23 may 2019 10:23
547

Ölkə Prezidentinin həyata keçirdiyi islahatlar dövlətimizin və xalqımızın maraqlarına xidmət edir

Həyata keçirilən iqtisadi islahatların nəticəsidir ki, dünyada mürəkkəb proseslərin cərəyan etdiyi bir şəraitdə iqtisadiyyatımızın dayanıqlılığı təmin olunub. Artıq dünyanın nüfuzlu reytinq qurumları da Azərbaycanın müxtəlif sahələrdə apardığı islahatları yüksək dəyərləndirməkdədir. Nüfuzlu təşkilatların aparılan islahatları təsdiqləməsi bir daha sübut edir ki, ölkəmizdə islahatlar uğurla tətbiq edilir. Bu, həm də Azərbaycan Prezidentinin islahatlarının təqdir olunması deməkdir. Bu sözləri Milli Məclisin deputatı Azər Badamov İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Doing Business-2020” islahatlarına dair növbəti icmalı ilə bağlı fikirlərini “İki sahil” qəzeti ilə bölüşərkən söylədi.

Həmsöhbətimiz Dünya Bankı tərəfindən hazırlanan “Doing Business-2019” hesabatında biznes mühitinin əlverişliliyinə görə Azərbaycanın 190 ölkə arasında 32 pillə irəliləyərək, 57-ci pillədən 25-ci yerə yüksəlməsini böyük uğur adlandırdı: “Azərbaycan bu gün bir çox sahələr üzrə dünyada inkişaf etmiş ölkələrdən qabaqdadır. Qanunvericilik bazasında yaradılmış sadələşdirmə və əlçatanlıq, həmçinin elektron hökumətin yaradılması, məmurlarla biznes strukturları arasında təmasın minimuma endirilməsi təbii ki, Azərbaycanın mövqelərinin güclənməsinə gətirib çıxarıb. Məsələn, bu gün ölkəmizdə biznesə başlamaq üçün bir prosedur, yarım gün və 0 manat lazımdır. Halbuki əvvəl bu iş üçün 3 prosedur, 3,5 gün və 90 manat xərc tələb edilirdi. Yaxud islahatlardan sonra tikinti aparmağa icazə almaq üçün prosedurların sayı 18-dən 7-yə, günlərin sayı 116-dan 38-ə, çəkilən xərcin məbləği 6566 manatdan 1595-ə endirilib. Bütün bu kimi uğurlar isə Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin alternativsiz olduğunu və aparılan islahatların cəmiyyətin bütün təbəqələrinin, o cümlədən biznes subyektlərinin mənafelərini əks etdirdiyini bir daha göstərir. Yeri gəlmişkən, qeyd edim ki, Dünya Bankının hər il hazırladığı “Doing Business” hesabatı biznes mühitinin asanlığının qiymətləndirilməsi üçün dünyada ən vacib və etibarlı reytinq göstəricisi hesab olunur”.

Müsahibimizin fikrincə, bütün bunlar xarici investorları, eyni zamanda, yerli sahibkarları daha çox sərmayə qoymağa həvəsləndirir: “Dövlət də bu sahədə onlara həmişə yardım göstərir. Məsələn, indiyədək 35 min 800- dən çox sahibkara 2,3 milyard manatadək güzəştli kredit verilib. Bu kreditlər hesabına 166 minə yaxın yeni iş yerinin açılması imkanı yaranıb. Bütün bunlar həm də onu göstərir ki, ölkə Prezidentinin həyata keçirdiyi islahatlar dövlətimizin və xalqımızın maraqlarına xidmət edir”.

Milli Məclisin deputatı, həmçinin bildirdi ki, Azərbaycan, həm də islahatların səngimədiyi bir ölkə kimi tanınmaqdadır: “Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev qeyd etmişdir ki, son 15 ildə Azərbaycan qədər dünyada inkişaf edən ikinci ölkə yoxdur. Azərbaycanın növbəti ildə də “ən islahatçı ölkə” statusunu qoruyacağı şübhəsizdir. Bu mənada 2019-cu il Azərbaycan üçün daha mühüm sosial islahatların və uğurlu iqtisadi layihələrin reallaşdığı il kimi tarixə düşə bilər. Prezident İlham Əliyevin söylədiyi kimi, əgər geridə qoyduğumuz 2017-ci ili iqtisadi sabitləşmə, 2018-ci ili dərin iqtisadi islahatlar ili kimi başa vurmuşuqsa, bu il daha çox sosial sahədə inqilabi islahatların reallığa çevrildiyi tarix kimi yaddaşlara yazılacaq”.

A.Badamov, həmçinin vurğuladı ki, Azərbaycan reallıqlarını obyektiv əks etdirən bu hesabat hər bir vətəndaşımızın ürəyincədir: “Çox istərdim ki, digər qurumlar da ölkəmizlə bağlı araşdırmalar apararkən reallıqlara əsaslansınlar”.

Qvami Məhəbbətoğlu, “İki sahil”