04 iyun 2019 17:39
1285

Əməkdaşlıq məsələləri müzakirə olunub

Müdafiə Sənayesi Nazirliyi ilə İtaliyanın “Leonardo” şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub

İyunun 4-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev İtaliyanın aparıcı müdafiə sənayesi şirkətlərindən olan “Leonardo”nun baş direktoru Lorenzo Marianinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Sənayesi Nazirliyinin (MSN) mətbuat xidmətindən bildiriblər ki, görüşdə Yəhya Musayev Azərbaycan ilə İtaliya arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edib. Nazir müavini MSN-in fəaliyyət istiqamətlərindən və əldə olunan uğurlardan danışıb. Yəhya Musayev “Leonardo” şirkətinin ötən il Bakıda keçirilən “ADEX-2018” sərgisində iştirakından məmnunluğunu bildirib.

Görüşdə MSN ilə “Leonardo” şirkəti arasında hərbi-texniki sahədə birgə layihələrin həyata keçirilməsi müzakirə edilib. “Leonardo” şirkətinin məhsulu olan reaktiv təlim-məşq təyyarələrinin istehsalı və texniki xidmətlərin göstərilməsi ilə bağlı birgə layihələrin icrası ətrafında geniş fikir mübadiləsi aparılıb. Bu istiqamətdə hər iki tərəfin ekspertləri tərəfindən danışıqların davam etdirilməsinə dair razılıq əldə olunub.

Lorenzo Mariani “Leonardo” şirkətinin Müdafiə Sənayesi Nazirliyi ilə əməkdaşlığını İtaliya-Azərbaycan münasibətlərinə uyğun səviyyədə davam etdirmək və bu sahəyə töhfə vermək niyyətində olduqlarını bildirib.

Görüşdən sonra nümayəndə heyəti MSN-in “İqlim” Elmi İstehsalat Müəssisəsində olub.

Qeyd edək ki, “Leonardo” şirkəti müdafiə və təhlükəsizlik sahəsində müxtəlif çeşiddə məhsulların yaradılması və istehsalı üzrə tanınan müəssisələrdəndir.