23 oktyabr 2019 20:30
1511

Azərbaycanın uğurlu, dayanıqlı iqtisadi inkişafı qeyri-neft sektorunun hesabına təmin edilməlidir

Prezident İlham Əliyevin Baş Nazirin müavini Şahin Mustafayevlə görüşündə Azərbaycan iqtisadiyyatının dayanıqlığını daha da gücləndirməyə yönələn strateji hədəflər, qarşıda duran vəzifələr açıqlandı

Cari ilin doqquz ayının yekunlarına həsr olunmuş iqtisadi müşavirədə görülən işlərdən, qarşıda duran vəzifələrdən bəhs edən Prezident İlham Əliyev bildirdi ki, ilk növbədə iqtisadi inkişafı şərtləndirən islahatların əhatəsi genişləndirilməli, infrastruktur layihələrinin tətbiqinə diqqət artırılmalıdır: “Bütövlükdə Azərbaycanda iqtisadi sahədə islahatlar uğurla gedir. Beynəlxalq aparıcı maliyyə qurumları bu sahədəki fəaliyyətimizi yüksək qiymətləndirirlər. Mənim Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Valyuta Fondu və digər aparıcı beynəlxalq maliyyə qurumlarının rəhbərləri ilə çoxsaylı görüşlərim deməyə əsas verir ki, Azərbaycanda aparılan islahatlar yüksək qiymətləndirilir.”

Statistik rəqəmlər də iqtisadi inkişaf konsepsiyasında nəzərdə tutulan vəzifələrin yerinə yetirildiyini təsdiqləyir. Dövlət başçımızın neft amilindən asılılığının minimuma endirilməsi, insan kapitalına çevrilməsi tövsiyəsinə uyğun olaraq ölkədə kiçik və orta sahibkarlığın inkişafına artan diqqət rəqəmlərdə əksini tapır. Belə ki, cari ilin  ötən aylarında özəl sektorda artım 3 faizdən çox, qeyri-neft sənayesi üzrə isə 15 faiz olub. Valyuta ehtiyatları 50 milyard dollara çatıb. Dövlətin xarici borcu ÜDM-nin 17 faizini təşkil edir. İqtisadiyyata 10 milyard 146,2 milyon manat investisiya qoyulub. Sahibkarlara 130 milyon manat güzəştli kredit verilib. Artıq dünya bazarlarında mövqeyi möhkəmlənən  186 ölkə ilə ticarət əlaqələri yaradan Azərbaycanın imkanları genişlənir. Respublikanın xarici ticarət dövriyyəsi 23,5 milyard ABŞ dolları təşkil edib. Kənd təsərrüfatının  7 faizdən çox artması bölgələrdə yaradılan fermer təsərrüfatlarına göstərilən marağın nəticəsidir. İqtisadiyyatın inkişafının əsas göstəricisi olan inflyasiyanın ölkə üzrə 2 faizdən bir qədər çox olması ən inkişaf etmiş ölkələrlə müqayisədə belə sevindirici rəqəmdir.

Sosial və investisiyayönümlü olan dövlət büdcəsinin möhkəmlənməsi sosial islahatların həyata keçirilməsini də sürətləndirir. Prezident İlham Əliyevin imzaladığı və 2019-cu ilin ilk aylarından həyata keçirilən sərəncamlara uyğun hazırlanan  2 sosial paketin tətbiqi ilə  4,2 milyondan artıq insanın maddi vəziyyəti yaxşılaşıb. Minimum əməkhaqqı 250, minimum pensiya 200 manata çatdırılıb. İnfrastruktur layihələrinin həyata keçirilməsi ilə  respublika üzrə əhaliyə göstərilən nəqliyyat xidmətinin səviyyəsi yüksəlib. 9 ayda 903 kilometrdən çox avtomobil yolu çəkilib. Son illərdə məcburi köçkünlər üçün 106 qəsəbə istifadəyə verilib.

“Doing Business”in” son hesabatında biznes mühitinə görə dünya miqyasında 25-ci yerdə dayanan Azərbaycanın adı  20 ən islahatçı ölkə sırasında çəkilir.  Davos Ümumdünya İqtisadi Forumunun açıqlanan yeni hesabatında qeyd olunduğu kimi, Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter, yeni mahiyyət daşıyır. İqtisadi inkişafın əsas göstəricisi olan rəqabətqabiliyyətliliklə bağlı bir çox meyarlar üzrə də ölkəmizdə aparılan islahatlar yüksək dəyərləndirilir. 141 ölkə arasında aparılan araşdırmalara görə, respublikamız mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində dünyada 18-ci, polis orqanlarına əhali tərəfindən inamın səviyyəsinə görə 30-cu yerdədir.

“Rəhbərliyin dəyişikliklərə, yəni, islahatlara meyillilik səviyyəsinə görə biz dünyada 5-ci yerdəyik. Nəqliyyat infrastrukturuna görə 31-ci yerdəyik. Yol infrastrukturuna görə 27-ci yerdəyik. Biz keçən hesabatda 34-cü yerdə idik, indiki hesabatda 27-ci yerdəyik və MDB məkanında birinci yerdəyik. Dəmir yollarının səviyyəsinə görə 34-cü yerdəyik. Nəqliyyat xidmətlərinin səmərəliliyinə görə 12-ci yerdəyik. Elektrik enerjisinin əlçatanlıq əmsalına görə biz dünyada ikinci yerdəyik” söyləyən dövlət başçımızın bu günlərdə həyata keçirdiyi kadr islahatları göstərir ki, iqtisadi inkişafın dinamikasının sürətləndirilməsi ixtisaslı kadr hazırlığından da asılıdır. Müasir dünyagörüşlü, dünya iqtisadiyyatı ilə bağlı mükəmməl biliyə malik, savadlı gənc kadrların işə cəlbini bütün sahələr üzrə inkişafın meyarı adlandıran, “Biz XXI əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə necə gedə bilərik? Nə qədər biz təbii resurslara arxalanaraq, necə deyərlər, belə ətalət yolu ilə gedə bilərik? Düzdür, islahatlar aparılır, dediyim rəqəmlər bunun əyani sübutudur. Hər bir ölkə bu nəticələrlə öyünə bilər. Ancaq biz bilirik ki, ehtiyatlarımız çoxdur. Onu da bilirik ki, əgər hər hansı dövlət və ya özəl quruma təmiz, bilikli və Vətənə bağlı kadr gətirilirsə, biz orada dərhal dəyişiklikləri görürük” söyləyən cənab İlham Əliyev xüsusi diqqət yetirilən gənclər siyasətinin daha geniş sferada davamını qarşıya qoyur. İllərdən bəri həyata keçirilən islahatların, kadr hazırlığına yetirilən diqqətin, gənclərin idarəetmə orqanlarında irəli çəkilməsinin nəticəsidir ki, respublikamız fəal əhalinin rəqəmsal qabiliyyətinə görə 19-cu, biznesə başlamaq baxımından 8-ci yerdədir.

Xüsusilə cari ilin ilk aylarından həyata keçirilən sosial islahatların ölkə vətəndaşlarının bütün təbəqələrini əhatə etməsi birbaşa iqtisadi uğurların və artan maliyyə imkanlarının göstəricisidir.

Beynəlxalq təşkilatların respublika əhalisi arasında apardığı iqtidarın həyata keçirdiyi islahatlara münasibət sorğusunu müsbət dəyərləndirən Azərbaycan vətəndaşları rəhbərliyin apardığı siyasəti birmənalı şəkildə dəstəkləyirlər. “Əlbəttə ki, bu dəstək bizə güc verir, iradəmizi artırır və biz islahatlara daha da böyük həvəslə, daha da böyük imkanlarla meyil göstəririk, bu islahatları aparırıq. Ancaq buna baxmayaraq, əlbəttə, bir daha demək istəyirəm ki, istifadə olunmayan kifayət qədər ehtiyatlar var və biz bu ehtiyatları aşkar etməliyik. Elə etməliyik ki, Azərbaycanda hər bir sahə şəffaf olsun və ən yüksək standartlara cavab versin. Əlbəttə ki, bu məqsədə nail olmaq üçün korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalıdır” sözləri ilə vətəndaşların iqtisadiyyatın bütün sahələri üzrə ictimai nəzarətə cəlb edilməsini xalq-iqtidar birliyinin başlıca amili hesab edən cənab İlham Əliyev bütün qanunsuzluqlara qarşı birgə mübarizəni ölkədə siyasi sabitliyin təminatının başlıca amili hesab edir.

Bu günlərdə Prezident İlham Əliyevin Sərəncamı ilə respublikanın Baş Nazirinin müavini təyin edilən Şahin Mustafayevlə görüşündə Nazirlər Kabinetinin qarşısında duran vəzifələrdən, iqtisadi dayanıqlığın daha da gücləndirilməsi naminə görüləcək işlərdən bəhs edən dövlət başçımız mövcud və kifayət qədər böyük daxili ehtiyatlar hesabına qeyri-neft sektorunun inkişafını sürətləndirməyi, qeyri-neft ixracının artrılımasını əsas vəzifə kimi qarşıya qoydu. Qeyd olundu ki, Azərbaycanda kölgə iqtisadiyyatına qarşı mübarizə mütəşəkkil xarakter daşımalı, qeyri-neft sektoruna xarici sərmayənin cəlb edilməsi üçün əlavə tədbirlər görülməlidir. Vurğulandı ki, kölgədən çıxarılacaq biznes ölkənin iqtisadi göstəricilərinin reallığını əks etdirəcək . Bunun üçün isə inhisarçılığa qarşı ciddi mübarizə aparılmalı, biznesin inkişafı üçün daha sağlam, münbit şərait yaradılmalıdır. “ Hələ ki, ixracımızın əsas hissəsi neft-qaz və neft məhsulları hesabına təmin edilir. Hesab edirəm ki, Baş Nazirin müavini kimi siz bu işlərə ciddi fikir verəcəksiniz, müvafiq qurumlar arasındakı koordinasiyanı təmin edəcəksiniz” söyləyən dövlət başçımız daha keyfiyyətli və ekoloji baxımdan təmiz Azərbaycan brendlərinin dünya bazarlarına çıxarılması üçün hökumətlərarası komissiyaların işlərinin sürətləndirilməsini, investisiyaların qeyri-neft sektorunun artımına xidmət etməsini, əhalinin məşğulluq səviyyəsinin artmasını, işlə təminata diqqət yetirilməsini tövsiyə etdi. Qeyd olundu ki, Azərbaycanda istehsal olunan ixracyönümlü məhsulları xarici bazarlara çıxarmaq və satışını təşkil etmək üçün iş adamlarına  kömək göstərilməli, biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə addımlar atılmalıdır. Məqsəd və hədəf isə bəllidir: Azərbaycanın iqtisadi inkişafı demoqrafik artımı üstələməlidir.

Xuraman İsmayılqızı, “İki sahil”