Ölkə Prezidenti İlham Əliyev oktyabrın 31-də paytaxtın Yasamal rayonunda Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospektindən Landau küçəsinədək olan hissəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olarkən digər ərazilərdə də yüksək keyfiyyətli yolların tikintisi və bəzi ərazilərdə yaranan tıxac probleminin aradan qaldırılması istiqamətində növbəti addımların atılacağını diqqətə çatdırdı: “Çox yaxşı işlər görmüsünüz. Bakı şəhərinin bütün küçələri ən yüksək standartlara cavab verməlidir. Ona görə harada ki, problemli yerlər var, onların da siyahısını tutun və biz həm bu il, həm də gələn il onları da təmir edəcəyik. Mənə məlumat verilir ki, Bakı-Sumqayıt yolunda tez-tez tıxaclar olur”.
Dövlət başçısı bildirib ki, baxmayaraq ki, indi qatar da işləyir və vətəndaşların bir hissəsi qatardan istifadə edir, yenə də tıxaclar var: “Ona görə baxın, bu yolu genişləndirmək üçün texniki imkan olmalıdır, layihə hazırlayın. Biz o yolu genişləndirməliyik, lazımi vəsait ayırarıq.”
Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov mövzu ilə bağlı qəzetimizə açıqlamasında bildirdi ki, həqiqətən də son zamanlar Bakı-Sumqayıt yolunda müşahidə edilən tıxac həm miqyasına, həm də gərginlik yaratmasına görə insanların başağrısına çevrilib: “Bəlli məsələdir ki, Bakı ilə Sumqayıt arasında çox intensiv nəqliyyat axını var. Xüsusən də pik saatlarında həmin axın bir çox parametr və indikatorlara görə böyüyür. Bu ərazilərdə yeni yaşayış massivləri salınır. İnsanlar həmin massivlərdə məskunlaşır. Nəticə etibarilə onların da böyük əksəriyyəti paytaxtda işlədiyindən həmin əraziyə gedən yollarda nəqliyyat vasitələrinin intensivliyi çox yüksək səviyyədədir. Yüksək intensivliklə müşahidə edilən nəqliyyat axının effektiv şəkildə idarə olunması məsələsinə gəldikdə, bu problemin açıq şəkildə özünü göstərdiyi hər kəsə bəllidir. İndiki situasiyada insanlar səhər və axşam saatlarında həmin yollarda uzun müddət vaxt sərf etməyə məhkum olurlar. Bu da təbii ki, istənilən halda heç kimi qane etmir. Aidiyyəti strukturlara həmin tıxacın aradan qaldırılması üçün ərazidə yol infrastrukturunun imkanlarının artırılması ilə bağlı təklif irəli sürülüb və konkret olaraq tapşırıq verilib. Belə ki, bu ərazidə yolların genişləndirilməsi də verilən həmin tapşırıqlardan biridir. Bununla yanaşı, olduqca vacib məsələ şəhərin giriş hissəsində, Beynəlxalq Avtovağzaldan 20 Yanvar dairəsinə qədər olan hissədə tıxacın aradan qaldırılması məsələsidir. Hansı ki, həmin yoldakı mövcud vəziyyət Bakı-Sumqayıt yolu üzərində kifayət qədər çox sayda avtomobilin hərəkətsiz vəziyyətdə qalmasına gətirib çıxarır.”
A.Allahverənov onu da qeyd etdi ki, Bakı-Sumqayıt yolu, daha doğrusu Xırdalan dairəsi ilə 20 Yanvar arasında olan ərazi əzəldən problemli olub: “Bu tıxacların niyə baş verdiyi məlumdur. Çünki yolun ortası genişdir, amma giriş hissəsi dardır. Yəni, həm “Şamaxinka”, həm də Xırdalan tərəfdən girişdə yol daralaraq 2 zolaq olur. Ortada isə 6 zolaqdır. Mən də olan məlumata görə, təxminən 1 il əvvəl tıxacın qarşısını almaq üçün Xırdalan dairəsinin genişləndirilməsi ilə bağlı bir layihə təklif edilib. Deyilənə görə, dairə tam ləğv ediləcək, oradan körpü şəklində istifadə etmək mümkün olacaq. Məsələn, “Koroğlu” metrostansiyası yaxınlığında olan körpü qovşağı kimi qovşaq yaradıla bilər. Eyni zamanda, “Şamaxinka” deyilən ərazidə də bir az genişləndirmə işləri görülsə, tıxacın qarşısı alınmış olar. Təəssüf ki, bu, çox böyük vəsait və zaman tələb edir. Həmin yolla bağlı atılacaq yeni addımlar nə vaxt icra olunacaqsa, ilk olaraq onun alternativi düşünülməlidir. Çünki alternativ yol olmasa, Sumqayıt və ətraf qəsəbələrdə yaşayan əhali çox əziyyət çəkəcək. Deyilənə görə, əvvəl təklif edilən layihənin icrası ona görə baş tutmadı ki, həmin yolu bir müddət bağlamaq lazımdır. Yəni, layihənin icrası üçün Bakı-Sumqayıt yolu 6 ay bağlı qalmalıdır. Bu isə ciddi problemlər yarada bilər. Hazırda Biləcəri tərəfdən Sumqayıta alternativ yol çəkilməsi təklif edilir. Biləcəridən Sumqayıta yol var, amma o da bir zolaqdan ibarətdir. Təsəvvür edin, Bakı-Sumqayıt yolunda 6 zolaqda hərəkət edən maşınları birzolaqlı yola yönəldən zaman nələr baş verər. Ümid edirəm ki, cənab Prezidentin tapşırığından sonra Bakı-Sumqayıt yolunu qaydaya salmaq üçün görüləcək işlər mərhələli şəkildə həyata keçiriləcək ki, yol tam bağlanmasın.”
Həmsöhbətimiz bu istiqamətdə dünya təcrübəsindən də yararlanmağı tövsiyə etdi: “Bakı-Sumqayıt yolunda olan tıxacın aradan qaldırılması üçün bir sıra təkliflər irəli sürülür. Hər hansı problemi həll etmək üçün addım atanda, onun iqtisadi səmərəliliyi də nəzərdən keçirilir. Yəni, onun nə dərəcədə səmərəli, effektiv olacağı ölçülməlidir. Əgər söhbət yolun genişləndirilməsindən gedirsə, burada ciddi məsrəflər çıxır. Bundan başqa, çıxış yolu kimi nəqliyyat vasitələrinin axının bölüşdürülməsi də mümkündür. Bölüşdürmə bir neçə mərhələdə gedə bilər. Bu isə yolun relyefindən, infrastrukturundan asılıdır. İki, üçmərtəbəli yol qovşaqları da salına bilər. Dünya təcrübəsində bu istiqamətdə sınaqdan çıxmış üsullar var. Bütün bunların hamısını nəzərə alaraq, məsələnin həlli ilə bağlı təkliflərin irəli sürülməsi labüddür.”
Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli isə alternativ yol kimi metro xəttinin çəkilməsini təklif edir: “Tıxac əsas olaraq “Şamaxinka” deyilən ərazidən başlayıb Bakı Mühəndislik Universitetinə qədər davam edir. Amma ən problemli bölgə ekologiya postuna qədər olan hissədir. Genişləndirmə işlərinin burada aparılması daha məqsədəuyğun hesab edilir. Həmin ərazidə iki tunel var: biri Xırdalan dairəsində, digəri isə “Şamaxinka” tərəfdən Bakıya gələn yoldadır. Tıxaclar əsasən bu istiqamətdə olan yollarda müşahidə edilir. Hesab edirəm ki, Xırdalan dairəsində genişləndirmə işlərinin aparılması mümkündür. Əslində həmin yol əvvəldən daha geniş inşa edilsəydi, bu gün belə problemlə rastlaşmazdıq. Tunellərdə genişləndirmə işləri aparılsa və ya alternativ yerüstü nəqliyyat xətti çəkilsə, tıxaclar azalar. Həmin ərazidə yerləşən ekologiya postunun yerinin dəyişdirilməsi də mümkündür. Postun yerinin dəyişdirilməsi də nəqliyyatın intensivliyindəki problemi qismən aradan qaldırar. Fikrimcə, metro tikintisi də bu istiqamətdə olan tıxacların həllinə kömək edər. Çox yaxşı olar ki, metronun Avtovağzal stansiyasından Xırdalana, Xırdalandan Masazır, Saray və Sumqayıt ərazilərinə xətt çəkilsin”.
Yaqut Ağaşahqızı, “İki sahil”