Namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 34 saylı Xətai ikinci seçki dairəsindən irəli sürülən Zabelin Mixail Yuriyeviçin seçicilərlə ilk görüşü keçirildi
Yanvarın 21-də 171 saylı məktəbdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 34 saylı Xətai ikinci seçki dairəsindən irəli sürülən Zabelin Mixail Yuryeviçin seçicilərlə ilk görüşü keçirildi.
Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov görüşün məqsəd və məramını açıqladı. Bildirdi ki, 9 fevral növbədənkənar parlament seskilərinin təbliğat-təşviqat mərhələsi uğurla davam edir. Bu mərhələdə namizədliyi irəli sürülmüş şəxslər seçicilərlə görüşlərini keçirir, platformalarını təqdim edir, seçkilərdə fəal iştirakları, seçki hüquqlarından istifadə edərək istədikləri namizədə səs vermələri ilə bağlı çağırışlar olunur.
H.Mirələmov bildirdi ki, seçkilərə “Daha güclü Azərbaycan naminə” şüarı ilə qatılan Yeni Azərbaycan Partiyasının seçki proqramında da qeyd olunduğu kimi, Azərbaycan möhtəşəm inkişaf və islahatlar mərhələsini yaşamaqdadır. Qarşımızda ölkəmizi daha da yeniləşdirmək, müasirləşdirmək, iqtisadi və sosial tərəqqinin yeni pilləsinə yüksəltmək kimi əzəmətli vəzifələr dayanır. “Daha güclü Azərbaycan naminə” seçki kampaniyasında bütün seçiciləri ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, bütün seçkilərdən qələbə ilə çıxan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırırıq. Partiyanın 34 saylı Xətai ikinci seçki dairəsindən namizədi Zabelin Mixail Yuryeviçin parlamentdə təmsil olunduğu dövrdə fəaliyyəti göz önündədir. Daim seçicilərinin rəğbətini qazanan Mixail Zabelinin bu seçkilərdə də seçicilərinin dəstəyini qazanacağı şəksizdir.
Namizədin səlahiyyətli nümayəndəsi, YAP Xətai rayon təşkilatı Qadınlar Şurasının sədri Aygün Əhmədli bildirdi ki, Mixail Zabelin bütün fəaliyyətini öz Vətəni Azərbaycana fədakar xidmətlərin göstərilməsinə həsr edib. O, Azərbaycanın ən ağır günlərində Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı ulu öndər Heydər Əliyevə ünvanlanan, tarixə “91-lər”in müraciəti kimi daxil olan müraciətin müəlliflərindəndir. Mixail Zabelin ulu öndər Heydər Əliyevin siyasi kursuna, onun layiqli davamçısı Prezident İlham Əliyevin siyasətinə sadiqliyini əməli fəaliyyəti ilə təsdiqləyir. Onun fəaliyyəti ölkə Prezidenti İlham Əliyev tərəfindən yüksək dəyərləndirilərək “Şöhrət” ordeni və Fəxri diplomla təltif edilmişdir. M.Zabelin cəmiyyətin idarə olunmasında əhəmiyyətli rola malik olan qanunlarımızın işlənib hazırlanmasında və qəbulunda fəal iştirak edir. Seçici rəğbətini əməli fəaliyyəti ilə doğruldan M.Zabelinə səs verək, yenidən parlamentdə təmsil olunmasına dəstək olaq!
Namizədin vəkili Firdovsi Cahangirov Mixail Zabelinlə uzun müddətdir ki çalışdığını, onun hər vədini konkret əməli işi ilə təsdiqlədiyini əsaslı şəkildə diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycanı dərin məhəbbətlə sevdiyini hər addımında nümayiş etdirir.
Rus icmasında hüquqşünas Nizami Kəngərli qeyd etdi ki, Mixail Zabelin respublikanın müstəqillik əldə etdiyi, Dağlıq Qarabağ münaqişəsinin yarandığı ilk gündən etibarən hadisələrin mərkəzində olmuş, öz Vətəni Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü müdafiə etmişdir.
N.Kəngərli seçiciləri Azərbaycanın layiqli oğluna səs verməyə çağırdı.
Namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 34 saylı ikinci seçki dairəsindən irəli sürülən, Azərbaycandakı Rus İcmasının rəhbəri Mixail Zabelin diqqəti ölkəmizin uğurlarına yönəltdi. Bildirdi ki, sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. Tolerantlığın, multikulturalizmin Azərbaycan təcrübəsi təqdir olunur.
“Mən rusam, amma Azərbaycan xalqının oğluyam” söyləyən M.Zabelin bildirdi ki, Vətənim Azərbaycanın maraqlarının qorunması üçün əlimdən gələni edir və bundan sonra da edəcəyəm.
Namizəd seçiciləri 9 fevralda fəal olmağa, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırdı.
Yeganə Əliyeva,
Vüsal Cahanov (foto), “İki sahil”