27 fevral 2020 11:11
2402

Əsgər dostluğu: Dostluğu yaşatmaq mənəvi zənginlikdir

Yaxşı dost arzulayırsansa, yaxşı dost olmalısan...

Dostluq duyğusu, dostluğun cəfakeşi olmaq - dostluğu qorumaq mənəvi zənginlikdi. Yüksək döyüş hazırlığına malik olan Azərbaycan əsgəri yüksək mənəvi-psixoloji hazırlığa da malikdir. Deməli, dostun da, dostluğun da qədrini bilir...

Xarakter yeniyetməlikdən ülgüləşir, ülgüləşə-ülgüləşə formalaşır, gənclikdə püxtələşir. “Ömrün oğlan çağları” - el arasında gənclik belə tanınır, tanıdılır, - hərbi xidmətdi. Hərbi xidmət gəncləri - əsgərləri əsl vətəndaş kimi formalaşdırır...

Yeniyetmə çağırış yaşına çatır, hərbi xidmətə gedir, Hərbi and içir, hərbi vəzifələrinin icrasına başlayır. Əsgər bilir ki, başlıca hərbi vəzifəsi torpağı qorumaqdı. Torpaq döyüş növbətçiliyiylə qorunur; hərbi xidmətin mahiyyəti müharibədə (müharibə şəraitində) döyüş növbətçiliyiylə yaşadılır, səngərdə hərbi vəzifələr döyüş  növbətçiliyi ilə eyniləşir...

Səngərdə əsgərlərdən biri demişdi ki, əsgər döyüş  növbətçiliyini Vətən sevgisiylə qoşa, yanaşı (bəlkə də müştərək!) aparır. Döyüş növbətçiliyinin belə dərk edilməsi əsgərin əsl vətəndaş kimi formalaşmasının başlanğıcıdı. Belə düşüncələr, belə xoş ovqatlar tək yaşanılmır. Əsgər belə gərəkli ovqatı əsgər dostlarıyla nəfəs-nəfəsə yaşayır.

Döyüş növbətçiliyinin məsuliyyəti döyüş hazırlığının səviyyəsinin yüksəlməsiylə nəticələnir.

Yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olan Azərbaycan əsgəri əsgər dostluğunu milli mentalitetin tərkib hissələrindən biri kimi yaşadır.

Əsgər dostluğu bir şirin salam-əleyklə başlayır, dünyagörüşünün uyğunluğuyla, yaxınlığıyla, fakt və hadisələrə yanaşma tərziylə, maraq dünyasıyla, ədəbiyyata, incəsənətə bələdliyin səviyyəsiylə,... davam etdirilir, Vətən sevgisinin işığında, hərbi xidmətə münasibətin dönməzliyiylə möhkəmlənir. Azərbaycan əsgəri bilir ki, dostluq mənəvi zənginliklə qazanılır, onu qorumaq xarakter bütövlüyüdü; Azərbaycan Ordusu bütöv xarakterli əsgərlərin ordusudu.

“Qlobus” istiqamətində həmlə olacaqdı; hamı döyüş əzmiylə, qələbə ruhuyla döyüş əmrinin veriləcəyi anı gözləyirdi. Son kəşfiyyat məlumatları əsasında çevik əməliyyat hazırlanmışdı...

Komandir Kamillə Rəhmana əməliyyatdan əvvəl düşmənin nəzarəti altında olan strateji mövqelərə çıxışlara çatmağı tapşırdı, döyüş əmri veriləndə atışa əvvəlcə onlar başlamalıydı. Seymur cəsarətlə: “Komandir, xahiş edirəm, Kamilin əvəzinə məni göndərin. Kamil xəstəhaldı...”, - dedi. Komandirin qaşları çatıldı. Yadına Kabulda müalicədən təzə qayıtmış Usmanın əvəzinə döyüşə getməkdə israrlı olan Şərif düşdü; Usmanla Şərif dostuydu. Seymurla Kamil dostuydu...

Komandirin əli ahəstəcə Seymurun çiyninə endi, “Yaxşı...”, - dedi...

Əsgər dostluğu 80 il, 75 il, 60 il, 40 il,... bundan əvvəl də olub, indi daha duyğusallıqla yaşadılmaqdadı.

“N” hərbi hissəsində xidmət edən Rasim Rasimovla Səlim Səlimov asudə vaxtlarda həm də əsgər dostluğundan danışırlar. Hər söhbət qələbə ruhuyla yekunlaşır. 1993-cü ilin payızında Zəngilanda gizir Səməd Səmədovla bir əhd eləmişdik: İsa bulağından 7 qurtum su içmək, Ərgünəşdə 7 ocaq qalamaq, Cıdır düzündə 7 qucaqlıq yerdən 7 dəstə çiçək dərmək. Əsgər dostlar buna bənzər əhd edirlər. Bizim də, onların da əhdinin gerçəkləşəcəyi gün ən gözəl gün olcaq...

Rəşid Faxralı