17 noyabr 2025 23:36
85

Yeni Azərbaycanımızın Partiyası necə quruldu? - 33 illik çətin və şərəfli yol

21 noyabr 1992-ci ildən bizi  33 illik zaman ayırır. 33 il öncə müstəqil Azərbaycanın siyasi həyatında yeni cığır açıldı. Ulu Öndər Heydər Əliyev tərəfindən Yeni Azərbaycan Partiyasının əsası qoyuldu.

Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdı.

Təbii ki, zaman hadisələrin düzgün təhlilində və dəyərləndirilməsində zəngin mənbə rolunu oynayır. 32 il bundan öncə ölkəmizdə yaşananlar Yeni Azərbaycan Partiyasının yaranmasını zərurətə çevirdi. Bu zərurəti şərtləndirən digər amil isə xalqın istəyi oldu.

Yeni Azərbaycan Partiyasının yaranması doğrudan da tarixi hadisə idi. O vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdi. Bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdi. Belə bir vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər.

Məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Bu müraciəti ünvanlayan məşhur “91-lər” öz tarixi missiyasını şərəflə yerinə yetirdilər. Çünki məhz bu müraciət əsasında, bu müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirilmişdi. Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edirdi və onların tarixi qərarları ölkəmizin yeni səhifəsinin açılmasına gətirib çıxardı.

Xalqın böyük əksəriyyətinin arzu və istəklərini özündə ehtiva edən “91-lər”in müraciəti Azərbaycanın həyatında mühüm dönüş nöqtəsi oldu. Onların “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciəti ölkəmizin həmin dövr üçün reallıqlarının təqdimatı və bundan çıxış yolu olaraq yeni partiyanın yaradılması, zəngin idarəçilik təcrübəsinə malik Ulu Öndər Heydər Əliyevin bu partiyaya rəhbərlik etməsi zərurətinin təqdimatı idi.

Həmin müraciətdə belə bir əminlik ifadə edildi ki, Yeni Azərbaycan Partiyasına  bu gün rəhbərlik etməyə qadir olan yeganə  mütləq lider Heydər Əliyev ola  bilər.  Yalnız bu halda  yaranmaqda olan partiya  öz qarşısına qoyduğu  məqsədə çatar,  respublikanın bütün zümrələrindən olan xalq kütləsini öz ətrafında birləşdirərək  Azərbaycanın siyasi-iqtisadi həyatında mövcud olan  boşluğu doldurar, dövlət quruculuğu işlərinə layiqli töhfəsini verə bilər.  Əgər bu partiyanın bünövrəsini Heydər Əliyev  kimi güclü dövlət xadimi  qoyarsa, o, uzun  illər  xalqımızın bir necə nəsli üçün də siyasi yetkinlik məktəbi olar.

Ulu Öndər Heydər Əliyev ziyalıların müraciətinə “Yeni, müstəqil Azərbaycan uğurunda” cavabı ilə belə bir partiyanın yaradılmasına razılığını verməklə yanaşı, gələcəyinə böyük inamını ifadə etdi.

Bildirdi ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və  fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində  müraciətdə göstərilən  Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv  zərurətdən doğur.  Belə bir partiya  Azərbaycanın siyasi-ictimai həyatında  fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında  tarixi rol  oynaya bilər.

Faktiki olaraq 1992-ci ilin noyabr ayı, Yeni Azərbaycan Partiyasının yaradılması  gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra  bir il keçmədi 1993-cü ilin oktyabr ayında Ulu Öndər Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident  seçildi və ölkəmizin böhrandan çıxma prosesi başladı.

Yeni Azərbaycan Partiyasının 33 ildə keçdiyi çətin və şərəfli yol  Ümummilli Lider Heydər Əliyevin partiyanın yaradılmasının 10 illiyinə həsr olunmuş yubiley mərasimində səsləndirdiyi fikirləri bu gün  bir daha xatırlamağa çağırış edir:

“Bilirsiniz, bizim partiyanın əsası ona görə möhkəmdir, ona görə güclüdür ki, biz heç bir təsadüfi fikirlərlə yaşamamışıq.” Dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası daim irəli baxır, zamanı qabaqlayır, yeni-yeni hədəfləri reallığa çevirməklə cəmiyyətdə nüfuzunu artırır. 32 illik çətin və şərəfli yolda qazanılan zəngin təcrübə həm ölkəmizə, həm də Yeni Azərbaycan Partiyasına bundan sonra daha möhtəşəm uğurlar, zəfərlər qazandıracaq”.

Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi xəttini uğurla və ardıcıl davam etdirən dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin qeyd etdiyi kimi “Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır”. Sözün əsl mənasında, Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır və bu gün 33 illik uğurlu siyasi fəaliyyətimizin qələbəsini təntənə ilə qeyd edirik.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı dünyada misli görünməmiş tarixi, siyasi və hərbi zəfərə imza atdı. Azərbaycan Ordusunun şücaəti, rəşadəti, qətiyyəti və peşəkarlığı, xalqımızın birliyi və həmrəyliyi sayəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edildi.

Bununla da tarixi ədalət, Azərbaycanın ərazi bütövlüyü və BMT-nin kağız üzərində qalan qətnamələri icra olundu. Bütün dünya Azərbaycanda dövlət-xalq-ordu-iqtidar birliyinin ən əzəmətli və sarsılmaz nümunəsini gördü. Qarabağımızın ürəyi, mədəniyyət beşiyimiz olan Şuşa şəhərinin işğaldan azad olunması ilə Ermənistanın kapitulyasiya aktına imza atmağa məcbur edilməsi Azərbaycanın gücünün, qüdrətinin, eləcə də haqqın və ədalətin təntənəsi idi. Bu günlərdə tarixi qələbəmizin birinci ildönümünü böyük sevinc hissi ilə qeyd etdik.

Azərbaycan milli tərəqqinin yeni mərhələsinə qədəm qoyub. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm qələbənin qazanılmasından, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasından sonra Azərbaycanın qarşısında yeni çağırışlar meydana çıxıb. Yeni dövrün reallıqlarına uyğun olaraq siyasi inkişafa xidmət edən islahatların aparılması, sosial-iqtisadi yüksəlişin davamlılığının təmin olunması, milli həmrəyliyin, Azərbaycanın beynəlxalq arenada və qlobal informasiya müstəvisində mövqeyinin daha da gücləndirilməsi, Böyük qayıdışın yüksək səviyyədə həyata keçirilməsi, tarixi Qələbənin nəticələrinin möhkəmləndirilməsi və digər milli məqsədlər strateji prioritetlər kimi müəyyənləşdirilib. Təbii ki, hakim və alternativsiz siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının da bu istiqamətdə üzərinə mühüm vəzifə və məsuliyyət düşür.

Bu xoşbəxtliyimiz və qürurumuz əbədi və davamlı olsun! Bizlərə bu qüruru yaşadan Ümummilli Lider Heydər Əliyev siyasi irsinin varisi və layiqli davamçısı, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə sonsuz təşəkkür edir, qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə cansağlığı, xalqımıza xoş, firavan günlər arzu edirik.

Elçin Quliyev,
YAP Nərimanov rayon təşkilatının sədri