24 sentyabr 2019 19:18
3776

Əli Kərimli kimdir: Partiya sədri, yoxsa trol dəstəsinin rəhbəri?

Xəyanətkarlıqdan, fırıldaqçılıqdan  və satqınlıqdan başlamış daha bir neçə mənfi titulun sahibi olan AXCP sədri Əli Kərimlinin yeni bir “istedadı” üzə çıxıb. O, Morze əlifbasından da mükəmməl gizli işarələrdən, parollardan və profillərdən istifadədə daha irəli gedib. Onun trol dəstəsi sosial şəbəkələrə çəyirtkə zəmiyə daraşan kimi qaraşıb. “Saida Saridas”, “Zimon Vusal”, “Gunel Khalilova”, “Nura Elekberova”, “Fidan Anar”, “Seva Aliyeva” və s. Düşünməyin ki, bunlar onun trollarının profilidir. Xeyr, bunlar AXCP sədri Əli Kərimlinin sosial şəbəkələrdə birbaşa özünün idarə etdiyi saxta profillərdir. Saxta profillərə qadın adlarının seçilməsinin məqsədi də daha çox izləyici toplamaqdır. Hakimiyyətə iddia edən və bəlli bir yaşı olan siyasətçinin qadın adları ilə saxta profillər yaratması hansı psixoz vəziyyətin təzahürü ola bilər? Bu məsələ müxtəlif zamanlarda gündəmə gəlib və o da bəllidir ki, Azərbaycan siyasətinə troll “şayka”sını ilk dəfə gətirən də məhz Əli Kərimli olub.

Real siyasətdə xalq tərfindən rədd edilən, yüz nəfər  tərəfdarı olmayan siyasətçi virtual aləmdə  saxta yollarla daim həsrətində olduğu  “elektorat” yaratmağa çalışır. Hərçənd, Əli Kərimli indiyə qədər ortaya çıxan bütün faktlara baxmayaraq, troll dəstəsi  saxladığını israrla təkzib edir və diqqəti öz üzərindən yayındırmaq üçün “hakimiyyətin troll dəstəsi” iddiasını ortaya atır.

Beləliklə, troll dəstəsinin rəhbəri Əli Kərimlinin özüdür, onun virtual köməkçiləri, köməkçilərinin də köməkçiləri var. Tapşırıqlar Əli Kərimli tərəfindən qapalı “WhatsApp” qrupuna gəlir, dəstə həmin tapşırığa uyğun hərəkətə keçir.

Əli Kərimlinin troll dəstəsi yaratmaqda bir neçə məqsədi var.

Birincisi, sosial şəbəkədə AXCP sədrinin statuslarına dərhal dəstək verilməli, “təsdiq” şərhləri yazılmalı və beləliklə, “çoxminli elektorat” görüntüsü yaradılmalıdır.

İkincisi, hakimiyyətin bütün fəailiyyəti ləkələnməli, görülən real işlərlə bağlı istənilən informasiya qaralanmalı və təhqirli şərhlər yazılmalıdır. Üçüncüsü, Əli Kərimliyə qarşı çıxan hər kəs, hətta AXCP üzvləri belə ən pis söyüşlərə “qonaq” edilməlidir.

Fuad Qəhrəmanlının qızı Selcan Yağmura qarşı “troll hücumu” və ən ağır söyüşlər təsdiqlədi ki, Əli Kərimli üçün heç bir silahdaş, yaxud yoldaş qiymətli deyil, əsas olan onun siyasi eqosudur.

İndiyə qədər AXCP funksionerləri Əli Kərimlinin “troll siyasəti”ni ifşa edən saysız-hesabsız açıqlamalar veriblər. Hətta trolların özləri bezdiklərini açıqca bildiriblər.

Partiyanın Nərimanov rayon şöbəsinin təşkilati məsələlər üzrə keçmiş şöbə müdiri Ağaşirin Tanrıverdioğlu bir müddət əvvəl partiya funksionerlərinin gün ərzində 5-6 kompyüter vasitəsilə yüzlərlə saxta profili idarə etdikləri faktı açıqlamışdı: “Bir adamın üzərinə getmək lazım gələndə birbaşa Əli Kərimli tərəfindən tapşırıq verilir. Vaxtilə İsa Qəmbər, Əli Kərimli və İlham Əliyevin namizədliyi ilə bağlı internetdə sorğu keçirirdilər. Yalnız bir səs vermək mümkün idi. Amma cəbhəçilər axışırdılar internetklublara. Saxta profillər yaradaraq səs verdilər. Əldə saxlanmış hazır alətlər var. Bir neçə nəfər var ki, Əli Kərimlidən əmr gözləyir. Əmr verilən kimi, hamısı hücuma keçir. Kimi “məhv etmək” lazımdırsa, onun üzərinə gedirlər. Üzvlər konkret şəxslər tərəfindən bölünüb. İyrəncliklərə gedən üzvlərdən ibarət qruplar yaradılıb. Sosial şəbəkələrdə bu işə birbaşa Kərimlinin özü nəzarət edir. Özünün də evdə 5-6 kompyüteri var. Ayrı-ayrı adlarla statuslar yazırlar. “Fake” profillər isə kifayət qədər çoxdur. Rəyasət heyətində elə şəxslər var ki, əllərinin altında onlarla saxta profil var. Ümumi götürsək, hazırda Əli Kərimlinin statuslarına gələn 4-5 min “like”dən saxtaları çıxsaq, 200-300 bəyənmə ancaq olar. 70-80 faiz saxta profildir. Göstəriş Əlidən Məmməd İbrahimə gəlir. Profil sındırmaq da adi hal alıb. Onlarda xüsusi kodlar var. Onun vasitəsilə ya profili bağlayırlar, ya da oğurlayırlar”.

Əli Kərimlinin troll siyasətini ifşa edən ən sadə nümunələrdən biri də “Google” axtarış sistemidir. “Google”un axtarış sisteminin xüsusiyyəti belədir ki, ən çox axtarılan və bir-biri ilə bağlı olan ifadələri göstərir. “Google”da trol kəlməsi yalnız Əli Kərimlinin adı ilə birlikdə yazılanda çıxır.

Yayılan gizli səs yazıları və bütün digər faktlar Əli Kərimlinin trol şəbəkəsini idarə edən “feyk” siyasətçidən başqa bir şey olmadığını təsdiqləyir. Yayımladıqları isə sabun köpüyü effektini verən quraşdırma məlumatlardır. Beləliklə, siyasətçi və müxalifətçi adına iddia edən Əli Kərimlinin  kələkbazlıqla pul qazanmaqdan başqa bir işə yaramadığı aydın görünür.

Vəli İlyasov, “İki sahil”