16 oktyabr 2019 20:26
686

“Buta Airways” Bəhreynə birbaşa reys açır

Azərbaycanın aşağıbüdcəli aviaşirkəti “Buta Airways” Yaxın Şərqə daha bir istiqamət açır.

Aviaşirkətin mətbuat xidmətindən bildirilib ki, bu il oktyabrın 30-u və 2020-ci il martın 28-i qış cədvəlinə uyğun olaraq aviaşirkət həftədə iki dəfə - çərşənbə və şənbə günləri olmaqla Bəhreynə birbaşa uçuşlar həyata keçirəcək.

Qeyd edək ki, daha əvvəl loukoster Səudiyyə Ərəbistanının Ər-Riyad və Dammam şəhərlərinə birbaşa reyslər açıb.

Yeni istiqamətin açılması körfəz ölkələrindən Azərbaycana əlavə turist axınına şərait yaradacaq və iki ölkə arasında işgüzar əlaqələri gücləndirəcək. Yaxın gələcəkdə “Buta Airways” aşağıbüdcəli aviaşirkəti Yaxın Şərqin bir sıra digər şəhərlərinə birbaşa reyslər açmağı planlaşdırır.

Aviabiletləri aviaşirkətin rəsmi internet saytında, həmçinin aviaşirkətin satış ofislərində əldə etmək mümkündür.

Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və uçuşa 2 saat qalmış bağlanır. Onlayn-qeydiyyat bütün tariflərdə pulsuzdur.