29 aprel 2020 10:42
10632

Vətən sənin Vətənindir, Azərbaycan əsgəri!

Ön xətdə dan yeri erkən sökülür. Səngərlərin yan-yörəsində dan yerinin ağarışdandığını görüncə gecənin qaranlığı öləziyir, titrəyir, əsir və yox olur. Bu, təbiətin möcüzəsi deyil, əsgərin döyüş növbətçiliyinin mahiyyətinin dərkinin, döyüş növbətçiliyinə əminliyin, döyüş növbətçiliyi aparanlara inamın təzahürüdür. Azərbaycan əsgərinin döyüş əzmi, qələbə ruhu təbiətə bu baxımdan hökm edə bilir. Ön xətdə, səngərdə könlümüzü telləndirən yazın ruhumuzun da yazı olması istəyi ilə söhbətləşəndə belə demişdim. Əsgərlərin baxışlarına bir məmnunluq sarılmışdı. Bu məmnunluğun oxşarını 2016-cı ilin aprelində Lələtəpədə döyüş növbətşiliyi aparan əsgərlərin baxışlarında da görmüşdüm. Əsgərlərə bunu da xatırlatmışdım. “Yaxşı əsgər baxışı baxışına oxşayan qəhrəmanların döyüş yolunu sədaqətlə davam etdirməyə, o zəfəri tam qələbəylə tamamlamağa borcludur. Biz yaxşı əsgər olacağıq” - demişdilər. Bu biçim könül xoşluğunun işığında söz sözü çəkmişdi, əsgərlərin mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsində ədəbiyyatın, bu baxımdan poeziyanın əhəmiyyətindən söz düşmüşdü. Müxtəlif əsərlər haqqında danışılmışdı. Bir daha əmin olmuşduq ki, ədəbiyyat çağırışçıların xarakterini, əsgərlərin vətən sevgisini formalaşdırır, dunyagörüşlərinin genişlənməsinə böyük təsir göstərir. Bu təsir həm də vətənpərvərlik duyğularının yüksəlməsiylə nəticələnir.

Əsgər Dünyamin Tağızadə qürurla dedi ki, Vətəni sevmək bizim vətəndaşlıq borcumuzdur, qorumaq əsgəri borcumuzdur. Əslində əsgəri borc da vətəndaşlıq borcudur. Dedi və əsgər yoldaşlarına baxdı. Hamısının baxışlarında bu gözəl fikrə tərəddüdsüz şəriklik gördüm. “Vətən Vətəni sevənlərindir. Vətən sizin Vətəninizdir” - dedim. Az sonra biləcəkdim ki, “sizin Vətəninizdir” ifadəsi zabit Cəlal Eminova böyük türk şairi Orxan Şaik Gökyayın “Bu Vətən kimin” şeirini xatırladıb. Dünyaminin də, zabitin də dünyaduyumu könlümə yatdı, sevdiyim şeirin sevdiklərimin əhatəsində səslənişi də mənə könül xoşluğu verdi.

Zabit Ruslan Novruzov Xəlil Rza Ulutürkün 90-cı illərdə milli-xəlqi ruhumuzun manifesti olan “Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram...” misralarını da xatırlatmışdı. Əsgər Rahib Eyvazov əsgər yoldaşları adından şeiri sonacan demişdi. Onda köksümüz ürəyimizə darlıq etmişdi. Bu xatırlatma Vətənlə bağlı gərəkli, məfkurəvi bir söhbətə başlanğıc oldu. Abbas Səhhətin “Vətən”ini də xatırladıq, Səməd Vurğunun “Azərbaycan”ını da, Şəhriyarın “Heydər babaya salam”ını da. Qışın son ayının sazağında bahar mehi ruhumuzun sığalına döndü.

Şeirlə başlayan söhbət əsgərlərin qürurumu silələyən fikirləri ilə davam etdirildi:

-Heç kim sinəsinə döyüb “Mən Vətəni sevirəm” deməsin. Vətəni sevmək hamının mənəvi borcudur.

-Vətəni əsgər olanda da daha böyük sevməlisən, qorumalısan, tərxis edildikdən sonra da.

-Vətən sevgisi son nəfəsəcən ödənilməli olan Vətən borcunu tamamlayır.

Əsgər Cəbrayıl Babayev şeirlərin, şeiriyyyətin işığında hamımızın düşüncələrimizi bürüyəcək bir mətləbə toxundu: Vətəni hamı sevir, əsgərin Vətən sevgisi daha qüdrətlidir. Döyüş növbətçiliyini məsuliyyətlə, sədaqətlə aparan Azərbaycan əsgəri Vətəni sevə-sevə qoruyur, qoruya-qoruya sevir.

Bu sevgi döyüş əzmidi, qələbə ruhudu...

Bu sevgi milli-xəlqi ruhun qadir zərrəsidi...

Bu sevgi “Vətən gözdür, biz kirpik, Gözümüzün keşiyini çəkirik” (Fikrət Qoca) deyən sevgidi...

Bu sevgi “Səngərləri sərhədlərə köçürəcəyik” amalı ilə xidmət edənləri yaşadan sevgidir...

By fikirlər neçə aylar əvvəl ön xətdə, səngərdə əsgərlərdən eşitdiklərimi könlümcə tamamlayır. Əsgərlərdən biri demişdi ki, bir məqalədə oxuduğumuz “ Əsgər ürəyindən başlayır Vətən” fikri bizim hər birimizin gücünə güc verdi. Bu fikri “Haradan başlanır Vətən” sualına ən dürüst, ən məntiqli cavab bilirik. Vətənin başlanğıcı, həqiqətən, əsgər ürəyidir. Səngərin nə olduğunu bilənlər üçün belədir...

“Hər bir hərbi qulluqçu üçün Vətən, dövlət, xalq ucalığı var. Bu ucalıq hərbi xidmət anlayışı ilə ömür anlayışını məfkurə baxımından eyniləşdirir. Çağırışçı hərbi xidmətə müəyyən biliklərlə, müəyyən dünyagörüşlə gəlir. Hərbi xidmətdə yeni biliklər, vərdişlər əldə edirik. Bu biliklər hərbi biliklərdir, vərdişlər hərbi vərdişlərdir. Hərbi xidmətə gələnə kimi nəyi qoruyacağımızı bilirdik, necə qoruyacağımızı hərbi xidmətdə öyrəndik. Hərbi xidmətdə həm də Vətənin, dövlətin nə olduğu haqqında düşüncələrimiz genişləndi, dərinləşdi. Vətən kəlməsinin ifadə etdiyi məzmunu daha əhatəli dərk etdik. Məhz buna görə hərbi xidməti də Vətən qədər müqəddəs bilirik. Ömrümüz, əlbəttə ki, hərbi xidmət dövründə də, tərxis olunduqdan sonra da müqəddəs Vətənə müqəddəs xidmət üçündür” - bu kəlmələri də ön xətdə, səngərdə əsgərlərdən eşitmişəm.

Onda da qürurlanmışım, indi də qürurlandım. Bu qüruru sözə çevirib o hərbi hissədə xidmət edən əsgərlərin timsalında ümumən Azərbaycan əsgərinə xitabən dedim ki, sizi belə qətiyyətli edən bu sevgidir - Vətən sevgisidir. Sənin döyüş hazırlığın da yüksəkdir, mənəvi-psixoloji hazırlığın da. Sən həm də hərbi anda, dövlətə, dövlətçiliyə sədaqətinlə güclüsən. Siz Vətəni daha dəruni sevgiylə sevirsiniz. Əlbəttə ki, bu Vətən sizindir, Azərbaycan əsgəri! Vətən sənindir. Vətəni sevirsən də, qoruyursan da. Onun işğal olunmuş ərazilərini də azad edəcəksən!

Orxan Şaik Gökyayın “Bu Vətən kimin?” şeirinin məntiqi sualına cavab olaarq deyirəm ki, Vətən onu sevənlərindir...

Bu gün hamımız əsgərik. Azərbaycan hamımızındır...

Rəşid Faxralı