06 sentyabr 2019 11:57
2466

Dövlətimiz bir çox sosial proqramlar reallaşdırır

Ona görə də həm müavinət, həm ünvanlı sosial yardım, həm də ailələrə dəstək proqramları paralel icra oluna bilməz

Prezident İlham Əliyevin 2019-cu ili “sosial inkişaf ili” kimi səciyyələndirməsi ölkə vətəndaşlarında öz həyatlarına, gələcəklərinə böyük bir inam yaradan ciddi amilə çevrilib. Ən başlıcası isə cənab Prezidentin imzaladığı sosial proqramların sürətlə və ardıcıllıqla reallaşması insanlarda öz rəhbərinə olan etimadı daha da artırmışdır. Xatırladaq ki, 2019-cu ilin 8 ayında Prezident İlham Əliyevin imzaladığı Sərəncam və fərmanların 75-80 faizi məhz sosialyönümlü olmuşdur. Burada ən diqqətçəkən məqam, hətta deyərdim ki, xarici ölkə iqtisadçılarının da heyranlığına səbəb olan məsələ 6 ay ərzində minimum əməkhaqqının iki dəfə artırılmasıdır.

Təqdirəlayiq haldır ki, Prezident İlham Əliyevin 2019-cu ilin iyunun 18-də minimum əməkhaqqının 250 manat məbləğində müəyyən edilməsi haqqında verdiyi Sərəncam nəticəsində 950 min insanın maaşı artacaq. Bu Sərəncam 350 min nəfər özəl sektorda, həmçinin 600 min dövlət sektorunda çalışan ölkə vətəndaşlarına şamil ediləcəkdir. Dövlət sektrorunda çalışan və Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alanların da orta əməkhaqqı təxminən 270 manatdan 350 manata qədər artacaq. Bütövlükdə minimum əməkhaqqının artırılması üçün dövlət büdcəsindən 780 milyon manat əlavə vəsait xərclənəcək.

Bu gün Azərbaycanda minimum əməkhaqqı yaşayış minimumundan 40 faiz yuxarıdır. Bu da o deməkdir ki, minimum əməkhaqqının artırılması ilə insanlar yoxsulluq həddindən uzaqlaşacaqlar. Bu, əhali arasında sosial bərabərsizliyin qarşısını alır və sosial ədaləti daha da gücləndirir. Minimum əməkhaqqı artanda azgəlirli insanların maaşları da yüksəlir.

Bu reallıqdır ki, ölkəmizdə siyasi, iqtisadi-sosial islahatlar ilbəil daha da dərinləşir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımlardan biri yeni iş yerlərinin yaradılmasıdır.  Ümumilikdə son 15 ildən artıq dövrdə 1 milyon 900 min yeni iş yeri açılıb. İşsizlik və yoxsulluq səviyyəsi 5 faizdir. Bu əminlik beynəlxalq maliyyə qurumlarının proqnozlarında da öz əksini tapıb ki, Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrindən dövlət büdcəmizə milyardlarla dollar vəsait daxil olacaq, ən əsası inkişaf tempi bu şəkildə davam edərsə, yaxın zamanlarda yoxsullq həddi heçə enəcək. Dövlətimizin başçısı İlham Əliyev 2003-cü ildə Prezident seçildikdən sonra keçirilən andiçmə mərasimində yoxsulluq kimi sosial bəlanın aradan qaldırılmasını qarşıya mühüm vəzifə kimi qoymuşdu. Son 15 ildə yoxsulluq səviyyəsinin 49 faizdən 5 faizə enməsi müsbət göstərici olmaqla yanaşı, bu reallığın da təsdiqidir ki, həyata keçirilən siyasətin önündə insan amili dayanır. Azərbaycan brendi kimi dünyada tanınan “ASAN xidmət”, ABAD, DOST və s. kimi biri-birindən önəmli layihələr əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, şəffaflığın artırılmasına, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsinə, habelə süründürməçilik hallarının qarşısının alınmasına və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.

Prezident İlham Əliyev daim bu məqsədi qarşıya qoyur ki, qarşıdakı ilin dövlət büdcəsi arxada qalan ilin büdcəsindən kəmiyyət və keyfiyyət baxımından üstün olmalıdır. Həmişə qürurla qeyd edildiyi kimi, Azərbaycan son illərdə özünü dünyaya sosial dövlət kimi təqdim edib. Özünüməşğulluğun təminatı, ailə təsərrüfatlarına asan dəstəyin göstərilməsi öz növbəsində işsizliyin və yoxsulluğun səviyyəsinin aşağı salınmasına, əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eyni zamanda, ölkənin məşğulluq strategiyasının səmərəliliyinə geniş imkanlar açır. Dövlətimizin başçısı İlham Əliyevin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın əsas hədəflərindən biri də məhz işsizlik səviyyəsini 2030-cu ilədək 4 faizə, o cümlədən qadınlar və gənclər arasında işsizliyi minimum səviyyəyə endirməkdir. 2019-cu il üçün yaşayış minimumu dövlətimizin sosialyönümlü büdcəsini əks etdirir. Bu ildə yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyən edilib. Müqayisə üçün qeyd edək ki, 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilmişdir.

Bu bir xoş sosial mənzərədir ki, sürətli şəkildə, bir-birinin ardınca həyata keçirilən islahatlar və ölkənin imkanlarının genişlənməsi ilə sosial layihələrin sistemli tətbiqi Prezident İlham Əliyevin strateji sosial planlarından xəbər verir. Yəni vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi üçün cari ilin birinci yarısında iki böyük sosial paketin tətbiqi isə iqtisadi islahatların ən qısa müddətdə necə böyük bəhrə verməsinin əyani sübutudur.

Bundan başqa, ölkə əhalisinin son 10 ildə 1,7 milyon nəfər artaraq 10 milyonu keçməsi də sübut edir ki, ölkə əhalisinin sosial həyat yüksəlişi onun demoqrafik inkişafına da müsbət təsir edir. Yəni ölkəmizdə insan amilinə verilən dəyər davamlı inkişafı stimullaşdırır. “Gələcək nəsillərin inkişaf və rifah içində yaşaması bugünkü çağırışlara düzgün cavabların tapılmasından çox asılıdır” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, maliyyə imkanları artdıqca ilk olaraq sosial müdafiənin gücləndirilməsinə yönəldilir.

Son vaxtlar uşaqlar üçün verilən müavinətin bərpası məsələsi ətrafında aparılan müzakirələrdə bu kimi uğurların təhlili bir zərurət kimi ortaya qoyulur. Nəzərə almaq lazımdır ki, həm müavinət, həm ünvanlı sosial yardım, həm də ailələrə dəstək proqramları paralel icra oluna bilməz. Çünki “uşaq pulu” yuxarı məbləğdə təyin olunacaqsa, ailə avtomatik ünvanlı sosial yardım almaq imkanını itirir. Yəni ailənin gəlirləri artacaq və onlara ünvanlı sosial yardım tətbiq olunmayacaq. Müavinətlərin ailənin gəlirlərindən asılı olmayaraq hər kəsə verilməsi təklifi isə sosial ədalət prinsipinə ziddir. Gəlirləri yüksək olan ailələrə dövlət tərəfindən 50 və ya 100 manatın verilib-verilməməsi onlar üçün hissolunacaq dərəcədə təsirli olmayacaq. Halbuki həmin vəsaitin aztəminatlı ailələrin təminatına yönəldilməsi daha məqsədyönlüdür.

Əslində bir qayda olaraq uşaq pulları inkişaf etmiş ölkələrdə yüksək məbləğdə verilir və əhalinin azalmasının qarşını almaq üçün görülən stimullaşdırıcı tədbir xarakteri daşıyır. Eyni zamanda, sosialist düşərgəsinə daxil olan keçmiş ölkələrin bəzisində isə hələ də aztəminatlı çoxuşaqlı ailələrə sosial yardım məqsədilə verilir. Ona görə də həm müavinət, həm ünvanlı yardım, həm də ailələrə dəstək proqramları paralel icra oluna bilməz.

Bəs uşaq pulunun bərpa edilməsi üçün bu bəndlərdən hansı Azərbaycanda aktual deyil? Qürurla qeyd edə bilərik ki, Azərbaycanda bir neçə ay öncə 10 milyonuncu sakin dünyaya gəldi, ölkəmiz yalnız Cənubi Qafqazda deyil, bütövlükdə postsovet ölkələri arasında ən yaxşı demoqrafik göstəricilərə malikdir, əhali artımı, eləcə də əhalinin demoqrafik balansında uşaq, yeniyetmə və gənclərin faizləri yüksəkdir. Son 15 ildə əhali artımı 1.7 milyon nəfər təşkil edib. Göründüyü kimi, əhali artımının əlavə təşviq edilməsi kimi zərurət yoxdur. Bütün bununla bərabər, Azərbaycanda sosial siyasətin əsasında insan amili, azərbaycanlı ailəsinin rifahı amili durur və sosial müavinətlərin verilərkən ailədə uşaqların olması, uşaqların sayı da diqqətdə saxlanılır və ünvanlılıq prinsipi əsas götürülür.

Bir sözlə, bütün bunlar dövlətin əhalinin maddi rifahının yüksəlməsi üçün daha böyük sosial yük götürdüyünü və məsələləri köklü şəkildə həll etmək niyyətini nümayiş etdirir. Dövlətimizin başçısının cari ilin iyunun 18-də  imzaladığı ondan çox Sərəncamın əhatə dairəsi belədir: minimum aylıq əməkhaqqı 180 manatdan 250 manata çatdırılır. Dövlət qulluqçularının aylıq vəzifə maaşları 50 faiz, hərbi və hüquq mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqları 40 faiz, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşları orta hesabla 20 faiz, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşları isə orta hesabla 40 faiz artırılır.

Həmçinin Azərbaycanın bütün yaşayış məntəqələri, bölgələri müasir uşaq bağçaları, məktəblər, xəstəxanalarla təmin edilib və təmin edilməkdədir. Ölkənin tam qazlaşdırılması başa çatmaq üzrədir. Qazlaşdırma bütün ölkə ərazisini əhatə edib və bütün yaşayış məntəqələri içməli su ilə, elektrik enerjisi ilə fasiləsiz təmin edilir. Avtomobil yolları şəbəkəsi tamamilə yenilənib və bu işlər sürətlə davam edir.

Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, artan büdcə imkanları əhalinin sosial rifahının yüksəldilməsi üçün istifadə olunur. Eyni zamanda, insan kapitalının inkişaf etdirilməsi məqsədilə əlavə resurslar təhsilə, elmə yönəldilir. Azərbaycanda ötən illər ərzində insan resurslarının, insan kapitalının inkişafı naminə ciddi layihə və proqramlar həyata keçirilmiş, minlərlə gənc dövlət hesabına xaricdə bakalavr, magistr və doktorant təhsili almışlar.

Elçin Zaman,

“İki sahil”