09 aprel 2020 13:43
1362

Bu gün “OPEC+” ölkələrinin nazirlərinin videokonfrans formatında görüşü olacaq

Aprelin 9-da OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin videokonfrans formatında görüşü keçiriləcək.

AZƏRTAC xəbər verir ki, görüşdə daha çox sayda qeyri-OPEC ölkələrinin nazirlərinin iştirakı və yeni “Əməkdaşlıq Bəyannaməsi”nin müzakirəsi nəzərdə tutulur. Məqsəd neft bazarının sabitləşdirilməsi və qiymətdəki ucuzlaşmanın qarşısını almaqdır. Görüş ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə aparılan danışıqlardan sonra Səudiyyə Ərəbistanı Krallığının çağırışı ilə keçirilir.

Azərbaycan neft bazarının tənzimlənməsi prosesinə töhfə verməyə hazırdır

Azərbaycan da görüşə dəvət alıb. Ölkəmiz neft bazarının sabitləşdirilməsi məqsədilə OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin videokonfrans formatında planlaşdırılan görüşünə qatılaraq neft bazarının qlobal şəkildə tənzimlənməsi prosesinə töhfə verməyə hazırdır. “OPEC+” formatında müzakirələrin bərpası və tənzimləmə mexanizminə qayıtmaq qlobal neft bazarı üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan hesab edir ki, neft istehsalçılarının həmrəyliyi, əməkdaşlığı neft bazarının iqtisadi amillərlə dəstəklənmədiyi situasiyada yeganə həll yoludur.

Ölkəmiz “OPEC+” ölkələrinin bu nadir fürsəti mühüm qərara çevirəcək addımlar atacağını ümid edir. Azərbaycan da indiyə kimi “OPEC+” formatının yaradılması və qərarlarının icrasında mühüm rol oynamış ölkə kimi neft bazarının tənzimlənməsi prosesinə bundan sonra da dəstək verməyə, yeni öhdəliklər götürməyə hazırdır. Eyni zamanda, Azərbaycan bütün neft ölkələrini qarşıdakı görüşdə vahid mövqedən çıxış edərək neft bazarına birgə dəstək verməyə çağırır.

Rusiya neft istehsalını sutkada 1,6 milyon barrel azalda bilər

KİV-ə görə, Rusiya “OPEC+” ölkələri və digər neft hasilatçıları arasında sövdələşmə olacağı təqdirdə neft hasilatını 14 faiz azaltmağa razıdır. Rusiya neft istehsalını cari ilin ilk rübündəki göstəriciyə nisbətən 14 faiz - gündəlik 1,6 milyon barrelə azaltmağa hazırdır.

Rusiya Prezidenti Vladimir Putin daha əvvəl deyib ki, ölkəsi neft bazarının digər iştirakçıları, o cümlədən ABŞ da hasilatı azaldacaqları təqdirdə neft istehsalını azaltmağa razılıq verəcək.

OPEC-in ABŞ-dan neft hasilatını azaltmaq barədə tələbi olmayıb

ABŞ Prezidenti Donald Tramp bildirib ki, OPEC-in Amerika neft istehsalçılarından qlobal qiymətləri dəstəkləmək üçün neft hasilatının azaldılması ilə bağlı tələbi olmayıb. ABŞ-ın neft hasilatının azalmaqda olduğunu deyən D.Tramp bildirib: “Düşünürəm ki, bu, avtomatik olaraq baş verir”.

“Birləşmiş Ştatlardan qlobal bir razılaşmada iştirak etməməyi istəyən olmayıb. Heç kim məndən istehsalın azaldılmasını istəməyib. Əgər belə bir şey istəsələr, qərar verərəm”, - deyə ABŞ Prezidenti qeyd edib.

36 qeyri-OPEC ölkəsi görüşə dəvət edilib

OPEC katibliyi aralarında ABŞ, Kanada, Norveç, Braziliya və Böyük Britaniyanın da olduğu 36 ölkəni bugünkü videokonfransa dəvət edib. Dəvət olunan ölkələr 4 qrupa bölünüb: OPEC üzvləri, kartelə daxil olmayan, lakin “OPEC+” sazişində iştirak edən ölkələr, müşahidəçi dövlətlər, həmçinin əvvəllər OPEC-lə əməkdaşlıq etməyən ölkələr. Sonuncu qrupa ümumilikdə 10 ölkə daxildir: Kanada, Argentina, Braziliya, Kolumbiya, Misir, İndoneziya, Norveç, ABŞ, Böyük Britaniya, Trinidad və Tobaqo. Bu siyahıdakı yalnız üç ölkə - Kanada, ABŞ və Birləşmiş Krallıq hələlik öz iştiraklarını təsdiqləməyib.

Ekspertlərə görə, “OPEC+” ölkələri ABŞ-ın iştirakı olmadan hasilatın azaldılması ilə bağlı razılığa gələ bilməyəcək. ABŞ, Norveç, Kanada və Braziliya kimi ölkələrin də dəstək verəcəyi təqdirdə neft hasilatının gündəlik 15 milyon barrelədək azaldılması mümkün ola bilər.

Beynəlxalq Enerji Agentliyi: Neft hasilatının sutkada 10 milyon barrel azaldılması bazarda sabitliyin yaranması üçün kifayət deyil

Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib: “Ölkələr ciddi həmrəylik nümayiş etdirməli və dünya iqtisadiyyatı üçün böyük təhlükə doğuran neft-qaz sənayesinin çökməsinin qarşısını almağa çalışmalıdır. Neft hasilatının gündəlik 10 milyon barrel azaldılması da neft bazarını xilas etmək və tarazlıq yaratmaq üçün yetərli deyil. Çünki tədarük böyük olduğundan bu həcmi üstələmək lazımdır”.

O bildirib ki, qlobal neft bazarında böyük həcmdə tədarük bolluğu mövcuddur. Bunun birinci səbəbi dünyada neftə olan tələbatın çox aşağı düşməsidir. Qlobal neft tələbatının 60 faizi nəqliyyat sektorunun payına düşür. Hazırda 3,5 milyard insan evlərindən çıxa bilmir və nəqliyyatla bağlı fəaliyyət yoxdur. Bu səbəbdən neftə olan tələb azalır. İkinci səbəb isə, tələbatın azalmasına baxmayaraq, Səudiyyə Ərəbistanı və Rusiyanın istehsalı daha da artırmaq qərarına gəlməsidir. Artan tədarük qiymətdə ciddi enişə səbəb oldu. Neftin qiyməti hazırda 30 dollar/barrel səviyyəsindədir. Lakin bu həftə “OPEC+” üzrə bir qərar verilməyəcəyi təqdirdə qiymətlər daha aşağı düşə bilər. Neft və təbii qaz gəlirlərindən asılı olan ölkələrin iqtisadiyyatında ciddi bir tənəzzül olduğunu görə bilərik. İraq, İran, Əlcəzair və Nigeriya kimi bir çox ölkədə problemlər görə bilərik. Səudiyyə Ərəbistanı və Rusiya kimi güclü maliyyə ehtiyatlarına sahib ölkələrə bunun təsiri vaxt tələb edir, lakin bu ölkələrdə də prosesin təsiri müşahidə olunacaq.

Qeyd edək ki, hazırda neft bazarının tənzimlənməsi prosesində yeni mərhələ başlayır. Problemlər yalnız “OPEC+” ölkələrinə deyil, bu formatdan kənar ölkələrə də mənfi təsir edir. Belə ki, neft bazarında tədricən balansın yaradılması üçün “OPEC+” formatından kənar ölkələr də bu prosesdə iştirak etməlidir. OPEC və digər qeyri-OPEC ölkələrinin geniş formatda əməkdaşlığı baş tutarsa, tarixdə ilk dəfə olaraq yeni bir nizamlama modeli formalaşar, neft bazarında daha effektli və ədalətli tənzimlənmə mexanizmi yarana bilər. Neft bazarında tarazlıq və qiymət sabitliyi əldə edilər.

Qlobal neft bazarı iqtisadi aktivliyin zəifləməsi ilə əlaqədar neftə qlobal tələbatın kəskin azalması və neft ehtiyatlarının artmasının yaratdığı çətinliklərlə üzləşib. Belə ki, neftə qlobal tələbatın azalması gündəlik təxminən 10-15 milyon barrel civarında qiymətləndirilir. Ay ərzində tələbatın sutkada 20 milyon barrel azalacağı, tədarük profisti ilə əlaqədar yaxın aylarda neft anbarlarının tamamilə dolacağı proqnozlaşdırılır.

Xatırladaq ki, “Əməkdaşlıq Bəyannaməsi”nin icrası bu il martın 31-də başa çatıb.