17 dekabr 2019 20:20
2549

Azərbaycan-Ukrayna dostluğu sınaqlardan keçib

Prezident Vladimir Zelenskinin Bakıya rəsmi səfəri bu dostluğu daha da möhkəmləndirəcək

Ukrayna Prezidenti Vladimir Zelenski Cənubi Qafqaz ölkələri içərisində birinci Azərbaycanı seçərək dekabrın 16-da ölkəmizə rəsmi səfərə gəlib. Şübhəsiz,  bu səfər  Ukrayna rəhbərinin Azərbaycana hörmətindən irəli gəlir.

Politoloqlar bu seçimin bir neçə səbəbini izah ediblər: Birincisi, Ukraynanın iqtisadi-ticarət mübadiləsində  Azərbaycan həm Gürcüstanı, həm də Ermənistanı üstələyir. Azərbaycanın iki qonşusundan fərqli olaraq Ukraynada yatırımları var, Kiyevdə SOCAR-ın yanacaqdoldurma məntəqələrindən və servisindən ağızdolusu danışırlar. Buna baxmayaraq, rəsmi Kiyev Azərbaycanın Ukraynaya daha çox yatırım qoymasını istəyir. Bu isə dost ölkənin  Azərbaycana etibar etməsindən irəli gəlir.

Məlumdur ki, Ukrayna Azərbaycan üçün münbit bazardır. Ona görə də dost ölkəyə yatırımların həcmi artırıla bilər. Azərbaycanda Ukraynada istehsal olunan ərzaq və yeyinti məhsullarını həvəslə alırlar. Bu mallara  tələbat böyükdür və bu sahədə ticarət əlaqələrini  daha da genişləndirmək mümkündür.   Azərbaycan, eyni zamanda, Ukraynanın Qara dənizdəki limanlarından gəlir əldə edə bilər.   Prezident Vladimir Zelenski səfəröncəsi açıqlamalarında  Bakıda Prezident İlham Əliyevlə iki ölkə arasında ticarət mübadiləsinin artırılması və investisiyalar mövzusunu müzakirə edəcəyini bildirmişdi.

İkincisi, Ukraynanı Azərbaycanla eyni problem birləşdirir. Politoloqların qənaətinə görə, Donbas probleminin Dağlıq Qarabağ münaqişəsindən ciddi fərqi yoxdur. Donbasdakı separatizmin tarixi Dağlıq Qarabağda separatizmin tarixindən çox olmasa da Ukrayna, Rusiya, Fransa və Almaniya liderlərinin son Paris görüşü göstərdi ki, Donbasda sülhün əldə edilməsi çətin olacaq. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyi kimi, Ukrayna da birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Rəsmi Kiyev mütəmadi olaraq erməni separatçılarının Dağlıq Qarabağda keçirdikləri “seçkiləri” pisləyən bəyanatlar yayır, rəsmi Bakı da Krımda və Donbasda keçirilən “seçkiləri” tanımadığını açıqlayır. Ukrayna XİN son açıqlamalarında Ermənistanın mövqeyini tənqid edən bəyanatlar da yayıb. Çünki BMT-də keçirilən səsvermələrdə Ermənistan Krımı Ukrayna ərazisi kimi göstərən qətnamələrin əleyhinə səs verib. Xatırladaq ki, ölkəmizdə yaşayan ukraynalılar Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşublar. Onlardan bir neçə nəfəri Dağlıq Qarabağın müdafiəsində qəhrəmanlıqla döyüşərək həlak olmuşlar.

Ukrayna Prezidenti Vladimir Zelenskinin  Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibli görüşlərində bir çox  böyük əhəmiyyətə malik olan  sazişlər, müqavilələr və niyyət protokolları imzalanıb. Cəncə-Odessa şəhərləri arasında niyyət protokolu, Quba və Truskavets arasında ticarət, iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında müqavilə, Bakı-Kiyev dövlətlərarası hökumət rabitə xəttinin  təşkil edilməsi haqqında Saziş, digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinə dair sənədlər xalqlarımızın rifahının daha da yaxşılaşdırılmasına xidmət edəcəkdir. Bunlardan başqa,  kənd təsərrüfatı, nəqliyyat, yükdaşımalar, energetika, turizm və infrastrukturun inkişafı sahələrində də işbirliyi müzakirə edilib.

Fikirlərimizi qısaca belə yekunlaşdıra bilərik ki, proseslərin gedişi sınaqlardan keçmiş Ukrayna-Azərbaycan dostluğunun  bu ölkənin rəhbərinin Bakıya səfərindən sonra daha da möhkəmlənəcəyini və strateji tərəfdaşlığa çevriləcəyini göstərir.

Vəli İlyasov, “İki sahil”