11 oktyabr 2019 19:19
1919

Su böhranı və ekoloji təhlükə

Bu gün haqqında söz açdığımız  sərvət- su yaradıcı və həyatverici bir qüvvədir. Suyun öyrənilməsi və qorunması müəyyən mənada kainat qanunlarının öyrənilməsi deməkdir. Bu sərvətin qorunmasında hamımızın payı var. Ümumiyyətlə, planetimizin dörddə üç hissəsini tutan su həyatın beşiyi sayılır. O, həm də güclü geoloji amil olaraq əsas geoloji proseslərin gedişinə təsir göstərir.

Qeyd edək ki, dünyada gedən elmi-texniki tərəqqi dövründə insanın təbiətə qarşı etinasız münasibətləri nəticəsində Yer üzərində ekoloji vəziyyət son dərəcə pisləşdiyindən insanın mövcudluğu üçün yaşam tərzi təhlükə altındadır. Ətraf mühitin dünyada gedən qlobal, təbii, yad və texnogen proseslərdən mühafizəsi üçün kompleks tədbirlərin görülməsi, riskin azaldılması ümdə məsələyə çevrilmişdir. Bəzi su tutarlarında suyun tərkibinin çox pisləşməsi onu  insanın bir növ düşməninə çevirmişdir. Bir çox yerlərdə infeksiyon xəstəliklərin səbəbi içməli su götürülən açıq və qapalı mənbələrdə, o cümlədən də suyun tərkibində xəstəlik törədicilərin çoxalmasıdır.

Son dövrlərdə dünyada gedən qlobal istiləşmələr, qasırğalar, zəlzələlər, subasmalar və sair təbii və texnogen proseslər bəşəriyyətin həyatı üçün çoxlu ağır təhlükələr yaradır. Belə ki, Avropanın bir çox yerlərində, o cümlədən də Almaniyada qızmar və quru  keçən yay fəsli səbəbi ilə su səviyyələri ən aşağı yerdədir. Bu problem bütün iqtisadiyyata təsir göstərir.

Onu da qeyd etmək yerinə düşər ki, Almaniyanın daxili su yolları iqtisadi arteriyalar kimi xidmət göstərir. Onlar vasitəsilə Almaniyanın dəniz limanlarından daxili ərazilərə milyonlarla avro dəyərində məhsul nəql olunur. O da məlumdur  ki, bu il suların səviyyəsi tarixi baxımdan bir çox böyük sahələrdə, ölkələrdə çox aşağı, bəzi hallarda hətta 20 sm-dən belə az olub.

Ekvatorun mərkəzində yerləşən Afrika qitəsində də qlobal su böhranı artıq öz təsirlərini göstərir. Oksukputu, Benue, Nigeria Wateraid.org saytının məlumatlarına görə 57 milyon insan Nigeriyada təmiz və saf sudan məhrumdur.

Hamımıza məlumdur ki, arid iqlimin hökm sürdüyü bir çox yerlərdə güclü istiləşmələr baş verir. Həmin sahələr regional quraqlıq zonalarına çevrilir. Səhralaşma prosesi hökm sürür. Planetimizdə həyat üçün ən kritik resurs sayılan su əhalinin artması və enerjiyə tələbat, dəniz səviyyəsinin qalxması və buzlaqların əriməsi kimi incə amillərin balansından asılıdır.

Son illərin statistikası onu göstərir ki, dünyada günü-gündən dərinləşən qlobal su böhranı problemi öz həyəcan təbilini çalır. Bunları biz alimlərin, mütəxəssislərin, insanların, ən əsası  dünyanı gəzən fotoqrafların çəkdikləri ağır məzmunlu fotoşəkillərdə görürük. Onu da qeyd edim ki, fotoqraflar diqqəti problemə istiqamətləndirmək imkanına malikdirlər. Fotoşəkillərdəki su və sivilizasiya arasında müvazinətsizlik probleminin təhlili dünyanı, ətraf mühiti və insanları vəhdətdə qavramağa imkan verir. Bu təhlükəyə qarşı bir olmağa onu aradan qaldırmaq üçün hansısa tədbirlərin görülməsi zərurətini bir daha ortaya qoyur.

Dünyanı bürüyən qlobal su böhranı bizdən bu gün suyun ekoloji-gigiyenik baxımdan və qənaətlə istifadəsinə sivilizasiya, həyat üçün  ictimai nəzarətin güclənməsini tələb edir. Bu problem ümumi bəşəri problemdir. Təbiəti yaşadan su üçün, o cümlədən də yaşamaq üçün susmamalı, mövqeyimizi bir bəşər övladı kimi bildirməli, mühafizəkar olmalıyıq.

Bu problemlərlə hər bir ölkədə olduğu kimi   Azərbaycanda da var. Bildiyimiz kimi, 1992-ci ildən Ermənistanın  hərbi təcavüzü nəticəsində 17 min kv.km torpaqlarımız düşmən tərəfindən zəbt olunub, 900 yaşayış məntəqəsi dağıdılıb, məhv edilib. Xalq təsərrüfatında on minlərlə iri sənaye, təhsil müəssisələri viran qoyulub. 700 min nəfərdən çox məcburi köçkünümüz vardır.

Məlumat üçün qeyd edək ki,  Cənubi Qafqaz ölkələri ilə müqayisədə Azərbaycanın  su resursları  həmin regionun 15 faizini təşkil edir. Respublikamızın su resursları qonşu Gürcüstandan 7.7-8.3 dəfə və Ermənistandan isə 3 dəfə azdır. Su ilə təmin olunmaq baxımından dünyanın su ilə az təmin olunan regionuna aid olub hər kv.km əraziyə təxminən 100000 kub.m , hər adambaşına isə ildə 950-1000 kub.m su düşür. Ölkəmizdə  suyun ümumi ehtiyatı 28.5-30.5  kub.km olub, quraqlıq illərində isə azalaraq 27.0-22.6  kub.km -ə enir.

Son yarım əsrə yaxın müddətdə aparılan tədqiqatlar göstərir ki, ölkəmizdən keçən Kür, Araz çayları və onların əsas qolları respublikamızdan kənarda - Gürcüstan və Ermənistan ərazilərində çirkləndirilir. Belə ki, Ermənistanın 100 faiz,  Gürcüstanın 30 faiz ərazisi,  Türkiyənin 31 min, İranın 40 min və Azərbaycanın 37 min kv.km sahəsi Kür-Araz hövzəsinə aiddir. Yəni Kür çayına 188 min kv.km , Araz çayına isə 103 min kv.km ərazidən sənaye, kənd təsərrüfatı və məişət çirkabı, müxtəlif tullantılar aiddir. Belə ki, Araz çayında yaranan gərgin ekoloji vəziyyət Kür çayından daha təhlükəlidir. Araz çayı Gümrüdən  başlayaraq Naxçıvan MR ilə sərhəd əraziyə kimi axın boyu Ermənistanın 10-dan çox sənaye şəhərlərinin məişət və sənaye çirkablarını qəbul edir. Bununla yanaşı, düşmən ərazisindən Araza qovuşan Gedərçay, Vorotan, Axuryan çayları son dərəcə zəhərlənmişdir. Onların sularında demək olar ki, oksigen olmur, turşuluq göstəricisi pH 2.4-ə enir, mikroflora 180-200 dəfə azalır, çay sahilləri boyu bitki örtüyü də məhv olur.

Ermənistanla Naxçıvan MR arasında  Arazın suyunda fenollar 220-1160 dəfə, ağır metalların duzları 36-44 dəfə (mis, molibden və s.) azot-fosfor duzları 26-34 dəfə, xloridlər 28 dəfə, neft mənşəli karbohidrogenlər 73-113 dəfə ziyansız qatılıqdan yüksəkdir. Araz çayının sol qolu Razdan suyunun çirklənmə dərəcəsinə görə Ermənistanda birinci yeri tutur. Razdan, Çarensavan, Abovyan, İrəvan şəhərlərinin sənaye müəssisələrinin çirkab suları və çayın sahilində yerləşən başqa yaşayış məntəqələrinin məişət tullantıları bu çaya atılır. 1980-ci illərdə Razdana (Zəngi çayına) buraxılan çirkab sularının orta illik miqdarı 210 milyon kub.m olmuşdur. Yay aylarında Arazda suyun səviyyəsi aşağı düşdüyü dövrdə Razdanın çirkab sularının sərfi azalmır. Nəticədə “Araz” su qoşvağı su anbarında çox təhlükəli vəziyyət yaranır. Isti hava şəraitində suyun “çirklənməsi” baş verir və balıqların kütləvi qırılmasına, fauna və floranın məhvinə səbəb olur.

Arazı ən çox çirkləndirən çaylardan biri də Oxçuçaydır. Mehri, Qacaran, Qafan və Dəstəkert dağ-mədən (metalsaflaşdırma) kombinatlarının yüz min tonlarla qatı turş suları, ağır metal duzları və başqa zərərli tullantıları Oxçuçayı hədsiz dərəcədə çirkləndirir. Ayrı-ayrı vaxtlarda suyun tərkibində misin miqdarı BHK-dan 25-50 dəfə, fenolların miqdarı isə mütəmadi olaraq normadan 6-15 dəfə artıq olmuşdur. Alüminium, sink, manqan, titan və bismut çirkləndirici elementlərə Oxçuçayda daim rast gəlinir. Ermənistandakı “Metsamor” AES-in fəaliyyəti bilavasitə Araz çayı ilə əlaqədardır. Hər sutka ərzində Araz çayına 12-16 min kub.m çirkab axıdılır. Onun gələcəkdə Araz və onun qolları üçün fəlakətlər törətməsi ehtimalı çox böyükdür.

Işğalçı  Ermənistanın çay sularına göstərdiyi “ekoloji terror” bizim su anbarlarından da yan keçməmişdir. Belə ki, böyük su anbarlarımızın bəziləri də bu gün onların nəzarəti altındadır. Bu suların ekoloji durumu günü-gündən ağırlaşır. Ağır zərərverici, orqanizmi məhvə aparan qatı, ağır maddələr bu su anbarlına axıdılır. Onlar təbiət, həyat üçün çox təhlükəli bir maddəyə çevrilirlər. Digər tərəfdən bu su anbarlarından bizə qarşı bir dağıdıcı silah kimi istifadə etmə cəhdinə malikdirlər. Bununla bağlı tez-tez siyasi jestlər edirlər. Sözügedən su anbarları haqqında aşağıdakıları qeyd etmək yerinə düşər.

Tarixdən  “Odlar yurdu”  kimi  tanınan Azərbaycanın  ərazisinin  çox hissəsi quraqlıq iqlim təşkil edir. Buna görə də quraq iqlim bölgələrində su anbarları yaradılmışdır. Bu gün bizim böyük su anbarlarından olan Sərsəng su anbarı və Xaçınçay su anbarları  Ermənistan ordusu tərəfindən 1993-cü ildən işğal olunmuşdur. Bu su anbarları 1964 və 1976-cı illərdə tikilib istifadəyə verilmişdir. Hər iki su anbarının işğalı nəticəsində onlardan istifadə edə bilməməyimiz regiona əvəzolunmaz böyük miqyasda zərər vurulmuşdur. Hazırda su anbarlarının və onun qurğularına 15 ildən artıq müddətdir ki, texniki xidmət göstərilmədiyi üçün onlar çox qəzalı bir vəziyyətdədir. Bu səbəbdən su anbarının işğal olunmuş ərazilərdə qalması coğrafi ərazinin relyef quruluşuna görə ondan aşağıda  yerləşən 700 min nəfər Azərbaycan əhalisi üçün çox ciddi təhlükə mənbəyidir. Bu təhlükə riski ilə əlaqədar olaraq Avropa Şurası    Parlament Assembleyasında “Azərbaycan sərhəd rayonunun əhalisi sudan məhrum edilmişdir” adlı qətnamə yekdilliklə qəbul olunmuşdur. Bu məsələlər bu günə qədər  öz aktuallığını qorumaqla yanaşı,  təhlükə riskini də gündən-günə artırır.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, bu günümüzün əsas çağırışlarından olan su hövzələrinin tullantılardan qorunması və təmizlənməsi hər kəsin ictimai məsuliyyəti və vətəndaşlıq borcudur.

Oktay Rzayev,

Bakı Ali Neft Məktəbinin prorektoru,
Yer elmləri üzrə fəlsəfə doktoru