19 sentyabr 2019 11:05
771

Paşinyanın qeyri-real vədləri, saxta “proqramları” özünə və ölkəsinə qarşı çevrilir

İşğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın yalançı vədləri bu ölkədə  onsuz da ağır olan vəziyyəti  daha da gərginləşdirib. İş o yerə çatıb ki, narazı kütlələr küçələrə, meydanlara çıxıb “Yalançı Nikol” şüarları səsləndirərək baş naziri əhalini aldatmaqda ittiham edirlər.

Ermənistanın və xarici ölkələrin KİV-lərində N.Paşinyanın ölkədəki  sosial-iqtisadi vəziyyətlə bağlı səsləndirdiyi fikirləri şərh edən erməni siyasi ekspertləri bildiriblər ki, N.Paşinyan da bundan əvvəlki hökumət başçıları kimi yalan vədlər verərək baş nazir postuna gəlib. Baş nazir isə bu dözülməz vəziyyətdən çıxış yolları aramaq əvəzinə problemin həll olunmamasını Ermənistanın ağır iqtisadi vəziyyəti ilə əlaqələndirməyə çalışır.

N.Paşinyanın yalançı vədləri indi Ermənistan parlamentində də müzakirə mövzusuna çevrilib. Belə ki, bir müddət əvvəl N. Paşinyanın Avropa Şurası Parlament Assambleyasının tribunasından son 10 ayda ölkədə 50 mindən çox yeni iş yerinin açıldığını bildirməsi,  bunun “məxməri inqilab”ın Ermənistana “bəxş etdiyi töhfə” kimi dəyərləndirməyə çalışması parlamentdə ciddi qarşıdurmanın yaranmasına səbəb olub.  “İrs” Partiyası Ermənistan Statistika Komitəsinin təqdim etdiyi sənədlərdə belə rəqəmin olmadığını və ölkədə işsizliyin tüğyan etdiyini əsas gətirərək hökumət başçısından həmin iş yerlərinin harada açıldığına aydınlıq gətirməsini tələb edib. Keçmiş prezident Serj Sarkisyanın lideri olduğu Ermənistan Respublikaçılar Partiyası da etiraz edərək N.Paşinyanı  siyasi bleflə məşğul olmaqda və əhalini yalanşı rəqəmlərlə aldatmaqda günahlandırıb.

Hazırda Ermənistan baş naziri Nikol Paşinyanın elan etdiyi “Ermənistan 2050-Strateji inkişaf sənədi” ölkədə ciddi müzakirə mövzusuna çevrilib. Erməni ictimaiyyəti, bütün siyasi ekspertlər beynəlxalq təşkilatlar tərəfindən verilən proqnozlara əsaslanaraq bu strateji sənəddə verilən vədlərin reallıqdan uzaq olduğunu bildirirlər. Məhz mütəxəssislərin dəqiq və rasional hesablamlarının sayəsində “Ermənistan 2050- Strateji inkişaf sənədi”ndə Ermənistanın maliyyə vəziyyəti ilə bağlı qeyri-real hədəflər müəyyən olunub. 

Bu sənəddə ən mühüm bəndlərdən biri işsizliyin ortadan qaldırılması ilə bağlıdır. Şübhəsiz, Ermənistanın ağır iqtisadi şəraiti və maliyyə çatışmazlığı bu günədək işsizliyin həcminin yüksək qalmasına səbəb olub. Müstəqilliyin ilk illərində təkrəqəmli işsizlik səviyyəsi, sonrakı dövr ərzində artaraq 2018-ci ildə 17,71 faiz olub. Əslində bunlar  rəsmi rəqəmlərdir. Ekspertlər isə qeyd edirlər ki, real işsizlik səviyyəsi bundan daha böyükdür. 2016-cı ildə ölkə parlamentində qeyri-rəsmi işsizlik səviyyəsinin 35 faiz olduğunu və 1 milyondan artıq vətəndaşın yoxsulluq səviyyəsindən aşağı şəraitdə yaşadığı bildirilmişdi. Hazırda Ermənistanda rəsmi statistikaya əsasən, əhalinin 4/1-i yoxsulluq səviyyəsindən aşağı vəziyyətdə yaşamaqdadır. Beynəlxalq təşkilatların  məsələ ilə bağlı  hesabatları da bunu açıq-aşkar sübut edir. Məsələn, Asiya İnkişaf Bankı öz hesabatında Ermənistandakı yoxsulluq səviyyəsini Əfqanıstan və bir sıra geridə qalmış ölkələrlə müqayisə edir.

Hazırda Ermənistanda pik nöqtəsində olan işsizlik, əməkhaqqının azlığı, ixtisas üzrə iş tapmaq və bizneslə məşğul olmağın mümkün olmaması ən ağır fəsadlara  yol açaraq ölkədəki miqrasiya dalğasını  gündən-günə genişləndirməkdədir.

İşğalçı ölkədə güclənən mühacirətin nəticəsində əhalinin sayı azalmaqda davam edir. Erməni ekspertlər qeyd edirlər ki, kütləvi köç tendensiyasının davam erməsi nəticəsində ölkənin bölgələri tamamilə boşalmaq təhlükəsi ilə üz-üzə qalıb.

Digər bir məsələ Ermənistanın dövlət borcu ilə bağlıdır. İqtisadçı ekspertlərin hesablamalıra görə  bu ölkədə dövlət borcu hər ay milyonlarla dollar çoxalır. Onların sözlərinə görə, Ermənistan bir müddət sonra tamamilə müflisləşəcək. Ümumiyyətlə, ümumi dövlət borcunun artması, Ermənistanın maliyyə resurslarına ehtiyacı olması  “Ermənistanın 2050- Strateji inkişaf sənədi”nin qeyri-real hesablamalara əsasən tərtib edildiyini göstərir. Beynəlxalq Valyuta Fondunun hesablamalarına əsasən, Ermənistanın ümumi dövlət borcunun həcminin artacağı proqnozlaşdırılır. Açıq-aşkar görünür ki, sosial-iqtisadi vəziyyəti acınacaqlı vəziyətdə olan, beynəlxalq ictimaiyyətdən maliyyə dəstəyi uman bir dövlətin, 30 ildən sonra məvacibləri 7 dəfədən çox artıracağı ilə bağlı verdiyi vədlər real vəziyyətlə əlaqəsi olmayan hədəflərdir.

Əslində Ermənistanı təmin edən ən ciddi mənbə ölkə xaricində yaşayan ermənilərdir. Belə ki, erməni diasporu və ölkə xaricinə miqrasiya edən işçilərin ölkəyə yolladıqları maliyyə vəsaitləri, onların ailələrinə yoxsulluq səviyyəsi ilə nisbi mübarizə aparmağa kömək edir. Beynəlxalq təşkilatların, o cümlədən Dünya Bankının hesabatına əsasən, 2000-2018-ci illər ərzində Ermənistana göndərilən maliyyə vəsaitləri artan xətt üzrə inkişaf edib. Vəsaitin böyük bir hissəsinin (təxminən 70 %) Rusiyada miqrant olaraq yaşayan ermənilər tərəfindən göndərilir, 2014-cü ildən etibarən köçürmələrin azalması ilə müşayiət olunur. Xarici ianələr, diasporanın və miqrantların ölkəyə köçürdükləri maliyyə vəsaitləri üzərində qurulan primitiv iqtisadi modelə görə “Ermənistan 2050-Strateji inkişaf sənədi”ndə göstərilən hədəflərə çatmaq potensialına sahib deyil.

Bu gün öz xalqını yalançı vədlərlə aldadan N.Paşinyan, eləcə də erməni icitimaiyyəti bilməlidir ki, Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyənə qədər Ermənistanın heç bir inkişaf perspektivi olmayacaq. Bu da məlumdur ki, Azərbaycanın Ermənistanı bütün beynəlxalq və regional layihələrdən təcridetmə siyasəti əvvəlki iqtidarlarda olduğu kimi, Paşinyan hakimiyyətini də sərt reallıqlar qarşısında qoyur. Əslində Ermənistanın baş naziri Nikol Paşinyanın 2019-cu il avqustun 5-də Xankəndidə “Qarabağ- Ermənistandır və vəssalam” açıqlaması və Ermənistanla Dağlıq Qarabağın birləşdirilməsini nəzərdə tutan “miatsum” deməsi də Ermənistan vətəndaşlarını yenidən hərbi ritorika ilə, “böyük Ermənistan” vədləri ilə aldatmaq niyyətindən irəli gəlir.

Bütün bunlar onu göstərir ki, N.Paşinyann reallığa uyğun olmayan, populizmə, kütlənin emosiyalarını oxşamağa hesablanan hərbi, siyasi və sosial-iqtisadi “proqramlar”ının heç bir əsası yoxdur. Bütün bu yalançı vədlər,  saxta rəqəmlər əslində hər gün keçdikcə  onun özünə və ölkəsinə qarşı çevrilir.

Zahid Rza,

“İki sahil”