04 may 2024 13:38
742

Neftçilərə yeni mənzillər təqdim edilib

Bu gün iqtisadiyyat naziri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri Mikayıl Cabbarov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və Müşahidə Şurasının üzvləri şirkətin “Neftçi” mənzil-tikinti kooperativi tərəfindən inşa olunan yaşayış kompleksində görülən işlərlə tanış olublar.

SOCAR-dan “İki sahil”ə verilən məlumata görə, Bakının Səbail rayonunda Bibiheybət ərazisində yerləşən yaşayış kompleksində tikinti işlərinə 2020-ci ildə başlanılıb. Yaşayış kompleksində ümumilikdə 676 mənzildən ibarət səkkiz binanın inşası nəzərdə tutulub.

2023-cü ildə inşası tamamlanmış 17 mərtəbəli iki binada birotaqlı, ikiotaqlı və üçotaqlı olmaqla, ümumilikdə 252 mənzil var. Mənzillər tam təmir olunub, kommunal xidmətlərlə təchiz edilib. Kompleksdə digər altı binanın inşası davam edir.

Müşahidə Şurasının üzvləri və sakinlər arasında keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən neft-qaz sənayesi işçilərinin sosial təminatı və mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasının daim diqqət mərkəzində saxlanıldığını vurğulanıb. Neftçilərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyi qeyd edilib.

Ötən il mənzil növbəsində olan SOCAR əməkdaşları arasında inşası tamamlanmış binalardakı evlərin bölgüsü aparılıb. Yeni mənzil sahibləri arasında birinci və ikinci Qarabağ müharibələrində iştirak etmiş SOCAR əməkdaşları da var.

Tədbirdə evlərin sənədləri sahiblərinə təqdim edilib. Yeni ev sahibi olan əməkdaşlar mənzil şəraitlərinin yaxşılaşdırılması istiqamətində göstərilən dəstəyə görə təşəkkür ediblər.

Daha sonra tədbir iştirakçıları yaradılmış şəraitlə tanış olmaq məqsədilə mənzillərdə olublar.