09 dekabr 2019 17:20
846

Ölkəmizin hərtərəfli inkişafının davamlı olmasına səs verək - FOTO

23  dekabr 2019-cu  il  tarixdə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatı  təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir.

Dekabrın 9-da YAP Mərkəzi Seçki Qərargahının İsmayıllı rayon şöbəsi təbliğat–təşviqat  tədbirləri çərçivəsində bələdiyyə üzvlüyünə namizədliyi  Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlərin təhsil sahəsində çalışan vətəndaşlarla növbəti görüşünü keçirib.

YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova qeyd edib ki, ölkəmizin yüksək inkişafına hesablanmış uğurlu sosial-iqtisadi siyasət bu gün məhz Yeni Azərbaycan Partiyasının Sədri, Prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir: “Dövlət başçısının müəyyən etdiyi islahatlar kursunun həm miqyas, həm də keyfiyyət baxımından davamlı olması iqtisadiyyatın hər bir strukturunda müşayiət edilməklə yanaşı, ən yeni idarəetmə texnologiyalarının tətbiqi ilə çox böyük nailiyyətlərin əldə olunmasını şərtləndirib.”

Natiq daha sonra xalqın sosial-ictimai həyatında bələdiyyələrin rolundan danışıb, 23 dekabr 2019-cu ildə keçiriləcək bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının İsmayıllı rayon təşkilatının qarşısında duran vəzifələri açıqlayıb. S.Əhmədova Yerli özünüidarəetmə orqanı olan bələdiyyələrin keçdiyi inkişaf yolu, yarandığı 20 il ərzində ölkənin sosial-iqtisadi, ictimai-mədəni həyatındakı rolu barədə ətraflı danışıb.

Tədbirdə çıxış edən Əməkdar müəllim Şəfaqət Rəsulov, İsmayıllı şəhər 1 saylı tam orta məktəbinin direktoru Gündüz Qədirov, şəhər 2 saylı tam orta məktəbinin direktoru Ramil Dadaşov, şəhər 3 saylı tam orta məktəbinin direktoru Əhmədağa Ələkbərov və şəhər 6 saylı tam orta məktəbin direktoru Qalib Bəşirov çıxış edərək bələdiyyə üzvlüyünə namizədlikləri irəli sürülən partiya üzvlərinin hər birinin layiqli namizədlər olduğunu qeyd ediblər və 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərində onları dəstəkləyəcəklərini bildiriblər.

Tədbirin sonunda YAP İsmayıllı rayon təşkilatının təbliğat-təşviqat qrupunun üzvləri çıxış edərək, seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə, İsmayıllı bələdiyyəsi üzrə namizədlərə ölkəmizin hərtərəfli inkişafının davamlı olması naminə səs verməyə çağırıblar.

Orxan Vahidoğlu, “İki sahil”