13 dekabr 2019 16:04
1226

İmişlidə ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib - FOTO

Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatında bələdiyyə seçkiləri ilə bağlı ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib.

YAP İmişli rayon təşkilatının aparat rəhbəri İlham Əsgərov ilk dəfə səs verəcək gənclərlə keçirilən görüşdə respublikamızda bütün sahələr kimi, gənclərlə iş sahəsinə də dövlətimiz tərəfindən böyük qayğı göstərildiyinə diqqət çəkib, rayonda  gənclərin hərtərəfli inkişafı, ictimai-siyasi fəallığının artırılması üçün əlverişli şərait yaradıldığını nəzərə çatdırıb: “Ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu və düşünülmüş siyasətinin nəticəsində əldə edilən uğurlar onu deməyə əsas verir ki, Azərbaycan 2019-cu ildə də daha böyük uğurlara imza atacaq, öz sürətli inkişafını davam etdirəcək. Ötən illərdə olduğu kimi bu il də daha mühüm, qlobal layihələrin həqiqətə çevrilməsinin, diplomatik uğurlarımızın şahidi olacaq, möhtəşəm qələbələrdən söz açacağıq.” 

İ.Əsgərov ilk dəfə səs verəcək gəncləri həm ictimai–siyasi həyatda, həm də seçki kampaniyasında daha fəal olmağa, 23 dekabr bütün gəncləri seçki məntəqələrinə gələrək parlaq gələcəyə səs verməyə çağırıb.

YAP İmişli rayon təşkilatı  Nəzarət Təftiş Qrupunun sədr müavini Vahid Tağıyev  bələdiyyə  seçkilərinin ölkəmizin həyatında mühüm hadisə olduğunu diqqətə çatdırıb, seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün hər bir seçicinin, o cümlədən ilk dəfə səs verəcək gənclərin səsvermədə yüksək məsuliyyət nümayiş etdirməsinin zəruriliyini vurğulayıb.

YAP İmişli rayon təşkilatı Gənclər Birliyinin sədri Rüfət Muradov rayon gənclərinin ictimai-siyasi həyatındakı fəal rolundan geniş bəhs edib. Vurğulayıb ki, İmişli  gəncləri əvvəlki seçki kampaniyalarında olduğu kimi, bələdiyyə seçkisində də öz fəallıqları ilə seçiləcək, seçkilərin yüksək səviyyədə keçməsinə öz töhfələrini verəcəklər.

YAP İmişli rayon təşkilatının məsləhətçisi Firdovsi Əliyev  Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətləri, gənclərə göstərilən diqqət və qayğıdan danışıb, gənclərin dekabrın  23-də keçiriləcək bələdiyyə  seçkilərində fəal iştirak edəcəklərinə, Prezident cənab İlham Əliyevin uğurlu və uzaqgörən siyasətini böyük ruh yüksəkliyi ilə dəstəkləyəcəklərini əminliklə bildirib.

Geniş diskussiya şəraitində keçən tədbirdə ilk dəfə səs verəcək gəncləri maraqlandıran suallar ətraflı cavablandırılıb.

Orxan Vahidoğlu, “İki sahil”