18 fevral 2020 20:57
1635

Saxtakar, kütbeyin, patoloji yalançı, fərasətsiz qorxaq

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirəsində ölkəmizin başçısı iti ağlı, dərin məntiqi, sərrast fikirləri, diplomatik məharəti ilə işğalçı ölkəni bir daha məğlubiyyətə uğratdı. Böyük qürur hissi ilə deyə bilərik ki, dövlətimizin başçısı bütün dünya qarşısında Azərbaycanın haqlı mövqeyini bir daha ortaya qoydu. Dünyanın nüfuzlu nəşrlərində Münxendə Dağlıq Qarabağla bağlı keçirilən debatlarda Ermənistan baş nazirinin Azərbaycan Prezidenti tərəfindən darmadağın edilməsi, ölkəmizin haqlı mövqeyi, Xocalı soyqırmının danılmaz fakt olması ilə bağlı məqalələr dərc edilir. Tanınmış beynəlxalq ekspertlər, ictimai-siyasi xadimlər, ayrı-ayrı təhlilçilər öz açıqlamalarında Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini bildirirlər.

Məsələn, Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsi barədə danışarkən bu mövzunu zəif bildiyini növbəti dəfə nümayiş etdirib. Rusiyalı deputat deyib ki, erməni tərəfi uzun illər problemin birbaşa konstruktiv müzakirəsindən boyun qaçırıb: “Münxendəki panel diskussiyası bunun səbəbini göstərdi. Rəsmi Ermənistanın birinci şəxsi Nikol Paşinyan işğal olunmuş ərazilərə öz ölkəsinin iddiasını əsaslandırmaqdan ötrü az qala çox tələsik uydurulmuş tarixi faktları səsləndirməyi özünə rəva görür və coğrafi səhvlər buraxırdı. Bununla belə, Azərbaycan Prezidenti İlham Əliyev son dərəcə əsaslı və dəqiq idi, hamıya məlum olan faktları ciddi şəkildə əsaslandırırdı, bizim eradan əvvəl guya mövcud olan presedentlərə istinad etmirdi”.

D.Savelyev, həmçinin erməni qanunsuz hərbi birləşmələrinin Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi, qəddarlığına görə misli görünməmiş Xocalı soyqırımını törətməsinin danılmaz fakt olduğunu da bildirib. Rusiyalı deputat, həmçinin qeyd edib ki, Ermənistan hökumətinin beynəlxalq hüququn Azərbaycan ərazilərini geri qaytarmağı tələb edən normalarını yerinə yetirməməsi faktdır. Bu da faktdır ki, Paşinyan guya Dağlıq Qarabağın müstəqilliyini müdafiə etməkdən ötrü onu erməni torpağı adlandırır: “Münxendə hər kəs Ermənistan hökumətinin mövqeyinin nə qədər etibarsız, Ermənistanın rəsmi hakimiyyətinin öz iddialarında nə qədər inamsız olduğuna bir daha əmin oldu.”

Ukrayna Analitika Mərkəzinin rəhbəri, ekspert Aleksandr Oxrimenko Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair panel müzakirələrdən danışarkən bildirib ki, hər hansı diskussiya, hətta əgər bu diskussiya Münxendə aparılırsa, dünyanın yenidən qurulması barədə gedə bilməz, xüsusən də bir ölkə digər ölkənin ərazisini zəbt edib, sonra da həyasızcasına tarixi ədalətdən dəm vuranda. Ekspert deyib ki, Ermənistanın başçısı Paşinyan artıq başa düşüb ki, dünya birliyi Dağlıq Qarabağda qondarma rejimi heç vaxt tanımayacaq və buna görə də Münxendə mövqeyini müdafiə edərkən özünü narahat hiss edib: “Bu insanın üzərinə çox ağır yük qoyulub və bu yük nə onun, nə də bütövlükdə Ermənistan siyasətinin qaldıra biləcəyi yük deyil. Dünya çoxdan XXI əsrdə yaşayır. Burada bütün məsələlər, o cümlədən milli və dövlətlərarası məsələlər tankların köməyi ilə deyil, danışıqlar masası arxasında həll olunur. Burada yalnız Paşinyanın halına acımaq olar, çünki ona bu dərəcədə mürəkkəb problem miras qalıb”.

Münxen debatında bütün parametrlərə görə, Prezident İlham Əliyevə uduzan N.Paşinyanın paneldəki savadsız, diletant, məntiqsiz nitqi erməniləri də necə deyərlər, cin atına mindirib. İndi ermənilər dövlətimizin başçısının dərin məntiqi  qarşısında sönük, gülünc, isterik vəziyyətə düşən N.Paşinyanı təhqir etməkdən belə çəkinmirlər.

Ermənistan Respublika Partiyası sədrinin müavini Armen Aşotyan öz “Facebook” səhifəsində yazıb: “Baş aça bilmirəm, siz daha çox patoloji yalançısınız, yoxsa fərasətsiz qorxaq?”

A.Aşotyan həqiqətləri əks etdirən bu yazısı ilə Ermənistanın baş naziri Nikol Paşinyanın administrasiyasının saxtakarlıqlarını ifşa edib: “Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi hələ 2019-cu ilin dekabrında xarici siyasət idarəsinin başçısı Zöhrab Mnatsakanyanın nitqinin erməni dilinə tərcüməsinə çox böyük əhəmiyyət kəsb edən, lakin nazirin ingilis dilində nitqinin ilkin mətnində olmayan cümlə və frazaları əlavə edib. Əslinə baxılırsa, bütün bunlardan sonra Ermənistanda saxtalaşdırmalara həvəsin haradan gəldiyinə təəccüblənməyə dəyməz! Əgər dünənin hadisələri belə insafsızcasına saxtalaşdırılırsa, onda daha “çar Tiqran dövrü” barədə nə demək olar? Demək olar ki, o dövrdə cəmi “iki millət”- “ermənilər”... və Azərbaycan Prezidentinin dili topuq çalan “tarixçi” Paşinyana lap yerində verdiyi ipucuya əsasən, “elə yenə də ermənilər” olub. Heç nəyə təəccüblənmək lazım deyil. Acınacaqlı fakt odur ki, indi yaddaşsızlıq kompleksindən əziyyət çəkən bir xalqın əslində heç bir gələcəyi yoxdur, keçmişi də yoxdur, yəni bax bu keçmişi uydurmaq lazımdır. Bax onda köməyə baş nazirin aparatında çalışan əməkdaşların üslubunda məharətlə və açıq şəkildə “Made in Armenia” leyblı ilə saxlatalaşdırılmış özgə hökmdarlar, özgəsinin irsi, özgəsinin mədəniyyəti və özgəsinin tarixi gəlir..”

Zahid Rza, “İki sahil”