Sentyabrın 6-da Cənubi Afrikada qadınlara qarşı zorakılıq əleyhinə daha bir izdihamlı mitinq keçirilib. AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, zərif cinsin minlərlə nümayəndəsinin iştirak etdiyi etiraz aksiyasına qatılanlar “Mənim bədənim sənin cinayət bölgən deyil!” şüarı səsləndirərək parlamentin binasına yürüş ediblər.
Keyptaun şəhərində qadınlara qarşı zorakılığın qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq qara paltar geymiş mitinq iştirakçıları hökuməti bu cinayətlərə biganə qalmaqda təqsirləndirib və qadınların qatillərinə ömürlük həbs cəzası verilməsini tələb ediblər. Onlar bildiriblər ki, lazımi tədbirlərin görülmədiyi təqdirdə hökumətə qarşı Konstitusiya Məhkəməsində iddia qaldıracaqlar.
Parlamentin qarşısında etirazçılarla xitab edən Cənubi Afrika Prezidenti Siril Ramafosa qadınlara qarşı zorakılıq halları ilə bağlı qanunlara dəyişikliklər ediləcəyi barədə söz verib. O əlavə edib ki, bu məsələ parlamentdə müzakirə olunacaq, qadınlara zorakılıq edənlər xüsusi məhkəmələrdə mühakimə ediləcək və qadın sığınma evləri açılacaq.
Qeyri-hökumət təşkilatlarının hesabatlarına görə, Cənubi Afrikada hər gün 137 qadın seksual hücuma məruz qalır. Ötən ay baş vermiş bir neçə ağır cinayət isə bütün ölkəni sarsıdıb. Cənubi Afrikanın Qadın Məsələləri üzrə naziri bildirib ki, keçən ay 30—dan çox zərif cinsin nümayəndəsi öz əri tərəfindən qətlə yetirilib.