19 oktyabr 2026 11:18
126

Bakıda “Türk dövlətlərində koqnitiv dilçiliyin bu günü və gələcəyi” adlı I Beynəlxalq Simpozium keçirilib

Bakıda “Türk dövlətlərində koqnitiv dilçiliyin bu günü və gələcəyi” adlı I Beynəlxalq Simpozium keçirilib. Tədbirdə türk dillərinin koqnitiv dilçilik baxımından araşdırılması, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi və “Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi” adlı beynəlxalq elmi-tədqiqat assosiasiyasının yaradılması məsələləri diqqət mərkəzində olub.

“İki sahil” xəbər verir ki, bu barədə AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi filologiya elmləri doktoru Aynel Məşədiyeva bildirib.Onun sözlərinə görə, oktyabrın 15–16-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin və Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən simpoziumda Azərbaycan, Türkiyə və Qazaxıstandan olan alimlər iştirak ediblər. Tədbir Türk dünyasının ortaq dil və mədəni irsinin müasir elmi yanaşmalar əsasında öyrənilməsi, türkologiyanın inkişafı və müxtəlif ölkələrin tədqiqatçıları arasında əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıyıb.

“Simpoziumun keçirilməsinə AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin dəstəyi mühüm töhfə verib. Təşkilati işlərdə Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədlinin fəaliyyəti, tədbirin ideya müəllifi, institutun Sosiolinqvistika və psixolinqvistika şöbəsinin müdiri, professor Mayıl Əsgərovun təşəbbüsü xüsusi rol oynayıb. Simpoziumda Türkiyənin Yıldız Teknik, Hacı Bayram Veli, Ege və Atatürk universitetlərinin, Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin nümayəndələri, eləcə də digər alimlər çıxış ediblər. Ə.Baytursunlu adına Qazaxıstan Dilçilik İnstitutunun direktoru Anar Fazılcanın videomüraciəti təqdim olunub. Elmi məruzələrdə konseptual metaforlar, diskurs markerləri, frazeoloji vahidlərin mədəni xüsusiyyətləri və koqnitiv freymlər müzakirə edilib. Çıxışlar və fikir mübadiləsi türk dillərinin müqayisəli öyrənilməsi, ortaq dil xüsusiyyətlərinin müəyyənləşdirilməsi və yeni tədqiqat istiqamətlərinin formalaşdırılması baxımından əhəmiyyət kəsb edib”, deyə o vurğulayıb.

Qeyd edək ki, bölmə iclaslarını filologiya elmləri doktoru Aynel Məşədiyeva, dosent Barış Aydın, filologiya elmləri doktorları Baba Məhərrəmli və Gülsüm Hüseynova, professor Janar İbrayeva və digər alimlər idarə ediblər. Tədbirin əsas nəticələrindən biri “Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi” adlı beynəlxalq elmi-tədqiqat assosiasiyasının yaradılmasının elan edilməsi olub. Yeni qurumun türk dillərinin sistemli tədqiqinə, birgə elmi layihələrin həyata keçirilməsinə və beynəlxalq akademik əlaqələrin inkişafına xidmət etməsi nəzərdə tutulur. Mərkəzin həmtəsisçilərinə “Ortaq Qurucu sertifikatı” təqdim edilib.

Simpozium Türk dünyasında ortaq elmi maraqların inkişaf etdirilməsi, koqnitiv dilçilik sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi və uzunmüddətli tədqiqat əməkdaşlığının qurulması istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Aynel Məşədiyevanın sözlərinə görə, simpozium çərçivəsində qurulan elmi əlaqələr gələcəkdə yeni tədqiqatların və birgə layihələrin həyata keçirilməsinə, türk dillərinin öyrənilməsi sahəsində əməkdaşlığın daha da genişlənməsinə imkan yaradacaq.