15 aprel 2020 11:11
1542

Qayğıkeş insan, vəfalı ömür-gün yoldaşı, mehriban ana...

Bu gün Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan böyük oftamoloq-alim, Əməkdar Elm Xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anım günüdür. 

Nəsillərə örnək olan mənalı və zəngin  həyat  yolu

Akademik Zərifə xanım Əliyeva mənalı və zəngin həyat yolu keçib. O, qədim Naxçıvan diyarında, adlı-sanlı ziyalıların vətəni olan Şahtaxtı kəndində, görkəmli alim və siyasi xadim Əziz Əliyevin ocağında dünyaya göz açıb. Uşaqlıq və ilk gənclik illəri Şahtaxtıda keçən Zərifə Əliyeva bu kəndin maarifçi mühitinin işıqlı ənənələrindən faydalanıb.

Zərifə xanım 1942-ci ildə Bakı şəhərində orta məktəbi “Əla” qiymətlərlə bitirərək Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olub, 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra oftalmoloq ixtisasını seçib. Moskvada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda məşhur alimlərin iş təcrübəsi ilə tanış olub, praktik vərdişlərə yiyələnib, oftalmoloq ixtisası üzrə mütəxəssis kimi təkmilləşib, iki ildən sonra Vətənə qayıdıb. 1949-cu ildən etibarən Azərbaycan SSR Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlayıb. Bununla da onun elmi axtarışlarının, gələcək müvəffəqiyyətlərinin təməli qoyulub. O, fəaliyyət göstərdiyi Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun aspiranturasına daxil olub, elmi axtarışları dövründə Vətənə, xalqa xeyir verə biləcək ən çətin sahələrdə əzm və iradə ilə çalışıb.

Zərifə xanım Əliyevanın “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işi ötən əsrin ortalarında Azərbaycanda geniş yayılan  traxoma xəstəliyi ocaqlarını, ən çox uşaq müəssisələrini, məktəbləri əhatə edirdi. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatında da qeyd olunduğu kimi, 1948-ci ildə muxtar respublikada 7 min nəfər traxomaya yoluxub. Onlardan 2 mindən çoxu uşaqlar idi. Yaşlıları, o cümlədən uşaqları görmə qabiliyyətinin itirilməsi kimi əzablı dövr gözləyirdi. Belə bir acınacaqlı vəziyyət təkcə Naxçıvan Muxtar Respublikasında yox, bütün Azərbaycanda ciddi həyəcan siqnalının çalınmasına əsas yaratmışdı.

Moskva Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda təhsilini başa vuran gənc Zərifə xanım 1949-cu ildə Naxçıvanda traxomaya qarşı mübarizəyə həsr edilmiş səyyar seminarlarda iştirak edib, bu sahədə əldə etdiyi elmi və praktik nailiyyətlərin tətbiqinə nail olub. Gənc alim 1960-cı ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomitsinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Həmin illərdə Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışan Zərifə xanım 1967-ci ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunub.

Zərifə xanım Əliyeva “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə edib. Alim-oftalmoloqların yüksək qiymətini almış dissertasiya işi oftalmologiyanın bu sahəsində ozamankı Sovet İttifaqı məkanında ilk işlərdən idi. 1977-ci ildə Zərifə xanım Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilib və o, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilib.

Çətinliklərdən qorxmayan, hər zaman ən mürəkkəb problemlərin həllinə cəhd göstərən görkəmli alim tədqiqatlarını rahat kabinetlərdə aparmayıb. O, Azərbaycanın rayonlarını kəndbəkənd gəzib, insanları maarifləndirib. O vaxtlar Zərifə xanım Əliyevaya dünya şöhrəti gətirən görmə orqanının fiziologiyası və peşə patologiyası laboratoriyası Elmi-Tədqiqat İnstitutunda yox, məhz istehsal müəssisəsində – Bakı Məişət Kondisionerləri Zavodunda yaradılıb.

1981-ci ildə ölkəmizin tibb elmi, səhiyyə sistemi tarixində son dərəcə mühüm bir hadisə baş verib. Moskvadan alınan xəbərdə qeyd edilirdi ki, Azərbaycan alimi Zərifə Əziz qızı Əliyeva görmə orqanının peşə patologiyası sahəsində apardığı silsilə elmi-tədqiqat işlərinin dəyərli nəticələrinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülüb.

Zərifə xanım Əliyeva 1982-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasının müdiri olub, 1983-cü ildə nəzəri və təcrübi təbabətdə qazandığı müvəffəqiyyətlərə, alınan elmi nəticələrinin səhiyyə praktikasında geniş tətbiqinə, yüksəkixtisaslı tibb kadrlarının hazırlanması yolunda göstərdiyi dəyərli xidmətlərə görə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilib. O, Azərbaycan oftalmoloqları arasında Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş ilk alimdir.

Zərifə xanımın elmi fəaliyyətini yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev deyib: “Zərifə xanımın tibb elmi sahəsində xidmətlərindən biri də göz müalicəsi, tədqiqatı idi. Mənə belə gəlir ki, onun iki dəyərli irsi vardır. Birincisi, Azərbaycanda ilk dəfə deontologiyanı bir elm kimi meydana atıbdır. İkincisi, Zərifə xanım çalışıb ki, bizim gələcək nəsilləri irsi xəstəlikdən xilas etsin, sağlamlaşdırsın”.

Zərifə xanımın elmi-tədqiqat işlərinin mövzu dairəsi çoxşaxəli və genişdir. O, görmə orqanlarının virusla zədələnməsinə, bu səpkidə aparılan müalicə-profilaktika tədbirlərinə silsilə işlər həsr edib. Onun “Herpetik göz xəstəliyi”, “Ağır virus konyunktivitləri” və sair əsərləri bu qəbildəndir.

Akademik Zərifə Əliyeva çoxsaylı elmi əsərlərin, monoqrafiya, səmərələşdirici təklif və dərs vəsaitlərinin müəllifi olub. Görkəmli alim gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli həkim-oftalmoloqların, professional elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərib. O, onlarla elmlər doktoru və elmlər namizədinin elmi məsləhətçisi və elmi rəhbəri olub, böyük bir elmi məktəb yaradıb. Təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da görkəmli alim kimi tanınan Zərifə Əliyeva oftalmologiya elmində əldə etdiyi nailiyyətlərə, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində göstərdiyi əvəzsiz xidmətlərinə görə “Azərbaycanın Əməkdar Elm Xadimi” fəxri adına layiq görülüb.

Zərifə xanım mətbuatda həkim etikası problemlərinə dair maraqlı məqalələr dərc etdirib. Həmin məqalələrdən birində o yazırdı: “Əsl həkim yalnız o şəxsdir ki, xəstənin əzablarını öz əzabları bilir və onun üçün sağalıb evinə qayıtmış insanın təbəssümü ən yüksək mükafatdır. Vicdan əsas hakiminizdir. Ən çətin məqamda və ən xoş saatımızda o, bizimlə üzbəüz dayanıb soruşacaq: Sənin ağ xalat geyinməyə haqqın varmı?”

Zərifə xanımın çoxistiqamətli elmi yaradıcılığı 12 monoqrafiya, dərslik və dərs vəsaitlərində, 160-dan çox elmi işdə, bir ixtira və 18 səmərələşdirici təklifdə öz əksini tapıb. Böyük alimin bütün mənalı ömrü boyu yaratdığı, lakin heç yerdə çap olunmayan bir kitabı da var: bu, heç bir dərsliyə, yaxud monoqrafiyaya sığmayan Zərifə xanım Əliyevanın həyat kitabıdır.

Zaman-zaman öyrəniləcək və tədqiq olunacaq məktəb

Zərifə xanım zaman-zaman öyrəniləcək və tədqiq olunacaq məktəbdir. Beynəlxalq aləmdə cəm olunaraq, bir araya gələn alimlərin müzakirə obyektinə çevrilən elmi nailiyyətləri Azərbaycan səhiyyəsinin dünyaya nüfuz etməsinə gətirib çıxardı. Azərbaycan və Rusiya alimləri arasında əməkdaşlığın təməlini qoyan, oftalmologiya üzrə milli kadrların hazırlanmasında böyük rol oynayan və bütövlükdə, elmin bu sahəsinin inkişafına qiymətli töhfələr verən Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi çoxcəhətli və zəngindir.

Zərifə xanım Əliyeva 1983-cü ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasına müdir seçildikdən sonra onun fəaliyyəti daha da genişləndi. Onun daktriologiyadan bəhs edən - "Göz sulanmasının fiziologiyası", "Göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi" monoqrafiyaları təkcə oftalmoloqların yox, həm də fizioloqların diqqətini cəlb edir. Zərifə xanım xəstəliyin diaqnostikasının yeni istiqamətdə inkişafını ilk dəfə tədqiq edən alimlərdəndir və bu mövzuya bir sıra elmi məqalələr həsr etmişdir. O, "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərin müəlliflərindən biridir. Zərifə xanım milli oftalmologiyamızın inkişafı üçün çox işlər görmüşdür. Onun arzularından biri də yeni oftalmoloji kompleksin yaradılması olmuşdur. Onun təşəbüssündən sonra ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə həmin kompleksin tikintisinə başlanılmış və görkəmli alimin istəyi müasir dövrümüzdə gerçəkləşmişdir.

Oftalmologiyanın mirvarisi

Zərifə xanım  həm də "Oftalmologiya xəbərləri" jurnalının redaksiya heyətinin üzvü idi. Zərifə Əliyevanın zəngin pedaqoji, elmi və əməli təcrübəsi "Oftalmologiyanın aktual məsələləri" monoqrafiyasında (professor N.B.Şulpina və L.F.Moşetova ilə birlikdə) öz əksini tapıb.

Moskva Oftalmoloji Məktəbi Zərifə xanımı oftalmologiyanın mirvarisi, professor A.Brovkina onu nəciblik və mənəvi paklıq timsalı adlandırmışdır. Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü M.M.Krasnov isə yazırdı: "Zərifə xanım Əliyeva haqqında xatirələrimi bir sözlə ifadə etməli olsaydım, deyərdim: O, həm xeyirxah idi, həm ağıllı idi, həm də qüdrətli idi!"

Bəli, Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Zərifə xanım Əliyeva tibb elminə və praktikasına, yüksək ixtisaslı tibbi kadrların hazırlanmasına da əvəzsiz töhfələr vermişdir.

Əsl ana, vəfalı ömür-gün yoldaşı

Zərifə xanım Əliyeva yaşadığı ömrə təkcə yaxşı həkim olmağı sığdırmayıb. O, heç kəsin dərdinə biganə qalmayan qayğıkeş insan, vəfalı ömür-gün yoldaşı, mehriban ana idi. İllər bir-birini əvəz etsə də, əvəzolunmaz alimin əziz xatirəsi daim ehtiramla yad olunur. İndi onlarla məktəb, xəstəxana, poliklinika, bağ və parklar, küçələr akademik Zərifə xanım Əliyevanın adını daşıyır.

Müasirləri onun haqqında söz açarkən, nəcib bir Azərbaycan qadını olduğunu vurğulayırlar. Zərifə xanım işinin gərginliyinə baxmayaraq, həmişə bir qadın kimi mülayimliyi, həssaslığı, insanlara mehriban və qayğı ilə yanaşması ilə seçilib. Özünün insani təravəti, səmimiliyi, başqalarının kədərinə yanması və köməyinə çatması, ən ağır anlarda insana dayaq durması məxsusi dəyərləri sırasında hallanır. Bəli, bu keyfiyyətləri, peşəkarlığı, ictimai fəallığı ilə Zərifə xanım Əliyeva yüksəkdə dayanır və zaman-zaman xatırlanaraq, fəaliyyətinə nəzər yetirilir. Bu həyat yoluna nəzər saldıqda, bitib-tükənməyən arzulara doğru yol açan ömrün gözəlliyi diqqəti cəlb edir. Bir ana ömrü, bir tədqiqatçı ömrü, bir həkim ömrü, bir alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü. Bu keyfiyyətlər və dəyərlər, məhz şəxsiyyət olaraq ziyalının ömrünə işıq saçmışdır. Zərifə xanım incə və zərif duyğuların vəhdətində Azərbaycan xanımına məxsus olan əlvan çalarlı ömrünü yazılı salnamələrdə əks etdirdi.

Görkəmli dövlət və elm xadimi, bütün bilik və bacarığını xalqa xidmətə sərf etmiş Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım valideynlərinə layiqli bir övlad, məşhur alim, tanınmış həkim, istedadlı insan, sədaqətli ömür yoldaşı və qayğıkeş ana idi. Zərifə xanım Əliyeva ümummilli lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı və etibarlı silahdaşı olmuşdur.

Zərifə xanım Əliyevanın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur və iftixar mənbəyidir. Lakin bu adlar sırasında ən şərəflisi ana adıdır. Qeyri-adi bir ana olan Zərifə xanımın övladlarına münasibəti də xüsusi olub. Övladlarını Ulu Tanrı tərəfindən bəxş olunan nur payı tək qəbul edib. Zərifə xanım Əliyeva cəmiyyət üçün böyük dəyərlərə malik övladlar tərbiyə etmişdir. Bu, onun fədakar ana olmasından irəli gəlirdi. Zərifə xanım qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olaraq iki övlad böyüdüb - ata-anasına layiq, qəlblərində daim Azərbaycan sevgisi yaşadan, Vətənimizin qüruru sayılan övladlar kimi. Zərifə xanım ən yüksək mənəvi hazırlığa malik bir xanım və ana idi.

Göründüyü kimi, Zərifə xanımın bir qadın olaraq ətrafında nə qədər məsuliyyət cəmləşib: ana, həyat yoldaşı, övlad, Vətən keşiyində duran elmli-zəkalı ziyalı. Elm, ədalət, səxavət, səbr, həya və ismət kimi keyfiyyətlər onun həyat simvoluna çevirildi. Bu dəyərlər içərisində güclü və fədakar oldu. Azərbaycan tarixinə məxsusi dəyərləri ilə iz saldı. Yaşanılan ömür yolunun sərlövhələri Onu zamanımızın seçilən xanımı etməklə yanaşı, gələcək nəsillər üçün örnək olacaq bir simaya çevirdi.

Orxan Vahidoğlu, “İki sahil”