08 aprel 2020 14:27
1041

Baş nazir Boris Consonun vəziyyəti sabitdir

Bir müddət öncə koronavirusa yoluxan Böyük Britaniyanın Baş naziri Boris Consonun vəziyyəti reanimasiyada keçirdiyi ikinci gecədən sonra sabit olaraq qalır.

AZƏRTAC Reuters informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Böyük Britaniyanın Səhiyyə nazirinin müavini Edvard Arqara deyib. “Baş nazir Boris Consonun vəziyyəti stabildir, o özünü yaxşı hiss edir”, - deyə Edvard Arqara bildirib. Onun sözlərinə görə, Baş nazir hələ ki, ağ ciyərlərin süni havalandırma sisteminə qoşulmayıb.

Hazırda Britaniyanın Baş naziri vəzifələrini icra edən Daxili İşlər naziri Dominik Raab Boris Consonun xəstəliyin öhdəsindən gələcəyinə və sağalacağına əmin olduğunu ifadə edib. Nazir Consonun huşunun əvvəlki kimi özündə olduğunu və oksigen terapiyası aldığını təsdiqləyib.

Qeyd edək ki, martın 27-də Birləşmiş Krallığın hökumət başçısı Boris Consonun koronavirusa yoluxduğu məlum olub. Həmin gündən etibarən özünü təcrid şəraitində saxlayan Baş nazir aprelin 3-də video müraciətdə hərarətinin yüksək olduğunu bildirib. Aprelin 5-də xəstəxanaya çatdırılan Boris Conson bir gün sonra reanimasiyaya yerləşdirilib.