31 avqust 2019 12:12
1285

Prezident tapşırığı: Müstəqilliyi qorumaq üçün milli təfəkkür olmalıdır

 Gənclərimiz  İKT-nin imkanlarından səmərəli istifadə edərək, həqiqətlərimizin təbliğinə    böyük töhfələr verməklə yanaşı,  «Vətən mənə oğul desə nə dərdim», həmçinin «Torpaq, əgər  uğrunda  ölən varsa, Vətəndir» kimi prinsipləri fəaliyyətlərinin önündə saxlayaraq  ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hücum əmrinə hər zaman hazırdırlar

        Azərbaycanın bütün sahələrdə qazandığı uğurlardan geniş bəhs edən dövlətimizin başçısı  İlham Əliyevin əsas çağırışlarından biri budur ki, milli vətənpərvərlik yüksək səviyyədə olmalıdır: «Hər bir gənc bilməlidir ki, bizim hamımızın əsas vəzifəsi dövlət müstəqilliyini möhkəmləndirməkdir, onu qorumaqdır. Biz xoşbəxtik ki, müstəqillik dövründə yaşayırıq. Əsrlər boyu Azərbaycan xalqı müstəqillik eşqi ilə yaşamışdır. Nəsillər gəlirdi-gedirdi, biz başqa ölkələrin tərkibində yaşayırdıq, öz bayrağımızı qaldıra, öz himnimizi səsləndirə bilmirdik. Amma bu gün böyük xoşbəxtlikdir ki, biz müstəqillik dövründə yaşayırıq və əsl müstəqil siyasət həyata keçiririk. Ona görə bizim gənclərimiz həmişə yadda saxlamalıdırlar ki, Azərbaycanın dövlət müstəqilliyi hər şeydən üstündür, Azərbaycan xalqının maraqları hər şeydən üstün olmalıdır. Bir daha demək istəyirəm ki, müstəqilliyi qorumaq üçün mütləq bilik, savad, vətənpərvərlik və milli təfəkkür olmalıdır.»

   Azərbaycan müharibə şəraitində yaşayır.  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini şərtləndirən əsas amillərdən biri təbii ki, diplomatik mübarizədə qələbədir. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması bu günümüzün prioritet məsələsidir. Bir əsas məqamı da unutmamalıyıq ki, informasiya- kommunikasiya texnologiyaları əsrində yaşayırıq. Gənclərimiz  İKT-nin imkanlarından səmərəli istifadə edərək, həqiqətlərimizin təbliğinə    böyük töhfələr verməklə yanaşı,  «Vətən mənə oğul desə nə dərdim», həmçinin «Torpaq, əgər uğrunda  ölən varsa, Vətəndir» kimi prinsipləri fəaliyyətlərinin önündə saxlayaraq  ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hücum əmrinə hər zaman hazır olduqlarını bildirirlər. Bu gün gənclərimizin böyük əhval- ruhiyyə ilə hərbi xidmətə getmələri onlarda vətənpərvərlik hisslərinin nə qədər böyük olduğunu ortaya qoyur.

    Dövlətimizin başçısı İlham Əliyevin  28 avqust 2019-cu il tarixli  “Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında»  Sərəncamı vətənpərvərlik hissinin daha da artırılmasında əhəmiyyətli  addımların davamıdır.  Ölkə Prezidentinin mütəmadi olaraq imzaladığı   hərbi xidmətə çağırışla bağlı sənədlər  ölkəmizin bütün bölgələrində gənclərimizin yüksək vətənpərvərlik ruhu və təntənəli tədbirlərlə hərbi xidmətə yollanması ilə müşayiət olunur.  Bu gün ordu quruculuğu sahəsində atılan davamlı addımlar, ölkə Prezidenti İlham Əliyevin mütəmadi olaraq bölgələrə səfəri çərçivəsində hərbi hissələrdə olması, əsgərlərin qayğıları ilə yaxından maraqlanması və s kimi addımları gənclərimizdə vətənpərvərlik hisslərini daha da artırır. Böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycanın işğal altında olan torpaqlarını azad etməyə qadir güclü və qüdrətli ordusu vardır.

    «Azərbaycan  öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Hər gün, hər ay bizim qələbəmizi yaxınlaşdırır. Hər ay, hər il Azərbaycan daha da güclənir, Ermənistan daha da zəifləyir. Bunu artıq bu məsələ ilə məşğul olan bütün maraqlı qurumlar, ölkələr də görür, bilir.  Tarixin gedişatı, inkişafı belədir ki, Azərbaycan ilə  rəqabət aparmaq Ermənistan üçün mümkün olmayacaqdır. Onların əsas ümidi xarici qüvvələrə, erməni lobbisinə, onun havadarlarına və bəzi başqa ölkələrin dairələrinədir.  Bizim isə ümidimiz öz gücümüzdür-Azərbaycan xalqıdır, haqq və ədalətdir, beynəlxalq hüquqdur və artan gücümüzdür. Əminəm ki, Azərbaycan ədaləti bərpa edəcək və öz ərazi bütövlüyünü təmin edəcəkdir» söyləyən dövlətimizin  başçısı İlham Əliyevin bu fikirləri   Azərbaycanın diplomatik mübarizədə qazandığı uğurlarla yanaşı, iqtisadi imkanlarımızın möhkəmlənməsi fonunda ordumuzun qüdrətinin və gücünün artmasına əsaslanır.

    Ötən  il Azərbaycan  Silahlı Qüvvələrinin yaradılmasının  100 illiyini qeyd etdik. İstər bu münasibətlə, istərsə də  Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə bağlı Azərbaycan və türk əsgərlərinin birgə paradı ordumuzun hansı imkanlara malik olduğunu bir daha dünyaya nümayiş etdirdi.

    Müstəqilliyimizin ilk illərində mövcud ictimai-siyasi gərginlik digər sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də uğursuzluqlara səbəb olmuşdu. Həmin dövrdə Silahlı Qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəçisinə çevrilməsi məlum olaylardandır. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bu sahədə də mövcud vəziyyətin yaxşılaşdırılmasına, ordunun maddi-texniki bazasının formalaşdırılmasına, gənclərdə vətənpərvərlik hissinin daha da yüksəlməsinə böyük stimul oldu. Ümummilli lider Heydər Əliyev bildirirdi: «Bizim məqsədimiz müharibə etmək deyil. Ordumuzun yaranması, formalaşması, möhkəmlənməsi yalnız və yalnız Azərbaycan Respublikasının müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını  təmin etmək üçün lazımdır.  Biz düşdüyümüz vəziyyətdən sülh yolu ilə çıxmaq istəyirik.»

  Nizami Silahlı Qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması üçün təxirəsalınmaz vəzifələrin həyata keçirilməsi, xalq-ordu birliyinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticəsini göstərir.  İqtisadi inkişafı və müdafiə qüdrəti ilə regionda fərqlənən bir ölkəyə rəhbərlik edən, ulu öndər  Heydər Əliyevin siyasətinə sadiqliyini atdığı hər bir addımında təsdiqləyən,  Ali Baş Komandan İlham Əliyevin  hərbi gücümüz barədə söylədiyi qətiyyətli fikirlər,  keçirilən hərbi paradlarda  nümayiş etdirilən ən müasir hərbi texnika, döyüş silah və sursatı  bir daha belə əminlik yaradır ki,  biz hərb istəmirik, amma hərbə hər an hazırıq. Aparılan sülh danışıqları səmərə verməyəcəyi təqdirdə Azərbaycan işğal altında olan torpaqlarını hərb yolu ilə azad etmək gücündədir. Azərbaycanın güclü, peşəkar ordusu var. Azərbaycan gəncləri hesabına formalaşmış və mükəmməl  nizami ordu kimi tanınan Azərbaycan Silahlı Qüvvələri hərbi hazırlıq və müasir texnikanı idarə etmək bacarığı baxımından bölgədə fərqlənir. Möhkəmlənən iqtisadi imkanlarımız hesabına  daha da təkmilləşən Azərbaycan Silahlı Qüvvələri  müasir texnika ilə təchiz edilib, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik bir quruma çevrilib. Müasir hərbi texnika, silah-sursatla təchiz olunmuş mükəmməl ordunun formalaşması Vətənə, xalqa xidmət və sədaqətdən qaynaqlanır. Milli kadrlar hesabına möhkəmlənən ordumuzda xidmət  edən zabitlərin əksəriyyətinin  ulu öndər Heydər Əliyevin  yaratdığı və Azərbaycanın hərb tarixində xüsusi yeri olan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları, quru qoşunlarının, hərbi hava və hərbi dəniz qüvvələrinin məzunlarıdırlar. Prezident İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanışlıq zamanı bildirmişdir: «Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bizim ordumuzun gücü, döyüş qabiliyyəti, peşəkarlığı artır. Bu gün ordumuz ən yüksək səviyyədədir. Ulu Öndərin misilsiz xidmətləri Azərbaycan xalqının qəlbində daim yaşayır. Biz onun işini davam etdiririk. Ordu quruculuğu prosesi uğurla, sürətlə gedir. Müasir səviyyədə işlər görülür, hərbi texnika alınır, döyüş qabiliyyəti artır. Bir sözlə, bu gün Azərbaycan Ordusu öz gücünü göstərir və göstərməlidir. Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib və biz hər an hazır olmalıyıq ki, doğma torpaqlarımızı işğalçılardan azad edək. Əminəm ki, bu gün gələcək və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək. Bizim imkanlarımız artır, maddi vəziyyətimiz yaxşılaşır, orduya lazım olan texnika, silah-sursat alınır, gətirilir. Bir sözlə, biz bütün bu işləri ona görə edirik ki, daha güclü orduya malik olaq və öz ərazi bütövlüyümüzü bərpa edək. Azərbaycan bu gün bütün sahələrdə uğurla inkişaf edir. Əminəm ki, bu inkişaf dayanıqlı olacaq.»

       Müdafiə qüdrətimizin artırılmasını Azərbaycan dövlətinin daxili məsələsi olduğunu bir daha diqqətə çatdıran  cənab İlham Əliyevin vurğuladığı kimi, ölkəmizdə ordu quruculuğu prosesi uğurla gedir: «Bu gün Azərbaycanda nizami ordu vardır. Mən hərbi hissələrə tez-tez gedir, vəziyyətlə tanış oluram. Tam məsuliyyətlə deyə bilərəm ki, bu gün Azərbaycan Ordusu çox yüksək səviyyədədir. Ordumuzda peşəkarlıq, döyüş qabiliyyəti artır, Silahlı Qüvvələrdə ruh yüksəkliyi vardır.»

Son illərdə artan maddi imkanlarımız hesabına  ordunun maddi-texniki bazası möhkəmlənmiş,  hərbçilərin yaşayış və məişət məsələlərinə, sosial müdafiəsinə diqqət artırılmışdır. Azərbaycan gəncliyinin hamisi kimi  yeni nəslin nümayəndələrinin fiziki cəhətdən sağlam, müasir dünyagörüşlü, beynəlxalq  tələbələrə uyğun idarəetmə bacarığına yiyələnmələrinə diqqətlə yanaşan,  imzaladığı Dövlət proqramları ilə ölkə əhalisinin 40  faizini təşkil edən gənclərin sosial müdafiəsinin möhkəmləndirilməsi üçün geniş imkanlar yaradan cənab İlham Əliyev Ali Baş Komandan kimi   gənclərin hərbi xidmət zamanı göstərdikləri nizam intizam və  hazırlıqlarından məmnun qalır: «Mən çox şadam ki, gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alırlar. Gənclərimiz bizim ümidimizdir. Gələcəkdə ölkəmizi onlar idarə edəcəklər. Mən çox şadam ki, orduda xidmət edən gənclər Vətənə bağlı olan insanlardır.»

      Qeyd etdiyimiz kimi, ənənəvi keçirilən hərbi paradlar,  müdafiə sərgiləri, həmçinin sorğular da deyilənləri təsdiqləyir. Belə ki, ötən il keçirilən  “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi  regionda ən böyük silah və hərbi texnika ekspozisiyalarından biri olmaqla yanaşı, müasir silah və avadanlıqların, o cümlədən Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişi  oldu. Sərgiyə ildən-ilə marağın artması, yeni dövlətlərin, şirkətlərin qoşulması Azərbaycanın regionda mühüm strateji əhəmiyyətini bir daha təsdiqlədi. Ölkəmizin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün  qarantı olan Silahlı Qüvvələrimizin  mövcud potensialının,  müdafiə sənayesinin yeniliklərinin təqdimatı kimi dəyərləndirilən sərgidə bir daha qeyd olunmuşdur ki, bu gün ölkəmiz müasir və keyfiyyətli hərbi təyinatlı məhsulların istehsalçısı kimi dünyada tanınır. Qazanılan nailiyyətlər istehsal edilən rəqabətədavamlı məhsulların dünya bazarına çıxarılmasına şərait yaradıb.

      Məlum olduğu kimi, ABŞ-ın  “Global Firepower” təşkilatı mütəmadi olaraq  dünya ölkələri ordularının gücü ilə bağlı hesabat açıqlayır.  Builki hesabatda bildirilir ki, Azərbaycan Silahlı Qüvvələri gücünə görə Cənubi Qafqazda birinci, dünyada 52-ci yerdədir.  Müqayisə üçün  qeyd edilir ki, təşkilatın 2015-ci ildə hazırladığı hesabatda Azərbaycan Ordusu  64-cü,  2016-cı il  hesabatında  60-cı, 2017-ci il hesabatında isə 59-cu yerdə qərarlaşıb.  O da bildirilir  ki, reytinq dövlətin adi silahlar, iqtisadi güc, sərhədinin ölçüsü, özünütəmin etmək (neft kimi təbii ehtiyatlar), su mənbələrinə yaxınlıq və s. amillər  əsasında hazırlanır. Bundan başqa dövlətin hərbi güc  reytinqi  hərbi büdcənin miqdarı, canlı qüvvənin, tankların, təyyarələrin, sualtı qayıqların, aviadaşıyıcıların sayı və inteqrasiya göstəricisinə əsasən müəyyənləşdirilir. Azərbaycanın bu göstəricilər üzrə uğurları göz qabağındadır. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycanın hərbi büdcəsi işğalçı Ermənistanın ümumi büdcəsinə bərabərdir.

    Göründüyü kimi,  Azərbaycanın diplomatik qələbədə qazandığı uğurlar, həmçinin  iqtisadi  imkanlarına uyğun olaraq ildən-ilə artan hərbi qüdrəti, gücü bir daha bu  əminliyə əsas verir ki,  üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil. Aprel döyüşləri, Naxçıvan qələbələri Azərbaycan əsgərinin döyüş ruhunun, torpaqlarımızı işğaldan azad etmək qüdrətinin, ən əsası vətənpərvərlik hissinin nə qədər böyük olduğunun göstəricisidir.

  Regionda sülhün, təhlükəsizliyin qarantı kimi dəyərləndirilən Azərbaycan-Gürcüstan-Türkiyə birliyi, həmrəyliyi   bu sahədə də atılan birgə addımlarda özünü qabarıq şəkildə büruzə verir. Bir müddət öncə  Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirləri arasında keçirilən görüşlər, Naxçıvanda Türkiyə-Azərbaycan Silahlı Qüvvələrinin «Sarsılmaz qardaşlıq-2019» adlı birgə döyüş atışlı taktiki təlimləri,  həmçinin sentyabrın 2-dən 6-dək davam edəcək «Eternity-2019» adlı hərbi təlim deyilənlərin təsdiqidir. Regional əməkdaşlığa davamlı töhfələri ilə dünyanın diqqətində olan bu üçlük beynəlxalq  təşkilatlarda da birlik, həmrəylik nümayiş etdirərək, bütün münaqişəli məsələlərin beynəlxalq hüqüqün norma və prinsipləri çərçivəsində ədalətli həllinin tərəfdarı oldluqlarını bəyan edirlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan və türk əsgərlərinin möhtəşəm paradında səsləndirdiyi bu bəyanatı bir daha yada xatırlatmaq istərdik: «Biz bu gün burada yalnız Qafqaz İslam Ordusunun və azərbaycanlı qardaşlarımızın dillərdə dastan olan mübarizəsi ilə Bakının işğaldan azad olunmasının 100-cü ildönümünü qeyd etmirik, eyni zamanda, əziz şəhidlərimizin bizə əmanəti olan “Bir millət, iki dövlət” deyə rəmzləşdirdiyimiz qan qardaşlığımızı da dərk edirik. Azərbaycanın sevinci, bizim sevincimizdir, qüruru bizim qürurumuzdur, dərdi, ağrısı, problemi də bizim problemimizdir. Azərbaycan kədərlənərsə biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik. Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsi bizim üçün də eyni dərəcədə ağrılı problemdir. Türkiyə olaraq problemin həlli üçün Azərbaycanın göstərdiyi səyləri sonadək dəstəkləməyə davam edəcəyik… Türkiyə əsgərləri bu gün burada Azərbaycan əsgərləri ilə çiyin-çiyinə bundan 100 il əvvəl birlikdə qazanılan böyük qələbənin ildönümünü qeyd edirlər. Bu bayram gələcək nəsillərə ötürəcəyimiz ən böyük ərməğandır. Bir əsr əvvəl bu torpaqlarda minlərlə şəhidimizin qanı ilə yazılan dastanın unudulmasına və unutdurulmasına qətiyyən imkan verməyəcəyik.» Tədbirdə bu əminlik də ifadə olunmuşdur ki, hər iki ölkənin gəncləri birgə tariximizdən  nəticə çıxaracaqlar.

   Yeganə Əliyeva, «İki sahil»