25 fevral 2020 20:19
3944

Koronavirus...

Hansı profilaktik tədbirlər həyata keçirilməlidir?

Çindən yayılmağa başlayan koronavirus digər ölkələrdə də aşkar olunub. Artıq İrana da “çatan” bu bəla yerli əhalini də ciddi təşvişə salıb. Bu səbəbdən  tibbi maskalar, spirt qabları, müxtəlif antibakterial sabunlar və digər gigiyenik vasitələr alanların sayı əhəmiyyətli dərəcədə artıb.

Koronavirusun təhlükəsinin qarşısını almaq üçün həyata keçirilən tədbirlər

Çin Xalq Respublikasında (ÇXR) “COVİD-19” koronavirus infeksiyasının yayılmağa başladıqdan sonra mümkün risklərin və onun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə Prezident İlham Əliyevin tapşırığına əsasən,  yanvarın 28-də Nazirlər Kabinetində  koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi üçün müşavirə keçirilib və Nazirlər Kabineti tərəfindən müvafiq komissiyası yaradılıb,  yanvarın 30-da isə bu epidemiyaya qarşı Fəaliyyət Planı təsdiqlənib.

Virusun yayılmasının təhlükəli miqyas almağa başladığı ilk gündən Azərbaycanın bütün sərhəd-keçid məntəqələrində, o cümlədən hava limanlarında profilaktik tədbirlərin həyata keçirilməsinə başlanılıb;

ÇXR-dən, xüsusilə epidemiya zonasından ölkəyə gələn bütün şəxslərin mütləq şəkildə ciddi tibbi müayinədən keçirilməsi və nəzarət altına alınması;

Xüsusi riskli hesab olunan və virusun keçə biləcəyi ərzaq məhsullarının siyahısının hazırlanması və ərzaq bazarında həmin məhsullara nəzarətin gücləndirilməsi;

Virus və onunla mübarizə metodları haqda əhali ilə maarifləndirmə işlərinin aparılması;

Azərbaycanla həmsərhəd olan İranda virusun aşkar olunması və artıq insan tələfatı faktları barədə rəsmi məlumatların yayıldığı şəraitdə Azərbaycanın bu ölkə ilə sərhəd-keçid məntəqələri xüsusi rejimdə fəaliyyətə keçib.

Sərhəd-keçid məntəqələrində sanitar-dezinfeksiya işləri aparılır, Azərbaycan ərazisindən tranzit yüklərin daşınmasına nəzarət gücləndirilib.

İranda vəziyyətlə əlaqədar olaraq əhaliyə xüsusi zərurət olmadığı hallarda qonşu ölkəyə səfərlərini müvəqqəti olaraq təxirə salmaq tövsiyə olunub.

Hazırda Azərbaycanda sanitar-epidemioloji vəziyyət xüsusi nəzarətə götürülüb, aidiyyəti qurumlar gücləndirilmiş iş rejiminə keçiblər.

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın aidiyyəti qurumlarla daimi təmasdadır. Ölkədə koronavirusa yoluxma halının müəyyənləşdirilməsi üçün bütün imkanlar, o cümlədən diaqnostik alətlər və tibbi ləvazimatlar yetərincədir.

Bununla yanaşı, adətən belə beynəlxalq miqyaslı hallar  müşahidə olunan zaman ayrı-ayrı şəxslər tərəfindən təxribat xarakterli, yanlış məlumatlar dövriyyəyə buraxılır. Ümumdünya Səhiyyə Təşkilatı bəyan edib ki, əhali saxta xəbərlərə etibar etməsin, yalnız Azərbaycanın rəsmi qurumlarının məlumatlarına etibar etsin.

Koronavirus nədir?

Koronavirus yuxarı nəfəs yollarında infeksiyaya səbəb olan virusdur. Virus ev heyvanlarından, vəhşi heyvanlardan və kənd təsərrüfatı sahəsindəki heyvanlarda tapıla və yayıla bilir. Xəstəlik əsasən heyvanlarda ortaya çıxır. Nadir hallarda heyvanlardan insanlara və insanlardan da başqa insanlara yayılır. Koronavirusu əsasən orta dərəcədə qızdırma və yuxarı tənəffüs yollarının infeksiyası kimi özünü göstərir. Qızdırma, baş-boğaz ağrısı, burun axması, öskürək kimi tənəffüs yolları problemləri virusa yaxalanmış şəxsdə özünü göstərir. Xəstəlik qusma, bulantı, ishal və qarın ağrısı kimi mədə-bağırsaq problemlərinə də səbəb olur. Xəstəliyin ən təhlükəli nəticəsi pnevmaniya və nəfəs çatışmazlığına səbəb olmasıdır. Korona, eyni zamanda, SARS xəstəliyinə də səbəb ola bilərBundan əlavə, virus böyrək çatışmazlığına da səbəb ola bilir.

Virusun simptomları

Koronavirusun simptomları soyuqdəymə və ya qripin əlamətlərini xatırladır: halsızlıq, baş ağrısı, öskürək,  bədən hərarətinin yüksəlməsi;

Virus daha çox yaşlı və immuniteti zəif insanlara təsir göstərir;

Virusun inkubasiya dövrü 14 gün təşkil edir və bu müddət ərzində onun sağlam insana keçmə ehtimalı qalır;

Xəstəliyin ən geniş yayılmış simptomu qızdırmadır. Virusa yoluxanlar, həmçinin əzələ ağrısı və tənəffüs problemindən şikayət ediblər. Diareya, ürək bulanması kimi hallar da müşahidə olunur;

Koronavirus daha çox damcı yolu ilə, insan öskürəndə və asqıranda  keçir. Hətta istənilən çirkli yerə toxunduqda virusa yoluxma ehtimalı mümkün olur. Buna görə də çirkli yerlə təmasdan sonra əlin ağıza, buruna və ya gözə vurulması təhlükəlidir.

Profilaktik tədbirlər

Əhalinin nəzərinə çatdırılır ki, ölkədə belə vəziyyətlərdə ehtiyacın yarana biləcəyi bütün tibbi ləvazimatlar kifayət qədərdir. O da vurğulanıb ki, hazırda ölkəmizdə belə xəstəliyə yoluxma halları müşahidə olunmayıb, Azərbaycanda əhalinin sağlamlığı ilə bağlı vəziyyət dövlətin tam nəzarətindədir və narahatlıq üçün heç bir əsas yoxdur. Azərbaycanda hər hansı yoluxma faktı qeydə alınmasa belə, hər ehtimala qarşı aşağıdakı qabaqlayıcı tədbirləri görməyi vacibdir:

  • Vətəndaşlar xəstəliyin müşahidə olunduğu ölkələrə səfər etməkdən çəkinməlidirlər;
  • Vətəndaşlar kəskin respirator virus infeksiyalarına yoluxmuş insanlarla təmasdan çəkinməlidirlər;
  • Xəstəliyin simptomları müşahidə olunan şəxslər öskürərkən və asqırarkən məsafə saxlamalı, ağız və burnu kağız dəsmal və ya dirsək bükümü ilə bağlamalıdırlar;
  • Xəstəliyin simptomları ilə bağlı şübhə yarandığı halda, dərhal həkimə müraciət olunmalıdır;
  • İnsanların çox olduğu yerlərdə, məsələn, hava limanlarında, metroda və s. xüsusilə ehtiyatlı olmaq lazımdır.
  • İnsanlar virusa yoluxmamaq üçün bəzi vasitələrin ehtiyatını tutmalıdır və tədbirlər görməlidir.
  • Tibbi maska - xüsusən keyfiyyətlisi, üçqat olanlar;
  • Tibbi rezin əlcəklər - ictimai yerlərdə istifadə etmək üçün;
  • Yüksək keyfiyyətli antibakterial sabun - ev və iş yerlərində əlləri yumaq;
  • Dezinfeksiyaedici vasitələr-etanol, tibbi spirt, xlorgeksidin, antibakterial gellər, çantada gəzdirməli;
  • Buruna çəkmək üçün Oksolin mazı (az da olsa viruslardan qoruyur, çölə çıxanda buruna içəri doğru çəkilir, evə gələndə spirtlə silinib yuyulur);
  • C vitamini, Ringer məhlulu, burunu yumaq üçün dəniz suyu məhlulu, natri xlor;

Göründüyü kimi, Çindəki hadisələrlə bağlı Azərbaycan onsuzda qabaqlayıcı profilaktik tədbirlər həyata keçirirdi. İranda qeydə alınan faktlar ölkəmizdə müvafiq qurumların daha ayıq-sayıq olmasını zəruri edir. Çünki sərhəd ölkədir və gediş-gəliş çoxdur.  İrandan Azərbaycana virusun keçməsə belə,  yenə də ehtiyatlı olmaq mütləqdir.

Yaqut Ağaşahqızı, “İki sahil”