Oftalmoloq: Bunun nəticəsində isə göz quruluğu (Dry Eye Syndrome), astenopiya, akkomodasiya spazmı, bulanıq görmə, baş ağrısı, fotofobiya, miopiyanın artması, astiqmatizm əlamətlərinin güclənməsi, blefarit və konyunktivit kimi göz problemləri müşahidə olunur
Rəqəmsal cihazlardan uzunmüddətli istifadə göz sağlamlığı üçün bir sıra risklər yaradır.
Bu fikirləri Bakının Nəsimi rayonundakı 5 saylı şəhər poliklinikasının həkim-oftalmoloqu Fərəh İsmayılova “İki sahil”ə özəl açıqlamasında bildirib.

Həkimin sözlərinə görə, müasir dövrdə kompüter, telefon və planşetlərdən fasiləsiz istifadə nəticəsində “Digital Eye Strain (DES)” – yəni kompyuter görmə sindromu geniş yayılıb. Bu vəziyyət əsasən göz qırpma refleksinin azalması və uzunmüddətli akkomodasiya gərginliyi ilə bağlıdır.
F.İsmayılova qeyd edib ki, uzun ekran istifadəsi zamanı ən çox rast gəlinən şikayətlərə göz quruluğu (Dry Eye Syndrome), astenopiya, bulanıq görmə, baş ağrısı və fotofobiya (işığa həssaslıq) daxildir.
Onun sözlərinə görə, xüsusilə akkomodasiya spazmı – yəni gözün fokuslanma qabiliyyətinin müvəqqəti pozulması, quru göz sindromu – göz qırpma sayının azalması nəticəsində göz yaşı filminin pozulması və astenopiya – göz yorğunluğu sindromu daha çox müşahidə olunur.
Bundan əlavə, həkim bildirib ki, uzunmüddətli yaxın məsafəyə baxış miopiyanın artmasına, xüsusilə uşaqlarda göz almasının uzanmasına səbəb ola bilər. Eyni zamanda astiqmatizm əlamətlərinin güclənməsi, blefarit – göz qapağı kənarlarının iltihabı və qıcıqlanma tipli konyunktivit də ekran istifadəsi ilə əlaqələndirilir.
Fərəh İsmayılova vurğulayıb ki, bu problemlər daha çox uşaqlarda və yeniyetmələrdə, eləcə də uzun müddət kompyuter qarşısında işləyən şəxslərdə müşahidə olunur. Onun sözlərinə görə, görmə qüsuru olan, xüsusilə miopiyadan əziyyət çəkən insanlarda isə şikayətlər daha qabarıq şəkildə özünü göstərir.
Həkim sonda qeyd edib ki, ekran qarşısında fasilələrin verilməsi, gözlərin dincəldilməsi və düzgün görmə gigiyenasına riayət edilməsi bu problemlərin qarşısının alınmasında mühüm rol oynayır.
Yaqut Ağaşahqızı, “İki sahil”