Azərbaycanda onu kim tanımırdı ki?! Və təkcə Azərbaycandamı? Çalışdığı ədəbi əlaqələr sahəsində onun istedadı, zəhmətsevərliyi, eləcə də əxlaqı keyfiyyətləri xarici ölkələrdəki həmkarlarına, qələm yoldaşlarına da bəlli idi...
Erməni millətçiliyinin iç üzünü tutarlı faktlarla ifşa edən Səmyel Uimzin “Ermənistan - terrorçu “xristian” ölkəsinin gizlinləri” kitabı (Bakı, Azərnəşr, 2004) professor Zeydulla Ağayevin rəhbərliyi və təşəbbüsü ilə ingiliscədən tərcümə olunaraq rus dilində böyük tirajla çap edilmiş və MDB ölkələrində yayılmışdır.
1989-cu ildə ABŞ-da uzunmüddətli ezamiyyətdə olarkən Zeydulla Ağayev dünya şöhrətli Ayzek Əzimov, Artur Heyli, Stiven Kinq kimi məşhur yazıçılarla şəxsən tanış olmuşdu. Sonralar onlarla məktublaşar, ədəbi əlaqələrini bu və digər şəkildə davam etdirərdi. Hətta Ayzek Əzimovla Nyu-York şəhərindəki evində qonağı olmuş, ondan maraqlı müsahibə götürmüşdü. Səmimi söhbət zamanı görkəmli yazıçı-fantast Zeydulla müəllimə etiraf etmişdir ki, o, əslən Azərbaycanın Quba rayonundandır.
Amerika səfərindən sonra Z. Ağayev öz həmkarları ilə söhbətlərində, eləcə də mətbu yazılarında soykökü Quba yəhudilərindən olan Ayzek Əzimov kimi nəhəng şəxsiyyətlərdən Azərbaycan həqiqətlərini dünyaya yaymaqda istifadə etməyin necə əhəmiyyətli olduğunu vurğulayırdı.
Zeydulla Ağayev Azərbaycan-ABŞ əlaqələrinin yorulmaz, fəal tədqiqatçı idi. Bu sahədə xidmətlərinə görə ABŞ-ın Luiziana ştatının Fəxri vətəndaşı adına layiq görülmüşdü. ABŞ-da iki il Vaşinqton və Kaliforniya universitetlərində çalışaraq elmi araşdırmalar aparmışdı. Eyni zamanda Los-Anceles Universitetində mühazirələr oxumuşdu.
Zeydulla müəllim ox cəfakeş alim, səmimi dost, alicənab insan idi. Ehtıyacı olanlardan heç vaxt əlindən gələn köməyi əsirgəməzdi. Bir dəfə Azərbaycanın Xalq şairi Nəriman Həsənzadə ilə Zeydulla müəllim haqqında söhbət edərkən dedi ki, onun gənc və şux qalmasının səbəbi xeyirxahlığından irəli gəlirdi.
Azərbaycanı onun hüdüdlarından uzaqlarda təbliğ edən bu vətənpərvər ziyalı 75 il əvvəl Masallının axarlı-baxarlı Qəriblər kəndində dünyaya göz açmışdı. Uşaq vaxtı o da öz yaşıdlarıyla Şır-şır bulağın dişgöynədən suyundan içmiş, Təkkeçidin dar, taxta körpüsündən keçib Dəmbəlovun zirvəsinə çıxmışdı. Buradan İstisu ətrafı zümrüd rəngli palıd meşələrini, qıvrıla-qıvrıla dağların qoynundan dənizə can atan Viləş çayının gözoxşayan mənzərələrini seyr etmişdi.
Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis dili fakültəsini 1968 - ci ildə bitirmişdi. Elə həmin təhsil ocağında 1969-cu ildən 1983-cü ilədək çoxtirajlı “Bilik” qəzetinin redaktoru, 1983-cü ildən Azərbaycan Dillər Universitetində tərcümə kafedrasının müəllimi, baş müəllimi, dosenti, sonra professoru, 2000-ci ildən 2005-ci ilədək Azərbaycan Dillər Universitetində elmi işlər üzrə prorektoru, sonra Azərbaycan Universitetində kafedra müdiri vəzifələrində çalışmışdı. Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü idi.
Zeydulla Ağayevin yazıçı kimi imzası ötən əsrin 80-ci illərindən Azərbaycan oxucusuna “Məhəbbət nəğməsi”, “Beş günün intizarı”, “Yenilməzlik”, “Dünyanın düz vaxtı” və s. nəsr kitablarından çox yaxşı tanış idi. Bu əsərlərdə yazıçının toxunduğu problemlər demək olar ki, indi də öz aktuallığını itirməyib.
Öz orijinal nəsr əsərləri ilə yanaşı, o, həm də gözəl mütərcim idi. Tərcümə ədəbiyyatında sahəsində də böyük uğurlara imzasını ataraq, Cek London, Artur Konan Doyl, Teodor Drayzer, Ernest Heminquey, Ayra Levin, Somerset Moyem, Ayzek Əzimov, Elton Sinkler, Con Sommerfild, Artur Heyli kimi dünyaşöhrətli böyük yazıçıların roman, povest və hekayələrini dilimizə çevirib, çap etdirmışdi.
1988-ci ildə “Yazıçı” nəşriyyatında çapdan çıxmış tanınmış ABŞ yazıçısı Artur Heylinin “Aeroport” romanı milli ədəbiyyatımızın tarixində birbaşa ingilis dilindən Azərbaycan dilinə tərcümə edilmiş ilk əsərdir. On il sonra Züydulla müəllim oxuculara Ayra Levinin “Ölümqabağı öpüş” romanını (Bakı, Hərbi nəşriyyat, 1998) təqdim etdi. Zeydulla müəllim mənimlə söhbətlərində deyərdi ki, tərcüməçi əsər müəllifinin tale söykəncidir.
Bədii ədəbiyyat tərcüməsində kamil sənətkar zirvəsinə yüksələn Zeydulla müəllim Azərbaycan yazıçılarının hekayə və pyeslərini ingilis dilinə çevirib “Modern Azerbaijan Prose” (Bakı, Azərnəşr, 2003) kitabını çap etdirmişdi. Kitaba İsmayıl Şıxlı, Anar, Elçin, Sabir Əhmədli, Yusif Səmədoğlu və başqalarının əsərlərindən ingilis dilinə tərcümə etdiyi nümunələri daxil etmişdir.
2005-ci ildə Zeydulla Ağayevin ingilis yazıçısı Somerset Moemin “Qisas” povesti əsasında yazdığı “Haray” faciəsinin Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tamaşası göstərildi. Bu səhnə əsəri Faşist Almaniyası üzərində qələbəyə həsr olunsa da, bu çağımızla səsləşir, “Qara bağrımız nə vaxt nicat tapacaq?” deyə haray çəkən qadın qəhrəmanı sanki Azərbaycanın erməni faşiszminin işğalı altında olan Qarabağı azad etməyə çağırır... Zeydulla müəllim özü də etiraf edirdi ki, bu səhnə əsərində baş verən hadisələri Qarabağla bağlamaq məqsədi güdüb...
Vaxtilə tələbəsi olmuş tanınmış yazıçı Kamran Nəzirlinin təbirincə desək, Zeydulla müəllimin Azərbaycan ədəbiyyatı, tərcümə sənəti, elmi qarşısında böyük xidmətlərini heç kəs dana bilməz... 6 il əvvəl Z. Ağayevin ölüm xəbərindən sarsılan professor Qəzənfər Paşayev “Ədəbiyyat qəzeti”ndə “Tələbəm haqqında vida sözü” məqaləsində yazırdı: “...Fani dünya keşməkeşlidir. Nə edəsən ki, “həyat daimidir, insan amanat”. Ədəbi əlaqələr sahəsində danılmaz xidmətləri olan tanınmış alim, yazıçı və tərcüməçi, qürur duyduğum sevimli tələbəm aramızdan tez getdi. Təsəllini onda tapırıq ki, o, fundamental elmi əsərləri, tərcümələri və bədii əsərləri ilə bizimlədir”
Ruhuna böyük etiramla
Nurəddin Ədiloğlu, “İki sahil”