23 sentyabr 2025 01:27
178

Azərbaycan ilə BƏƏ-nin genişlənən iqtisadi əməkdaşlığı…

Bakıda keçirlən beynəlxalq forumda dünyanın zəngin dövləti ölkəmizə yeni sərmayələr qoymaqda maraqlı olduğunu göstərdi

Bakıda daha bir beynəlxalq tədbir keçirilir. Bu, Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumudur. Forum çərçivəsində iqtisadi əməkdaşlığa dair xeyli müzakirələr və fikir mübadilələri aparılmaqla yeni əməkdaşlıq variantları təklif edilib. Xüsusilə ölkəmizin Bərləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə iqtisadi əməkdaşlığına dair çox əhəmiyyətli sənədlər imzalanıb. Belə ki, Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya forumunun plenar sessiyası çərçivəsində Azərbaycan Baş nazirinin müavini Samir Şərifov və Birləşmiş Ərəb Əmirliyinin investisiya naziri Muhəmməd Həsən əs-Suveydinin iştirakı ilə Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin “Modon Holding”i arasında “Şəhər daxilində şəhər” (“City within a City”) konsepsiyasının inkişafına dair əməkdaşlıq müqaviləsi imzalanıb. 

Böyükşor gölü ətrafında müasir sahilyanı zonanın
yaradılması məqsədilə
5 milyard dollarinvestisiya yatırılacaq 

Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Modon Holding”in sədri Cəssəm Muhəmməd Bu Ataba əz-Zəəbi imzalayıblar.

5 milyard dollaradək investisiya yatırımı nəzərdə tutan konsepsiya Böyükşor gölü ətrafında sağlamlıq, ticarət, təhsil və mehmanxana obyektlərini əhatə edən müasir sahilyanı zonanın yaradılmasını nəzərdə tutur.

Daha sonra Azərbaycan Respublikasının Baş nazirinin müavini Samir Şərifov, iqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə ölkəmizdə dəniz suyunun duzsuzlaşdırılması layihəsi ilə bağlı bir sıra sənədlərin imzalanma mərasimi keçirilib. Tədbir zamanı aşağıdakı sənədlər imzalanıb:

Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodunun layihələndirilməsi, tikintisi, maliyyələşdirilməsi, istismarına dair Dövlət-Özəl Tərəfdaşlığı Müqaviləsi - sənədi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin baş icraçı direktoru Marco Arçelli imzalayıblar.

Təmizlənmiş suyun alqı-satqısı üzrə Su Satınalma Müqaviləsi - sənədi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Tahir Xəlilov və Marco Arçelli imzalayıblar.

Torpaq Sahəsinin İcarəsinə dair Müqavilə - sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov və Marco Arçelli imzalayıblar.

Dövlət Zəmanəti Müqaviləsi - sənədi maliyyə naziri Sahil Babayev və Marco Arçelli imzalayıblar.

Dəniz suyunun duzsuzlaşdırılması layihəsi İqtisadiyyat Nazirliyi tərəfindən dövlət-özəl tərəfdaşlığı çərçivəsində ölkəmizdə icrası nəzərdə tutulan ilk pilot layihədir. Layihə çərçivəsində Sumqayıt Sənaye Parkında tikiləcək zavodda dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı həyata keçiriləcək. Gündəlik 300 min kubmetr məhsuldarlığa malik layihənin dəyəri 407 milyon dollar təşkil edir. Müqaviləyə əsasən zavodun layihələndirilməsi, tikintisi və 25 il müddətində istismarı “ACWA Power” tərəfindən həyata keçiriləcək.

Layihə Abşeron yarımadasının içməli suya artan tələbatını təmin etmək, şirin su mənbələrini şaxələndirmək məqsədilə həyata keçirilir. Hədəf dövlətin içməli su təchizatında yükünü azaltmaq, bu sahədə beynəlxalq təcrübəni və texnologiya transferini stimullaşdırmaq, iqtisadiyyata xarici sərmayələri cəlb etmək məqsədlərimiz sırasındadır.

Xatırladaq ki, Azərbaycanla BƏƏ arasında dostluq və əməkdaşlıq münasibətləri iqtisadai tərəfdaşlığın da inkişafına yeni təkan verir. Məsələn, 2025-ci ilin sentyabrın 16-da Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın ölkəmizə səfəri əhəmiyyətli hadisələrlə yadda qaldı. Azərbaycan Prezidenti İlham Əliyev BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı Şuşa şəhərində qəbul etdi. Burada təkbətək və geniş tərkibdə görüşlər keçirilməklə iki ölkə arasındakı iqtisadi-ticari əlaqələrin daha genişlənməsinə dair fikir mübadiləsi aparıldı. Səfər zamanı Azərbaycanla BƏƏ arasında imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə xüsusi əhəmiyyətə malikdir. Bu, iki ölkənin siyasi əlaqələrini ən yüksək zirvəyə qaldıran bir sənəddir.

Ümumiyyətlə, Azərbaycanla, BƏƏ hər zaman beynəlxalq təşkilatlarda bir-birlərini dəstəkləyiblər. Eyni zamanda, iki ölkə arasında qarşılıqlı sərmayə qoyuluşu yüksək səviyyədədir. Xüsusilə neft-qaz sahəsində əməkdaşlıq dərinləşir. Bundan əlavə, BƏƏ-nin şirkətləri ölkəmizdə bərpaolunan enerji mənbələri sahəsində əsas invevtorlarımızdandır. Azərbaycanda istifadəyə verilmiş birinci Günəş Elektrik Stansiyasının tikintisi və investisiyaları bu ölkənin bizə dəstəyi nəticəsində mümkün olmuşdur. Hazırda Azərbaycan BƏƏ-yə məxsus digər investisiyayönümlü layihələri dəyərləndirir.

BƏƏ-nin “Masdar” şirkəti SOCAR ilə bərpaolunan enerji sahəsində ilk layihəsini həyata keçirəcək. Belə ki, Azərbaycanla Avropa arasında imzalanmış analaşma memorandumlarına görə, Azərbaycan Avropaya həm elektrik enerjisi, həm də “yaşıl hidogen” ixrac edəcək.

“Masdar” rəsmisi bildirib ki, ötən illərdə Bakının Ələt qəsəbəsi yaxınlığında yerləşən 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının maliyyələşdirilməsinə nail olunub: “Biz bu stansiyanı uğurla inşa etməyə çalışırıq. 2022-ci ildə imzalanmış müqaviləyə əsasən, birinci mərhələdə 4 QVt, ikinci mərhələdə isə 6 QVt gücündə enerji istehsalı təmin olunacaq. 4 QVt gücünün 2 QVt-ı inteqrasiya edilmiş külək enerjisi, 1 QVt-ı günəş enerjisi, 1 QVt-ı isə külək enerjisinin payına düşür”.

Qeyd edək ki, SOCAR ilə “Masdar” şirkəti arasında Azərbaycan 2 QVt gücündə Dənizdə Külək və Hidrogen Layihələrinin işlənməsinə dair Birgə İşlənmə Sazişi, həmçinin 1 QVt gücündə Günəş Fotovoltaik və 1 QVt gücündə Quruda Külək Layihələrinin işlənməsinə dair Birgə İşlənmə Sazişi imzalanıb.

Ölkəmizdə 2030-cu ilə qədər elektrik enerjisi istehsalı gücündə bərpaolunan enerji mənbələrinin payının 30 %-ə çatdırılması hədəflənir. Sözügədən Sazişlər Azərbaycanla BƏƏ arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə, habelə Azərbaycanda istixana qazı emissiyalarının azaldılmasına, bərpa olunan enerji mənbələrinin və ölkənin davamlı iqtisadi inkişafına töhfə verəcək.

Rəsmi statistikaya görə, BƏƏ ilə Azərbaycan arasında münasibətlər ötən onilliklər ərzində ardıcıl inkişaf etmişdir və xüsusilə də qeyri-neft sektorunda ticarət dövriyyəsi 2024-cü ildə 2,24 milyard dollara qədər artmışdır. Hazırda ölkələrimiz arasında ticarət və investisiya sahəsində əməkdaşlığın inkişafı üçün bir sıra mexanizmlər tətbiq olunur, Azərbaycanın BƏƏ-də ticarət nümayəndəsi və Dubayda Azərbaycan Ticarət Evi fəaliyyət göstərir. Ölkəmiz Birləşmiş Ərəb Əmirliklərində təşkil edilən investisiya forumlarının fəal iştirakçılarındandır. Eyni zamanda, hər iki ölkənin Dördüncü Sənaye İnqilabı Mərkəzləri şəbəkəsinə qoşulması bu sahədə əməkdaşlıq üçün yeni perspektivlər açır.

Onu da xüsusçi vurğulamaq lazımdır ki, BƏƏ-də milli gəlirin 80 faizdən artığı neft və qaz sənayesinin, qalanları isə digər sənaye sahələrinin payına düşür. Neft axtarışı və çıxarılması ilə xarici şirkətlər məşğul olur. Onların fəaliyyətinə əmirliklərin dövlət şirkətləri nəzarət edir. Ölkənin milli sərvəti sayılan neftin aşkar edilmiş ehtiyatı 2005-ci ilin məlumatlarına əsasən təqribən 12,95 mlrd. ton və ya dünya neft ehtiyatının 10 faizini təşkil edir. Əgər ölkədə indiki həcmədə neft və qaz çıxarılsa bu ehtiyatlar XXII əsrin əvvəllərinə qədər kifayət edər. Neft ehtiyatları başlıca olaraq Dubay və Abu-Dabi əmirliyində cəmlənmişdir. Ölkədə hər il 65-70 mln. ton neft çıxarılır. Neft hasilatının 95 faizi iki əmirliyin Abu-Dabi (75 faiz) və Dubayın (20 faiz) payına düşür. Neft ixracatından əldə edilən gəlir onun dünya bazarındakı qiymətlərindən asılı olaraq dəyişir. Ölkədə ümumi gücü ildə 11 mln. tondan artıq olan neftemalı müəssisəsi fəaliyyət göstərir. Birləşmiş Ərəb Əmirlikləri OPEK-in (neft ixrac edən ölkələrin təşkilatı) digər üzvləri kimi neft ehtiyatlarından səmərəli istifadə edir.

 BƏƏ-də “Azad İqtisadi Zonalar” (AİZ) səmərəli və gəlirli bir sahəyə çevrilib. Belə ki, Cəbəl-Əli liamının müasir səviyyədə təchizatı, qiymətlərin, o cümlədən su və enerji təminatının ucuzluğu, fəhlə qüvvəsinin bolluğu AİZ-lərin əsas üstünlüyüdür. Cəbəl-Əli “Azad İqtisadi zonasının” (AİZ) ixtisaslaşmasında ticarət-kommersiya əməliyyatları (74 faiz), sənaye (22 faiz) və xidmət sahələri üstünlük təşkil edir. Cəbəl-Əli AİZ-nın qısa müddətdə əldə etdiyi nailiyyətlər BƏƏ hökumətini yeni AİZ-lar yaratmağa sövq edir. İndii ölkədə 9 AİZ fəaliyyət göstərir. Bu göstəriciyə görə o, Ərəb ölkələri sırasında birinci yeri tutur.

Elçin Zaman, “İki sahil”