Cənab İlham Əliyev Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında koronavirusun yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının mühafizəsi istiqamətində görülən tədbirləri önə çəkərək bildirmişdir ki, ölkədə əhalinin narahatlığı üçün heç bir ciddi əsas yoxdur
Davamlı iqtisadi inkişaf, yüksək rifah dövlət siyasətinin əsasını təşkil edir. Dövlətimizin başçısı İlham Əliyevin bütün çıxışlarının əsasında bu tezis dayanır ki, həyata keçirilən siyasətin təməlində vətəndaş amili dayanır. İrəli sürülən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi ölkədə yüksək ab-havanı təmin etməklə yanaşı, xalq-iqtidar birliyinin daha da möhkəmlənməsini şərtləndirir.
Ölkə Prezidenti İlham Əliyevin bölgələrə ardıcıl səfərləri, hər səfərindən sonra həmin rayonun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə Tədbirlər Planını təsdiqləməsi, Prezidentin Ehtiyat Fondundan vəsaitlərin ayrılması və sair kimi mühüm tədbirlər həm ölkənin hərtərəfli inkişafına, həm də sosial müdafiənin gücləndirilməsinə xidmət edən addımlar sırasındandır. Cənab İlham Əliyevin bu günlərdə Goranboy, Şəmkir və Qazax rayonlarına səfəri, səfər çərçivəsində bir sıra sosial obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirakı, həmin bölgələrin sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə yol tikintisinə, subartezian quyularının qazılmasına vəsaitlərin ayrılması, yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı sərəncamlar imzalaması da deyilənlərin təsdiqidir. Səfər çərçivəsində dövlətimizin başçısının ictimaiyyət nümayəndələri ilə görüşündə göstərdiyi səmimiyyət də diqqətdən kənarda qalmadı. Bu səmimiyyət bir daha bu reallığa işıq saldı ki, ölkə Prezidenti hər kəsin Prezidentidir, xalqa xidmət missiyasını yüksək səviyyədə, layiqincə yerinə yetirməklə, daim çıxışlarında qarşıya qoyduğu “Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir” çağırışının real həyatda ifadəsidir. Rayon sakinlərinin də bildirdikləri kimi, vətəndaşlarla bir yerdə olmaq, onlara arxalanmaq, onlarla ünsiyyətdə olmaq, arzu və təkliflərinə, istəklərinə vaxtında cavab vermək qürurvericidir. Cənab İlham Əliyevin daim ictimaiyyət nümayəndələri qarşısında “Mən həmişə bu dəstəyə arxalanmışam, mənə güc verən Sizin mənə olan inamınızdır” cavabı hakimiyyətin yeganə mənbəyinin xalq olmasının göstəricisidir. Dövlətimizin başçısı Azərbaycanın uğurlarından bəhs edərkən həmişə “insan amili, insan kapitalı” anlayışının mahiyyətini diqqətə çatdırır və bu tapşırığı verir ki, məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, xalqın xidmətçiləridir. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq ona inanır, bu missiyanı aparmağı ona həvalə edib, tapşırıb.
Dövlətimizin başçısı İlham Əliyevin bugünkü gündə, yəni koronavirus infeksiyasına yoluxmaq təhlükəsinin olmasına baxmayaraq qeyd olunan rayonlara səfəri, Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında söylədiyi fikirlər Prezidentin bütün hallarda vətəndaşlarının yanında olduğunu bir daha təsdiqlədi. Cənab İlham Əliyev bölgələrə səfərlərini təxirə salmadı, qeyd etdiyimiz kimi, müxtəlif obyektlərin açılışında iştirak etdi, ictimaiyyət nümayəndələri ilə görüşdü. Amma diqqət yetirsək, koronavirusun yayıldığı ölkələrin heç birində dövlət başçısı insanlar arasında olmur, onlarla görüşmür. Prezidentimizin bu addımı bir daha göstərdi ki, ölkənin regionlarında vəziyyət, insanların problemlərinin həlli dövlət başçısı üçün prioritet təşkil edən məsələdir. O, ən çətin, təhlükəli anlarda xalqın yanında, insanların arasında olur. Azərbaycanda zəlzələ və daşqın olanda, cəbhə bölgəsində hərbi əməliyyatlar gedəndə dövlətimizin başçısı hər hansı təhlükədən çəkinməyərək bilavasitə yerlərə səfər edib, vəziyyətlə şəxsən tanış olub, insanlarla görüşüb, bütün məsələlərin həlli ilə bağlı göstəriş və tövsiyələrini verib. Təbii ki, hər addımda özünə diqqət və qayğının şahidi olan ölkə ictimaiyyəti Prezidentin ətrafında sıx birləşəcək, biri-birindən əhəmiyyətli layihələrin həyata keçirilməsinə dəstək olur.
Günümüzün əsas mövzularından olan koronavirus təhlükəsi, eyni zamanda, dövlətimizin uğurlu siyasəti əsasında səhiyyə sistemində görülən işlərin, həyata keçirilən Tədbirlər Planının nəticələrini bir daha nəzərdən keçirməyi zərurətə çevirir. Son 16 ildə dövlətimizin başçısı İlham Əliyevin “iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır” tələbinə uyğun olaraq qəbul olunan və uğurla icra edilən regional inkişaf proqramlarında əksini tapan müddəalardan biri sosial layihələrin tərkib hissəsi olaraq bölgələrdə müalicə-diaqnostika mərkəzlərinin tikilməsi və insanların istifadəsinə verilməsidir. Səhiyyə sistemində aparılan ardıcıl islahatlar yeni, müasir mərhələyə qədəm qoymasına geniş imkanlar yaradıb. Bu sahənin inkişafı ilə bağlı icra olunan layihələrin respublikanın bütün bölgələrini əhatə etməsi təqdirəlayiqdir. Goranboy Rayon Mərkəzi Xəstəxanasının inşası da bu qəbildən olan tədbirlərdəndir. Belə müasir xəstəxana və tibb ocaqlarının inşası, ilk növbədə, vətəndaşların sağlamlığının qorunması, onların müayinə-müalicə işini yüksək səviyyədə qurmaq üçün atılan addımlardandır.
Dövlətimizin başçısı İlham Əliyev Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında bu rəqəmləri açıqlamışdır ki, son 16 ildə Azərbaycanın yalnız bölgələrində 22 yeni xəstəxana, 15 diaqnostika müalicə mərkəzi inşa edilib, 28 Mərkəzi Rayon Xəstəxanası əsaslı təmir olunub. Beş xəstəxananın tikintisi isə davam edir. Ancaq bölgələrdə 70 müasir tibb ocağı istifadəyə verilib. Son 16 ildə Azərbaycanda 700-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir olunub. Son illər müayinədən keçən vətəndaşların sayı 5 milyona çatıb. “Mən 10 il bundan əvvəl vətəndaşlara belə bir tövsiyə etmişdim ki, ildə bir dəfə hər bir vətəndaş müayinədən keçsin, öz sağlamlığı haqqında onda da, həkimlərdə də məlumat olsun, lazım olan halda müalicə alsın, cərrahiyyə əməliyyatından keçsin” söyləyən dövlətimizin başçısı onu da vurğulamışdır ki, ancaq o vaxt lazımi şərait yox idi, bu gün isə bu şərait var. Ona görə belə gözəl tibb mərkəzinin yaradılması bizim siyasətimizin göstəricisidir. Azərbaycanda əhalinin sağlamlığının qorunması istiqamətində aparılan məqsədyönlü siyasət hər bir vəziyyətdən uğurla çıxmağa əsas yaradır.
Ölkə Prezidentinin çıxışında qeyd etdiyi kimi, hazırda dünya gündəliyini zəbt edən koronavirus məsələsidir və demək olar ki, bütün ölkələrdə bu məsələ müzakirə olunur: “Azərbaycana gəldikdə, deyə bilərəm ki, vəziyyət nəzarət altındadır və mənim göstərişimlə Nazirlər Kabinetinin yanında xüsusi operativ qərargah yaradılıb. Eyni zamanda, göstəriş vermişəm, əlavə 10 milyon manat vəsait ayrılsın ki, lazımi tədbirlərin görülməsi daha sürətlə aparılsın. İranda qalan Azərbaycan vətəndaşlarının təxliyə edilməsi üçün xüsusi tədbirlər həyata keçirilir. Onların həm quru sərhəddən, həm də hava nəqliyyatı vasitəsilə Azərbaycana gətirilməsi təmin ediləcək. Ancaq hər kəs anlamalıdır, onlar lazım olan müddət ərzində karantində qalmalıdırlar ki, Azərbaycanda xəstəlik yayılmasın.” Ali və orta təhsil müəssisələrinin, uşaq bağçalarının müvəqqəti olaraq bağlanması haqqında müvafiq göstərişlərin verilməsi də görülən tədbirlər silsiləsindəndir. Bu günə olan məlumata əsasən, ölkəmizdə bu xəstəliyin yayılması ehtimalı o qədər də yüksək olmasa da, tədbirlər davamlı xarakter alıb. Ölkə ərazisində monitorinqlər aparılır, bütün sərhəd-keçid məntəqələrində xüsusi cihazlar quraşdırılıb. Dövlətimizn başçısı bu məqamı da xüsusi qeyd etmişdir ki, heç bir ölkə bu günə qədər yükdaşımalarının həyata keçirilməsinə məhdudiyyət qoymayıb, o cümlədən də Azərbaycan.
Azərbaycan yerləşdiyi coğrafi məkan görə tranzit ölkədir. Tranzit yüklər üçün məhdudiyyət qoyulmasa da, onların çatdırılması ilə bağlı mütəşəkkil qaydada işlər aparılmaqdadır. Müvafiq yük maşınlarından ibarət xüsusi kolonlar formalaşdırılır, polis müşayiəti təmin edilib. Həmçinin xarici sürücülərin maşınlardan çıxıb ictimai yerlərdə çox olmamaları üçün onlar yeməklə təmin edilir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, hər bir xırdalığa qədər düşünülmüş addımlarda məqsəd Azərbaycan vətəndaşlarını bu xəstəlikdən qorumaqdır: “Bu günə qədər bizim bütün addımlarımız uğurla nəticələnib. Biz daim Ümumdünya Səhiyyə Təşkilatı ilə təmasdayıq və xəstəliyi aşkar etmək üçün testlərin ölkəmizə gətirilməsi ilə bağlı işlər aparılır, bu məsələ öz həllini tapır.” Ölkə Prezidenti görülən tədbirlər nəticəsində bu əminliyi də ifadə edir ki, bu günə olan mənzərəyə görə, narahatlığa heç bir ciddi əsas yoxdur. Səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi, eyni zamanda, gözlənilməz hadisələrə də hesablanıb.
Dövlətimizin başçısı tərəfindən atılan addımlar təbii ki, vətəndaşlar, sadə insanlar tərəfindən böyük rəğbətlə qarşılanır. Sosial problemlər həll olunduqca, rifah halı yüksəldikcə, insan amili öndə saxlanıldıqca vətəndaş da dövlətinə daha çox güvənir, ölkəsinin daha da güclənməsinə töhfəsini verməyə çalışır. Əvvəldə də qeyd etdiyimiz kimi, bu güvənc, inam öz növbəsində dövlətlə vətəndaş arasında birlik, sarsılmaz bağlılıq yaradır. Ölkə Prezidenti İlham Əliyevin yürütdüyü sosial-iqtisadi siyasət belə deməyə əsas verir ki, dövlət siyasətinin daim ana xəttini təşkil edən sosial sahəyə diqqət və dəstək davamlıdır, bundan sonra da belə olacaq. Ümumilikdə cənab İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sosial məsələləri daim diqqətdə saxlamaları, onların həlli istiqamətində ciddi addımlar atmaları, Prezidentin dövlət strukturlarının, məmurların insanların problemlərinə həssaslıqla yanaşmağı bir tələb kimi qarşıya qoyması dövlətin sosial siyasət, insanların rifahının yüksəldilməsi, problemlərinin həlli istiqamətində səfərbərliyinin göstəricisi kimi dəyərləndirilir.
Yeganə Əliyeva, “İki sahil”