27 yanvar 2020 15:54
1231

YAP-ın əsas qayəsi xalqın rifahının daha da yaxşılaşdırılmasıdır - FOTO

91 saylı Ucar seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Ramil Sahib oğlu Həsən parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Ənvər Məmmədxanlı, Yuxarı Çiyni və Türkəci kəndində seçicilərlə görüşlər keçirib.

Yuxarı Çiyni kənd klubunda kənd sakinlərinin iştirakı ilə keçirilən görüşü YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva açaraq Yeni Azərbaycan Partiyasının seçkilərə "Daha güclü Azərbaycan naminə!" proqramı ilə getdiyini bildirib. YAP-ın  hər zaman xalqa xidmət prinsipini prioritet kimi seçki proqramlarında əsas götürdüyünü qeyd edən Ş.Abdullayeva seçicilərin dəstəyi ilə qarşıya qoyulan hədəflərə çatacağına əminliyini bildirib: “Yeni Azərbaycan Partiyası ölkənin ən güclü, aparıcı siyasi təşkilatı olduğunu ölkədə keçirilən bütün seçkilərdə qazandığı parlaq qələbələrlə sübut edib. Ölkənin sosial-iqtisadi qüdrətinin artması, milli dövlətçiliyimizin möhkəmlənməsi Yeni Azərbaycan Partiyasının başlıca amalı və əsas hədəfidir.”

Partiyanın namizədi Ramil Həsən çıxış edərək Azərbaycanın daha da inkişafı üçün atılacaq addımlar haqqında fikirlərini bölüşüb. R.Həsən vurğulayıb ki, YAP-ın əsas qayəsi dövlətçiliyin möhkəmləndirilməsi və xalqın rifah halının daha da yaxşılaşdırılmasıdır: “Bu baxımdan biz ilk növbədə möhtərəm Prezidentimiz İlham Əliyevin yürütdüyü  uğurlu siyasəti və dövlət başçısının strateji hədəflərini dəstəkləməli, Prezidentimizin ətrafında daha da sıx birləşməliyik. Bu gün partiyamızın kifayət qədər millət vəkilləri var və onlar da öz seçiciləri qarşısında götürdükləri öhdəliklərini uğurla icra edirlər. Əldə edilən uğurlar isə həm də partiyamızın nailiyyətləridir.”

Kənd sakinləri Aygün Kərimova, Faxrət Əsədov, Aslan Kərimli, Muğan Həşimov, İlhamə Əliyeva, Rəhim Əhmədov çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədini dəstəklədiklərini qeyd etməklə gələcəkdə həllini gözləyən təkliflərini də bildiriblər.

Daha sonra Ramil Həsən kənd ağsaqqalı Ağakişi Əliyevi, şəhid Elman Əliyevin qardaşı Arif Əliyevi, şəhid Səhman Kərimovun anası Şüşəbəyim Kərimovanı ziyarət edib.

Orxan Vahidoğlu, “İki sahil”