22 oktyabr 2019 11:30
612

Regionda həyata keçirilən layihələrin çox böyük əhəmiyyəti var

Bu gün bizim regionda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri Avropa ilə Asiya arasında körpü rolunu oynayır. Bu, bizim inkişafımızın əsasını təşkil edir.

AZƏRTAC xəbər verir ki, bu sözlərı Gürcüstanın Baş Naziri Giorgi Qaxariya “Üçüncü Tbilisi İpək Yolu Beynəlxalq Forumu”ndakı çıxışı zamanı söyləyib.

Forumun əhəmiyyətini yüksək qiymətləndirən Baş Nazir deyib ki, böyük İpək Yolu layihəsinə qoşulmaqla biz bir sıra layihələrin həyata keçirilməsinə start vermişik: “Bu layihə, həmçinin “Bir kəmər, bir yol” layihəsinin reallaşması baxımından da əhəmiyyətlidir. Biz İpək Yolu çərçivəsində Avropa ilə Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunu tikmişik, digər daxili yolları əsaslı təmir etmişik. Bu gün İpək Yolunun tərkib hissəsi olan avtomagistrallar da yenidən qurulur. Bu da bizim iqtisadiyyatımızı inkişaf etdirməklə yanaşı, beynəlxalq əhəmiyyətə malikdir”.

Hökumət başçısı çıxışında irimiqyaslı enerji layihələrinin də rolunu xüsusi qeyd edib: “Bu gün Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, eləcə də TANAP və TAP kimi layihələr var. Bu magistral kəmərlər təkcə bizim regionun deyil, bütövlükdə Avrasiyanın enerji təhlükəsizliyində mühüm əhəmiyyət kəsb edir”.