilk növbədə, regionların inkişafı ilə məşğul olacağam, bölgələrdə olan problemlərin həlli işində öz səylərimi əsirgəməyəcəyəm” söyləyən cənab İlham Əliyev dövlətin hərtərəfli inkişafı üçün gərəkli olan ilk addımı 2004-cü ildə, regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramının qəbulu oldu. 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində də cənab İlham Əliyevə ümumxalq inamı xalq-iqtidar birliyinin təsdiqi, vədinə sadiq dövlət başçımıza etimadın tükənməzlik nümunəsi idi. Ölkə iqtisadiyyatının qüdrətlənməsini həyatında, məişətində hiss edən hər bir vətəndaş qürur hissi ilə bildirir: Cənab İlham Əliyev, bir Prezident kimi Azərbaycanı bütün dünyada tanıtdırdığınız üçün Sizinlə fəxr edirik.
Bu sözlər az müddətdə əsrə bərabər görülən işlərin ölkəmizə qazandırdığı uğurların təkcə xalqımızın deyil, beynəlxalq ictimaiyyətin də etirafıdır. On beş ildə Azərbaycan iqtisadiyyatı 3,2, qeyri-neft sektoru 2,8, sənaye istehsalı 2,6, kənd təsərrüfatı 1,7 dəfə artmış, qeyri-neft ixracı 4,1 dəfə çoxalmışdır. Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollardan 46 milyard dollara çatdırılmış, 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulmuşdur. Siyasi sabitliyi ilə seçilən, cəlbedici ölkə olan Azərbaycanda mövcud sərmayə iqlimi xarici investorları maraqlandırır.
Prezident İlham Əliyevin qətiyyəti ilə dünyanın enerji və nəqliyyat xəritəsini dəyişən qlobal layihələr reallaşmışdır. Avropanın enerji təhlükəsizliyinin təminatında böyük rola malik Bakı-Tbilisi- Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin davamı olan Cənub Qaz Dəhlizi, onun əsas seqmenti TANAP istifadəyə verilmişdir. 1994-cü il sentyabrın 20-də Bakıda imzalanmış “Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in (“Əsrin müqaviləsi”) müddəti 2050-ci ilə qədər uzadılmışdır.
Ən böyük qlobal infrastruktur layihəsi olan, qitələri birləşdirən, siyasi, iqtisadi və strateji baxımdan böyük əhəmiyyətə malik Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə ölkəmiz Avrasiyada mühüm tranzit və logistika mərkəzlərindən birinə çevrilmişdir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Avropa və Asiyanı birləşdirən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülmüş, “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin reallaşması üçün zəmin yaranmışdır. Azərbaycan “Azerspace-1”,Yer səthini müşahidə edən “Azersky”, “Azerspace-2” peyklərini orbitə çıxarmaqla az sayda olan kosmik ailənin üzvünə çevrilmişdir.
Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkənin sosial-iqtisadi, mədəni və kənd təsərrüfat infrastrukturu tamamilə yenilənmişdir. Bu dövrdə 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilmiş, yaxud əsaslı təmir edilmiş, 15 min kilometr yol çəkilmiş, 443 körpü inşa olunmuşdur. Bakıda 4 yeni metro stansiyası istifadəyə verilmiş, bir neçə stansiyada yenidənqurma işləri aparılmışdır. Xəzər dənizində ən böyük beynəlxalq layihə olan - Ələt Dəniz Ticarət Limanı fəaliyyətə başlamış, ölkə daxilində 7 hava limanı istifadəyə verilmişdir. Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın “5 ulduz”lu 9 əsas hava limanı sırasına daxil olmuşdur. 30 elektrik stansiyası tikilmiş, əhalinin enerjiyə və təbii qaza tələbatı 95 faiz ödənilmişdir.
Bu rəqəmlər göstərir ki, Azərbaycan iqtisadiyyatı dayanıqlıdır və respublikamızın dinamik inkişafı beynəlxalq təşkilatların hesabatlarında da dəstəklənir.
İqtisadiyyatda qazanılan uğurlar sosial islahatların tətbiqi imkanlarını genişləndirir. Cari ilin ilk günlərindən əhalinin sosial müdafiəsinin yüksəlməsi naminə cənab İlham Əliyevin imzaladığı sərəncamların əhali tərəfindən rəğbətlə qarşılanması dövlət başçımızın 15 illik fəaliyyətinə verilən “əla” qiymətdir.
Prezident İlham Əliyev əhalinin həssas qrupu olan şəhid ailələrinə, müharibə veteranlarına və əlillərə daim xüsusi qayğı ilə yanaşır. Ötən ilin aprel ayında keçirilən prezident seçkilərindən sonra cənab İlham Əliyevin imzaladığı ilk Fərmana əsasən şəhidlərin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik vəsait ödənildi, şəhid ailələrinə 626 mənzil verildi, müavinətləri artırıldı.
İşğaldan azad olunan Cocuq Mərcanlıda, Şıxarxda qısa müddətdə qəsəbə salındı, köçkünlər öz doğma yurdlarına qayıtdılar. Məcburi köçkünlərin problemlərinin həlli sahəsində genişmiqyaslı islahatlar həyata keçirildi, köçkünlər üçün 100-dən çox şəhərcik salındı.
Ötən illərdə 5900 köçkün ailəsi mənzillərlə təmin olundu. Qarşıdakı illərdə 7 minə yaxın köçkün ailəsi mənzillərlə təmin ediləcək. Dünya praktikasında analoqu olmayan, sağlam zəmində qurulan insana humanist yanaşma yalnız Azərbaycanda, cənab İlham Əliyevin sayəsində mümkün olmuşdur.
Şamaxıda, Ağsuda, İsmayıllıda baş verən zəlzələdən zərər çəkənlərə dövlət tərəfindən dəstək göstərildi. Cənab İlham Əliyev və birinci xanım Mehriban xanım Əliyeva zəlzələ bölgəsinə gedərək insanlarla təmasda oldular.
Dövlət başçımızın imzaladığı Sərəncama əsasən, 600 min nəfəri əhatə edən minimum əməkhaqqı 130 manatdan 180 manata qaldırıldı. Pensiyalar dəfələrlə artırıldı. Problemli kreditlərlə, mənzillərin qeydiyyatı ilə bağlı məsələlərin həlli istiqamətində atılan addım insanları sevindirdi. Yeni doğulan uşaqlar üçün müavinətlər, tələbə təqaüdləri artırıldı. Mədəniyyət ocaqlarına , teatrlara xeyl vəsait ayrıldı. “Əminəm ki, 2019-cu il bütövlükdə ölkəmiz üçün uğurlu il olacaqdır. Azərbaycan 2019-cu ildə uğurlar və inkişaf yolu ilə gedəcəkdir” söyləyən cənab İlham Əliyev Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində əsaslı şəkildə yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olarkən sosial islahatların davam etdiriləcəyini bir daha bildirdi. Birinci xanım Mehriban Əliyeva ilə parkın açılışında iştirak edən dövlət başçımız iqtisadi islahatların əlavə gəlir gətirdiyini vurğulayaraq sosial islahatların davamıl olacağını bildirdi: “Artıq bu ilin əvvəlindən büdcəyə kifayət qədər böyük məbləğ daxil oldu və yığılan əlavə büdcə gəlirləri mənim göstərişimlə, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə istiqamətləndirilməlidir, o cümlədən maaşların, pensiyaların qaldırılmasına... Minimum əməkhaqqı, minimum pensiya Azərbaycanda bundan sonra da qaldırılacaq ki, vətəndaşlar daha da yaxşı yaşasınlar... Biz əlavə əldə edilmiş bütün gəlirləri vətəndaşların sosial müdafiəsinə yönəldəcəyik.”
Sakinlərlə görüşlərində ölkəmizin uğurlu inkişafının bundan sonra da təmin ediləcəyini vurğulayan cənab İlham Əliyev bildirir ki, bunun əsas şərti sabitlik, xalq-iqtidar birliyi, vətəndaş amili, sosial ədalət və humanizm, insanların gələcəyə böyük inamıdır. İqtisadi potensial artdıqca əhalinin yaşayış tərzi də yaxşılaşır. Bu uğurlar, şəffaflıq, əhalinin sosial müdafiəsinin diqqətdə saxlanılması vətəndaşların aparılan siyasətə dəstəyinin göstəricisidir. Deyilənlərin məntiqi nəticəsi isə belədir: Azərbaycanın yeni keyfiyyətli sosial-iqtisadi inkişaf modeli inqilabi təsəvvür yaradır.
Xuraman İsmayılqızı, “İki sahil”