Muxtar respublikanın universitetlərində informasiya texnologiyaları ixtisaslarında təhsil alan tələbələr Çin Xalq Respublikasının “Huawei” şirkətinin yay təlim toplantısında iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, təlim toplantısından qayıdan tələbələrlə nazirlikdə görüş keçirilib.
Tədbirdə çıxış edən Rabitə və Yeni Texnologiyalar naziri Rövşən Məmmədov qeyd edib ki, 2015-ci il sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun iştirakı ilə “Naxçıvan” Universitetində Çin Xalq Respublikasının “Huawei” şirkəti tərəfindən yaradılan İKT Mərkəzinin açılışı olub. Burada “Huawei” Azərbaycan Məhdud Məsuliyyətli Cəmiyyətinin baş icraçı direktoru tərəfindən Ali Məclis Sədrinə “Huawei” şirkətinin rəhbərinin məktubu təqdim edilib. Məktubda muxtar respublikanın universitetlərində informasiya texnologiyaları ixtisaslarında təhsil alan tələbələrin “Huawei” şirkətinin Çinin Şenjen şəhərindəki yay təlim mərkəzində təcrübə keçməsini nəzərdə tutan “Gələcəyin İKT sahəsindəki toxumları” adlı proqram-layihənin həyata keçirilməsi təklif olunub. Ali Məclis Sədrinin tələbələrin təlimlərdə iştirakının təşkil edilməsi barədə Rabitə və Yeni Texnologiyalar Nazirliyinə verdiyi tapşırığa uyğun olaraq, “Huawei” şirkəti ilə 5 il davam edəcək layihənin icrasına start verilib. Belə ki, 2016-cı ildə 6, 2017-ci ildə 12, 2018-ci ildə 5, 2019-cu ildə isə 7 tələbənin şirkətin ikihəftəlik yay təlim məşğələlərində təcrübə keçməsi təmin edilib.
Vurğulanıb ki, “Huawei” şirkəti Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə 17 ildən artıqdır telekommunikasiya və informasiya texnologiyaları sahəsində əməkdaşlıq əlaqələri qurub və Naxçıvanda həyata keçirilən bir sıra sosial layihələrdə yaxından iştirak edir. Qarşılıqlı əməkdaşlıq muxtar respublikada telekommunikasiya sisteminin ən müasir informasiya texnologiyaları əsasında qurulması ilə yanaşı, burada təhsilin inkişafına da öz töhfəsini verir.
Qeyd olunub ki, Rabitə və Yeni Texnologiyalar Nazirliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli Sərəncamı ilə qarşıya qoyulan vəzifələrin icrası sahəsində səylərini bundan sonra daha da artıracaq, yüksəkixtisaslı kadrların hazırlanması prosesində yaxından iştirak edəcəkdir. Həmçinin Ali Məclis Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamı ilə muxtar respublikada icrasına başlanmış startap hərəkatında real nəticələr əldə edilməsi üçün yaradılmış bütün imkanlardan maksimum yararlanacaq.
Sonra Naxçıvan Dövlət Universitetinin İnformasiya texnologiyaları kafedrasının müdiri, dosent Məftun Əliyev “Huawei” şirkətində tələbələrin təcrübə keçmələrinin əhəmiyyətindən danışıb. Builki təlimlərdə iştirak etmiş tələbələrdən İnci Hüseynli, Elvin Cabbarlı, Anar Rəsulzadə, Elvin Salayev, Roza Ağayeva hazırladıqları təqdimatlar vasitəsilə Çinə səfərlərinin təəssüratları və ən müasir informasiya texnologiyaları haqqında əldə etdikləri biliklər barədə görüş iştirakçılarına məlumat verib, yaradılan imkanlara görə muxtar respublika rəhbərinə minnətdarlıqlarını ifadə ediblər.
Bildirilib ki, Çin Xalq Respublikasında istehsalat təcrübəsi keçən tələbələr proqram çərçivəsində əvvəlcə Pekində Çin mədəniyyəti ilə tanış olublar. Sonra təcrübəçi tələbələr “Huawei” şirkətinin Şenjen şəhərində yerləşən baş ofisinin treninq mərkəzində müasir texnologiyaların öyrənilməsi və istehsalı üzrə təlimlər keçiblər. Təcrübə kursu şirkətin ayrı-ayrı peşəkar mütəxəssisləri tərəfindən aparılıb, tələbələrə sertifikatlar və hədiyyələr təqdim olunub.