07 aprel 2020 10:44
1048

Ölkəmizdə vətəndaşların sağlamlığı üçün bütün mümkün tədbirlər həyata keçirilir

“Ölkə başçısının rəhbərliyi ilə Azərbaycanda koronavirus infeksiyasının fəsadlarından qorunmaq üçün vaxtında profilaktik və sistemli tədbirlər həyata keçirilib. Xəstəliyə yoluxmanın qarşısını almaq məqsədilə sərhədlər bağlanıb, bütün təhsil müəssisələrində tədris dayandırılıb. Vəziyyəti bir mərkəzdən idarə etmək üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Dövlətimiz tərəfindən bütün qüvvələr səfərbər edilib ki, xalqımız bu bəladan az zərər və itki ilə çıxa bilsin.” Bu fikirləri İkisahil.Tv-yə müsahibəsində Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirdi.

E.Mirbəşiroğlu vurğuladı ki, hazırda bütün dünya dövlətləri koronavirus (COVID-19) pandemiyası ilə müharibə vəziyyətindədir və bu bəlaya qarşı kəskin mübarizə aparılır. Çarəsi hələ də tapılmayan xəstəliyin nə qədər davam edəcəyi hələ də bəlli deyil. Dünyada olduğu kimi, Azərbaycanda da pandemiyanın yayılmasını məhdudlaşdırmaq məqsədilə turizm, ticarət, ictimai iaşə kimi sahələrdə xüsusi iş rejimləri tətbiq olunub və iş fəaliyyəti məhdudlaşdırılıb. Ölkəmizdə vətəndaşların sağlamlığı üçün bütün mümkün tədbirlər həyata keçirilir.

Pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı dövlət başçısının imzaladığı Sərəncamla dəstək tədbirlərinin maliyyələşdirilməsi üçün Nazirlər Kabinetinə 1 milyard manat vəsait ayrılıb.

Elşad Mirbəşiroğlu bildirdi ki, insanlar arasında virusa yoluxma hallarının sayının azaldılması üçün dövlət tərəfindən ciddi qaydalar tətbiq edilir: “Ancaq bütün bunlara baxmayaraq, təəssüflə deməliyəm ki, ölkəmizdə koronavirus infeksiyasına yoluxma halları artır. Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması ilə Azərbaycan bir çox ölkələrə də örnək olub. Prezident İlham Əliyevin 19 mart tarixli Sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, başqa bir Sərəncamı ilə bu fonda dövlət büdcəsindən 20 milyon manat pul ayrılması, ilkin olaraq öz birillik əməkhaqqını fonda ianə etməsi və daha sonra Birinci vitse-prezident Mehriban Əliyevanın öz birillik əməkhaqqını bu fonda ianə etməsi Azərbaycan cəmiyyəti üçün vətənpərvərlik nümunəsi olmaqla yanaşı, ölkənin qarşılaşdığı çətin məqamlarda həmrəylik nümayiş etdirmək istiqamətində də mühim addım olub. Azərbaycan indiyə qədər bir çox ilklərə imza atıb. Azərbaycan “ASAN xidmət”, DOST kimi layihələri ilk olaraq həyata keçirib.”

Ölkə başçısının dediyi kimi, biz birlikdə güclüyük: “Dövlət və vətəndaşlar əl-ələ versə, biz bu virusun daha geniş yayılmasının qarşısını ala bilərik. Əks halda virusun daha geniş ərazilərə yayılmasına mane olmaq çətinləşəcək. Bir çox ölkələrin nümunəsi var. Əgər özünüzdə koronavirusun simptomlarını hiss edirsinizsə, mütləq təcili tibbi yardıma müraciət edin. Bu dövrdə gigiyena qaydalarına xüsusi diqqət etmək lazımdır. Xüsusilə, evdən kənara çıxanda vətəndaşlarımız daha diqqət etsinlər. Maskası olmayan vətəndaşlar ağız və burnunu şərflə və ya hansısa bir vasitə ilə örtməyə çalışsınlar.”

E.Mirbəşiroğlu bildirdi ki, bu virus bəzən bir neçə gün sonra özünü büruzə verir, bəzən isə sağlam gördüyümüz insan koronavirus daşıyıcısı ola bilir: “Ona görə də vətəndaşlarımızın evdə qalması həm özünüz, həm də Azərbaycan cəmiyyəti üçün çox önəmlidir. Evdən çıxmaq məcburiyyəti yaranmadığı hallarda çıxmaq olmaz. Bu dövrdə yaşlı insanlara, körpələrə, uşaqlara xüsusi diqqət yetirmək lazımdır. Onlar gərək evdə sosial izolyasiya şəraitində olsunlar. Çünki biz onları ancaq belə qoruya bilərik”.

Şəmsiyyə Əliqızı,
Könül Əliyeva, 
“İki sahil”