16 mart 2020 20:10
4740

Azərbaycan ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir

Azərbaycan vətəndaşlarının bütün növ təhlükələrdən etibarlı müdafiəsini təşkil etmək üçün zəruri potensiala malikdir

ÜST-ün ekspertlərinin də qeyd etdikləri kimi, Azərbaycan hazırkı qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin siyasi kursunu son 16 ildə bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev daim bildirir ki, həyata keçirilən siyasətin əsasında vətəndaş amili dayanır. İnsanların  sabit, təhlükəsiz şəraitdə yaşayışının təmin olunması, onların qayğılarının həlli istiqamətində mühüm addımların atılması, bir sözlə, vətəndaş məmnunluğunun yüksəldilməsi bütün dövrlərdə öz aktuallığını qoruyur. Bu gün koronavirus infeksiyasının (COVİD-19) dünya ölkələrində geniş yayıldığı bir vaxtda Azərbaycan dövlətinin öz vətəndaşlarının bütün növ təhlükələrdən etibarlı müdafiəsini təşkil etmək istiqamətində atdığı addımlar da deyilənlərin bariz nümunəsidir. Ölkə Prezidenti hər zaman olduğu kimi, yenə də vətəndaşlarının yanında olduğunu, onların qayğıları ilə yaşadığını, təhlükəsizliklərinin təminatının prioritetliyini əməli tədbirləri ilə təsdiqlədi.

Atılan addımlar, eyni zamanda, Azərbaycan səhiyyəsinin bugünkü inkişafının təqdimatıdır. Bu baxımdan ki, dövlətimizin başçısı İlham Əliyevin diqqət və qayğısı nəticəsində səhiyyə sistemində aparılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini hazırda hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir. Dünya standartlarına cavab verən tibb müəssisələrinin tikilib istifadəyə verilməsi, maddi-texniki bazalarının möhkəmləndirilməsi, həkim-tibb bacısı heyətinin yüksək səviyyədə formalaşdırılması xəstələrin müayinəsi, müalicəsi üçün əlverişli şərait yaradır, ən əsası əhalinin dövlət tibb müəssisələrinə inamını daha da artırır. Dövlətimizin başçısı İlham Əliyevin regionların, həmçinin Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə təsdiqlədiyi Dövlət proqramlarına uyğun olaraq paytaxt və rayonlarda tikilib istifadəyə verilən, dünya standartlarına cavab verən müalicə-diaqnostika mərkəzləri vətəndaşlara hər cür xidməti göstərir. Bu günlərdə dövlətimizin başçısı İlham Əliyevin Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirakı və ictimaiyyət nümayəndələri ilə görüşündə səsləndirdiyi fikirlər də təsdiqlədi ki, regionlarda vəziyyət, insanların problemlərinin həlli dövlət başçısı üçün prioritet təşkil edən məsələdir. Ölkə Prezidenti həmin xəstəxananın açılış mərasimində bu rəqəmləri açıqlamışdır ki, son 16 ildə Azərbaycanın yalnız bölgələrində 22 yeni xəstəxana, 15 diaqnostika müalicə mərkəzi inşa edilib, 28 Mərkəzi Rayon Xəstəxanası əsaslı təmir olunub. Beş xəstəxananın tikintisi isə davam edir. Ancaq bölgələrdə 70 müasir tibb ocağı istifadəyə verilib. Son 16 ildə Azərbaycanda 700-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir olunub. Son illər müayinədən keçən vətəndaşların sayı 5 milyona çatıb. “Mən 10 il bundan əvvəl vətəndaşlara belə bir tövsiyə etmişdim ki, ildə bir dəfə hər bir vətəndaş müayinədən keçsin, öz sağlamlığı haqqında onda da, həkimlərdə də məlumat olsun, lazım olan halda müalicə alsın, cərrahiyyə əməliyyatından keçsin” söyləyən dövlətimizin başçısı onu da vurğulamışdır ki, ancaq o vaxt lazımi şərait yox idi, bu gün isə bu şərait var. Ona görə belə gözəl tibb mərkəzinin yaradılması bizim siyasətimizin göstəricisidir. Azərbaycanda əhalinin sağlamlığının qorunması istiqamətində aparılan məqsədyönlü siyasət hər bir vəziyyətdən uğurla çıxmağa əsas yaradır.

Hazırda dünya gündəliyini zəbt edən məsələ koronavirus infeksiyası ölkəmizdə nəzarət altındadır. Dövlətimizin başçısı İlham Əliyevin göstərişi ilə Nazirlər Kabinetinin yanında xüsusi operativ qərargah yaradılıb. Eyni zamanda, ölkə Prezidentinin göstərişinə əsasən, lazımi tədbirlərin görülməsini daha da sürətləndirmək üçün  əlavə 10 milyon manat vəsait ayrılıb. Dövlətimizin başçısı bu çağırışı edir ki,  hər kəs anlamalıdır, onlar lazım olan müddət ərzində karantində qalmalıdırlar ki, Azərbaycanda xəstəlik yayılmasın. Ali və orta təhsil müəssisələrinin, uşaq bağçalarının müvəqqəti olaraq bağlanması haqqında müvafiq göstərişlərin verilməsi, həmçinin Operativ Qərargahın 14 mart saat 00:00-dan etibarən ölkə ərazisində koronavirusla əlaqədar tətbiq olunan bəzi sosial izolyasiya tədbirləri barədə məlumatı  da davamlı tədbirlər silsiləsindəndir. Bu günə olan məlumata əsasən, ölkəmizdə bu xəstəliyin yayılması ehtimalı o qədər də yüksək olmasa da, tədbirlər davamlı xarakter alıb. Ölkə ərazisində monitorinqlər aparılır, bütün sərhəd-keçid məntəqələrində xüsusi cihazlar quraşdırılıb.

Ayrı-ayrı dövlətlərlə təmasların minimallaşdırılması və ya ümumiyyətlə, dayandırılması, ölkə daxilində ictimai həyata və davranışa sərt məhdudiyyətlərin tətbiq edilməsi bir çox ölkələr üçün səciyyəvi hal alıb. Atılan addımlar təsdiqləyir ki, vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi, onların təhlükəsizliyinin təmin edilməsi və hazırkı qlobal problemin təsirindən müdafiəsi Azərbaycan dövləti üçün ən vacib, prioritet məsələdir. Azərbaycan güclü dövlətdir, vətəndaşlarının bütün növ təhlükələrdən etibarlı müdafiəsini təşkil etmək üçün zəruri potensiala malikdir.

ÜST-ün ekspertlərinin də qeyd etdikləri kimi, Azərbaycan hazırkı qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir. Hazırda Azərbaycan hökuməti ÜST-ün tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq, əhalinin sağlamlığının etibarlı qorunması, virusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirir.

Əvvəldə də qeyd etdiyimiz kimi, fevralın əvvəlindən reallaşdırılan tədbirlər infeksiyanın xaricdən idxalını məhdudlaşdırmaq və onun ölkə daxilində yayılmasının qarşısını almaq məqsədi daşımışdır. Dövlət orqanlarının fəaliyyətini əlaqələndirən operativ qərargahın yaradılması, bəzi ölkələrlə sərhədlərin bağlanması, gediş-gəliş təmaslarının məhdudlaşdırılması, karantin rejiminin tətbiqi və digər addımlar hazırkı dövrə kimi qarşıya qoyulan vəzifələri maksimum icra etməyə imkan vermişdir. İnfeksiyanın dünya ölkələrində geniş yayılması ilə əlaqədar ÜST tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunması Azərbaycanda əlavə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zərurətə çevirib.

Bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması, dövlət və özəl sektora aid qurumlar, vətəndaşlar üçün xüsusi qaydaların elan olunması və onlara ciddi riayət olunması üçün nəzarət mexanizminin formalaşdırılması və tətbiqi qərara alınmışdır. Tətbiq olunan qaydalar təkcə dövlət orqanlarının deyil, ümumilikdə bütün cəmiyyətin, fərdi qaydada hər bir vətəndaşın üzərinə müvafiq məsuliyyət qoyur. Hər bir məsələdə maarifləndirmə işinin yüksək səviyyədə həyata keçirilməsi prioritetdir. Bu baxımdan hər bir vətəndaş üzərinə düşən məsuliyyəti yerinə yetirməklə xəstəliyin coğrafiyasının genişlənməsinin, xəstəliyə yoluxma halının qarşısının alınmasına öz dəstəyini göstərə bilər.

Tətbiq olunan qaydalar milli təhlükəsizlik və milli həmrəylik məsələsidir və tutduğu mövqedən, baxışlarından asılı olmayaraq hər bir vətəndaşdan maksimal şəkildə diqqətli və məsuliyyətli olmaq tələb olunur. Hər bir vətəndaş bilməlidir ki, tətbiq olunan qaydalar ilk növbədə onun və yaxınlarının təhlükəsizliyini, sağlamlığını təmin edən müvəqqəti və məcburi addımlardır. Buna görə də hamı qaydalara anlaşıqlı, dözümlü yanaşmalı, onları maksimum icra etməyə çalışmalıdır.

Qeyd etdiyimiz kimi, maarifləndirmə işi əsasdır. Kütləvi informasiya vasitələrinin ictimai fikrə təsir imkanlarının genişliyini nəzərə alsaq, KİV nümayəndələri, fəal sosial şəbəkə istifadəçiləri bilməlidirlər ki, mövcud qaydalar həm də cəmiyyətimizin informasiya təhlükəsizliyi məsələsidir. Hər bir media orqanı, sosial şəbəkə istifadəçisi vətəndaşlar tərəfindən qaydalara riayət olunmasını malik olduğu potensiala uyğun təbliğ etməli, insanları maarifləndirməli, cəmiyyətdə panika və ajiotaj yaranmasına yol verməməli, insanların narahatlığına səbəb olacaq məlumatlar, şayiələr yaymaqdan çəkinməlidirlər. Hamı bilməlidir ki, yalan, dezinformasiya xarakterli video və fotolar, səs yazıları, iddialar təxribat kimi qiymətləndiriləcək. İctimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi daşıyan və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlər görüləcək. Hər bir vətəndaş nümunəvi davranışı, dövlət orqanlarının işinə dəstək verməklə özünü, ailəsini, yaxınlarını qorumuş olacaq və ümumilikdə cəmiyyətimizin təhlükəsizliyinə öz vətəndaş töhfəsini verəcək. Təbii ki, bütün bu çağırışlar hər bir şəxsdən sosial məsuliyyəti artırmağı tələb edir. Səylərimizi birləşdirək, birgə mübarizə aparaq, sağlamlığımızı təmin edək. Unutmayaq ki, hər bir xəstəliyin qarşısının alınmasında əsas amil qabaqlayıcı tədbirlərin lazımi səviyyədə həyata keçirilməsindən asılıdır. Bir sözlə, koronavirusla mübarizə hər kəsdən özünün həkimi olmağı tələb edir.

Yeganə Əliyeva, “İki sahil”