12 iyun 2019-cu il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun–Milli Qurtuluş Günü ilə əlaqədar “Neft Daşları” qəsəbəsində tədbir keçirilib.
Dövlət Himnin səslənməsindən və Milli Qurtuluş Gününə həsr olunmuş sənədli filmin nümayişindən sonra çıxış edən YAP Pirallahı rayon təşklatının sədri Hikmət Şikarov qeyd edib ki, 15 iyun 1993-cü il ən yeni tariximizə Azərbaycanın xilası günü kimi daxil olub: “Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı günü milli müstəqil dövlətimizin həyatında, bütövlükdə Azərbaycanın tarixində müstəsna yer tutan günlərdən biridir. Ulu öndər Heydər Əliyev 1993-cü il iyun ayının 15-də xalqın təkidli tələbi ilə hakimiyyətə ikinci dəfə qayıdışı ilə müstəqil Azərbaycanı dağılmaqdan, ölkəmizi iflasdan, iqtisadi tənəzzüldən, xaosdan, özbaşınalıqdan xilas edərək inkişaf yoluna qədəm qoymaq üçün zəmin yaratdı. Müasir müstəqil Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin gərgin zəhmətinin, qətiyyətli siyasətinin bəhrəsidir.”
“Bu gün Azərbaycan xalqı unudulmaz rəhbərin xoşbəxt gələcəyimiz üçün açdığı yolla qətiyyətlə addımlayır və mövcud iqtidarın vahid birliyi nəticəsində Ümummilli Liderimizin qurub-yaratdığı azad, müstəqil, demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xətlə inamla getməkdə, inkişafını davam etdirməkdədir” deyən H.Şikarov xüsusi vurğulayıb ki, Ulu Öndərin layiqli davamçısı, praqmatik dövlət xadimi, bütün dünya miqyasında böyük hörmətə, nüfuza malik Prezidentimiz cənab İlham Əliyev də Heydər Əliyevə xas olan möhkəm iradə və qətiyyətli mövqe nümayiş etdirir, Azərbaycan dövlətinin qüdrətini, sarsılmaz təmələ malik olduğunu öz məhsuldar fəaliyyəti ilə sübut edir.
Milli Məclisin deputatı Rauf Əliyev bildirib ki, Azərbaycan xalqının tarixində elə günlər var ki, Azərbaycan xalqının gələcək taleyinin müəyyən olunmasında böyük başlanğıcların əsasını qoyub: “Taixi hadisələrlə zəngin belə günlərdən biri 1993-cü ilin 15 iyun tarixidir. Xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi daxil olan bu gün təqvimdə sadəcə bir bayram günü deyil, ictimai, siyasi, tarixi hadisələrlə zəngin bir gündür. Vətənini, xalqını sevən, ö dövrün çətin, ağrılı günlərinin dəhşətlərini yaşayan, hadisələri öz gözləri ilə görən insanlar üçün Milli Qurtuluş Günü çox dəyərli və əzizdir.”
YAP Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov Milli Qurtuluş Gününün Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazılan ümumxalq bayramına çevrildiyini, 15 İyunun Azərbaycan xalqının öz taleyini həll etdiyi gün olduğunu vurğulayıb. Natiq Azərbaycan xalqının ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişin məhz Ulu Öndərin adı ilə bağlı olduğunu, dahi rəhbər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətləri, müstəqilliyimizin qorunub saxlanılması, möhkəmləndirilməsi, dövlət quruculuğu sahəsindəki titanik fəaliyyətindən bəhs edib.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov milli dövlətçiliyin dağılmaq təhlükəsi qarşısında qaldığını görən xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda Heydər Əliyevin Azərbaycanda yenidən böyük siyasətə qayıtdığını və bu qayıdışın ümid və sevinclə qarşılandığını, həmin günün isə Milli Qurtuluş Günü kimi müstəqil Azərbaycanın tarixinə yazıldığını qeyd edib. V.Səfixanov qısa bir zamanda iqtisadi tənəzzülün qarşısını alan ümummilli lider Heydər Əliyevin respublikanın davamlı inkişafı istiqamətində islahatlar həyata keçirdiyini və Ulu Öndərin müəyyənləşdirdiyi milli inkişaf kursunun cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə böyük inamla, əzmkarlıqla davam etdirildiyini, Azərbaycanın bu gün dünya birliyində özünə layiqli yer tutduğunu və iqtisadiyyatın artım tempinə görə dünyada lider mövqedə dayandığını, Azərbaycan xalqının öz xilaskarının xidmətlərini unutmadığını və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd etdiyini söyləyib.
Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyev ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Milli Ordu quruculuğu sahəsində apardığı islahatlardan, cəbhə xəttində ordumuzun vətənpərvərlik ruhunun yüksəlməsindən söhbət açıb.
“Neft Daşları” NQÇİ-nin rəisi, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı sədrinin müavini Qoçalı Mahmudov Ümummilli Liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra neft sənayemizin inkişafından bəhs edib və tədbirin təşkilinə görə Pirallahı Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatına təşəkkürünü bildirib.
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı “Neft Daşları” ərazi ilk partiya təşkilatının bir qrup fəallarına partiyanın rayon təşkilatının Fəxri fərmanları təqdim olunduqdan sonra tədbir respublikanın tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı ilə davam edib. Respublikamızın Xalq artisti Bilal Əliyevin, Əməkdar artist Gülüstan Əliyevanın, gənc xanəndə Nisbət Sədrayevanın və AzTV-nin solisti Taleh Yəhyavevin ifaları tədbir iştirakçıları tərəfindən böyük coşqu ilə qarşılanıb.
Orxan Vahidoğlu,
Samir Paşayev (foto), “İki sahil”