07 aprel 2020 19:19
1093

Psixoloji yardıma ehtiyacı olan vətəndaşlar FHN-in “112” “qaynar xətt”inə müraciət edə bilərlər

Koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar ölkəmizdə həyata keçirilən tədbirlər çərçivəsində Fövqəladə Hallar Nazirliyi (FHN) aidiyyəti üzrə fəaliyyətini davam etdirir.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən koronavirus pandemiyası ilə bağlı tətbiq edilən xüsusi karantin rejimində əhalidə yarana biləcək psixoloji problemlərin aradan qaldırılması və onlara mənəvi dəstəyin göstərilməsi məqsədilə nazirliyin peşəkar psixoloqları tərəfindən 24 saat fəaliyyət göstərən telefon xətti vasitəsilə psixoloji konsultasiyalar təşkil olunub. Psixoloji yardıma ehtiyacı olan vətəndaşlar aprelin 8-dən etibarən FHN-in “112” “qaynar xətt”inə müraciət edə bilərlər.