23 yanvar 2020 10:34
1759

Azərbaycan Ordusu zəfər nidası qoymağa hazırdır

Bu gün Azərbaycan elə bir dövrünü yaşayır ki, ölkə həyatının bütün sahələrində inkişaf və tərəqqi nəzərəçarpacaq dərəcədə özünü göstərir. Bu sözləri ordumuza da şamil etmək olar. Belə ki,  Azərbaycan Ordusunda həyata keçirilən irimiqyaslı islahatlar, genişmiqyaslı təlimlər, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı ölkəmizin müdafiə qüdrətini daha da artırıb. Təkcə bir faktı xatırladaq ki, ötən il  Azərbaycan Ordusunun qoşun növləri birlik və birləşmələrin iştirakı ilə 70-dən çox əməliyyat-taktiki və komanda-qərargah təlimi və məşqi keçirib. Eyni zamanda, hazırlıq planına uyğun olaraq 15-dək briqada taktiki, 300-dən çox tabor (divizion) taktiki təlimi, eləcə də Hərbi Hava Qüvvələrində 80-dən artıq taktiki-uçuş və Hərbi Dəniz Qüvvələrində 6 gəmi-döyüş təlimi icra olunub.

Üstəlik, dünya statdartlarına uyğun təşkil edilmiş Azərbaycan Ordusu region dövlətlərindən, xüsusilə də faşizm ideologiyasına xidmət edən Ermənistandan müqayisəedilməz dərəcədə irəlidədir. Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısı bu məsələni xüsusi vurğulamışdır. Prezident bildirmişdir ki, keçən il bir çox silahlar, sursatlar, hərbi texnika alınmışdır. Hazırda Azərbaycan Ordusu hərbi potensialına, maddi-texniki təchizatına və döyüş qabiliyyətinə görə dünyada 52-ci yerdədir. Keçən il əldə edilmiş nəticələr, o cümlədən hərbi şəhərciklərin tikilməsi, təmiri, yeni müasir texnika ilə təchizat məsələlərinin həlli bizim hərbi gücümüzü daha da artırmışdır. Şübhəsiz, Prezident İlham Əliyevin ordumuzun inkişafını xüsusi vurğulaması çox əhəmiyyətli məqamdır.

Dövlət başçısı həmin müşavirədə Azərbaycan ilə Ermənistanı müqayisə edərək rəqəmlərə də diqqət yönəltmişdir. “Dünyanın ən güclü orduları reytinqində Azərbaycan 52-ci, Ermənistan isə 96-cı yerdədir. O cümlədən hava gücü üzrə Azərbaycan 63-cü, Ermənistan 86-cı yerdədir. Dəniz gücü üzrə Azərbaycan 67-ci yerdədir, Ermənistanda dəniz yoxdur. Tank gücü üzrə Azərbaycan 32-ci, Ermənistan 78-ci yerdədir. Mənbə “Global Firepower 2019” hesabatıdır”. Rəqəmlərdən də göründüyü kimi, Azərbaycan dırnaqarası uğurlardan dəm vuran Ermənistanı bütün əsas parametrlər üzrə böyük fərqlə qabaqlayır. Bu isə o deməkdir ki, ordumuz  işğal edilmiş torpaqlarımızdakı hər bir hədəfi məhv etmək imkanına malikdir. Bu faktları həm də dünya miqyasında Ermənistanın iç üzünü açıb göstərməyə, işğalçı ölkənin yalanlarını ifşa etməyə xidmət edən müqayisə kimi də dəyərləndirmək olar. Yeri gəlmişkən, qeyd edək ki, Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi bu fikirlər hər bir vətəndaşda bir daha qürur hissi oyatmışdır. Sevindirici haldır ki, elə bir tədbir yoxdur ki, Prezident  orada Dağlıq Qarabağ münaqişəsindən danışmasın, Ermənistanın işğalçı ölkə olduğunu bəyan etməsin, onun iç üzünü açmasın.

“Azərbaycan Bayrağı” ordenli, Azərbaycan Vətən Müharibəsi  Veteranları İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri, müharibə veteranı, ehtiyatda olan polkovnik Elmar Hüseynov mövzu ilə bağlı “İki sahil” qəzetinə  açıqlamasında bildirmişdir ki, həqiqətən də Ali Baş Komandanın çıxışları, işğalçı ölkəyə etdiyi xəbərdarlıqlar bizi çox qürurlandırır: “Bütün bunlar o deməkdir ki, ən müasir silah-sursat və döyüş vasitələri ilə təchiz olunan, üstəlik yüksək vətənpərvərlik ruhuna malik Azərbaycan Ordusu göstərilən etimadı doğrultmağa, baş verən proseslərə reaksiya verməyə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı azad edərək ərazi bütövlüyümüzü təmin etməyə, bir çox uğurlara imza atmağa, bir sözlə, zəfər nidası qoymağa  hazırdır”.

Qvami Məhəbbətoğlu, “İki sahil”