14 may 2020 11:02
1824

Görülmüş işlərə ən böyük qiyməti Azərbaycan xalqı verir

Dövlətimizin başçısı İlham Əliyev Sumqayıtda “Gilan Tekstil Park” MMC-nin tibbi maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılış mərasimində bir daha vətəndaşları əldə olunan nəticələrlə kifayətlənməməyə, daha məsuliyyətli olmağa çağırdı

Hər bir dövlətin pandemiyaya qarşı həyata keçirdiyi mübarizə tədbirlərinin uğurlu və uğursuzluğu günümüzün statistikasından aydın görünür. Artıq pandemiyanın birinci mərhələsinin başa çatdığı bildirilir. Eyni zamanda, bu da istisna olunmur ki, ikinci və üçüncü dalğa baş verə bilər. Bunun üçün yenə də qabaqlayıcı tədbirlərin görülməsi əsas tələb kimi qarşıya qoyulur. Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı keçirilən  Sumqayıtda “Gilan Tekstil Park” MMC-nin tibbi maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisəsi bir daha əhalinin sağlamlığının prioritetliyini nümayiş etdirir. Məhz bu diqqət və qayğı vətəndaş məmnunluğunun artmasında əhəmiyyətli rol oynayır. Dövlətimizin başçısı İlham Əliyevə ünvanlanan təşəkkür məktublarında əksini tapan fikirlərə diqqət yetirmək kifayətdir. Bu razılıq, dövlət-vətəndaş birliyinin, həmrəyliyinin yüksəkliyi cənab İlham Əliyev tərəfindən də yüksək dəyərləndirilir. Qeyd olunan açılış mərasimində cənab İlham Əliyev bildirmişdir ki, bu gün hamımızı və bütün dünyanı narahat edən koronavirus pandemiyasıdır. Bu sahədə də Azərbaycan nümunəvi yanaşma göstərir. Bu, həm Azərbaycan vətəndaşlarının ünvanladığı təşəkkür məktublarında, həm də Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru tərəfindən göndərilən hər iki məktubda öz əksini tapır. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda koronavirusla mübarizə sahəsində görülmüş işlərə çox yüksək qiymət verir, həyata keçirilən tədbirlər təqdir olunur: “Əlbəttə ki, bu, görülmüş işlərə verilən böyük qiymətdir. Ancaq bir daha demək istəyirəm ki, ən böyük qiyməti Azərbaycan xalqı verir.”

Göründüyü kimi, xalqımızın görülən işlərdən razılığı, verdiyi yüksək dəyər, ölkə Prezidentinə inam və etimad görülən tədbirlərin miqyasının günbəgün genişləndirilməsində, eyni zamanda, xoş ovqatın, yüksək əhval-ruhiyyənin yaranmasında əsas amildir. Hər zaman pandemiyaya qarşı mübarizə tədbirlərindən bəhs edərkən dövlətimizin başçısı İlham Əliyevin iqtisadi amili bir kənara qoyaraq, yalnız insanların sağlamlığını əsas götürdüyünü böyük ruh yüksəkliyi, rəğbətlə qeyd edirik. Bu gün pandemiyanın bütün ölkələrin, o cümlədən Azərbaycanın iqtisadiyyatına böyük zərbə olduğu inkaredilməzdir. Ölkəmizdə məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsi, özünütəcrid qaydalarının əsas tələb kimi ortaya qoyulması məhz insan amilinə verilən dəyərdən irəli gəlir. Baxmayaraq ki, digər ölkələrdə bu kimi tədbirlərin görülməməsi onlarda yoluxma və ölüm hallarının geniş vüsət almasına gətirib çıxardı. Təbii ki, hər bir hadisə müqayisəli təhlili bir zərurət kimi ortaya qoyur. Nəzərə alsaq ki, bu gün dünyanı narahat edən məsələ xəstəlikdir və bu xəstəliyin coğrafiyasının genişlənməyəcəyi, həmçinin hansı zamanda başa çatacağı barədə fikir söyləmək mümkünsüzdür, bu halda belə bir müqayisəyə bu baxımdan ehtiyac vardır ki, hər bir ölkənin mübarizə tədbirlərinə diqqət yetirməklə ümumi bir model ortaya qoymaq mümkün olun. Azərbaycan yenə də öz təcrübəsinin effektivliyini nümayiş etdirdi. Dünyanın əksər ölkələri karantin rejiminin tətbiqinə, insanların evdən çölə çıxmamalarına daha çox diqqət göstərdilər.

Ölkəmizdə tətbiq olunan qabaqlayıcı tədbirlər öz müsbət nəticəsini verdi. Belə ki, son həftələrin statistikası nəzərə alınaraq aprel ayının 27-dən karantin qaydalarında yumşalmalar başladı. Bugünümüzün əsas narahat doğuran problemi isə bu yumşalmalardan arxayınlıq hissi keçirib sanki virusun birdən-birə yoxa çıxmasını düşünmək, sosial məsuliyyət hissini bir qədər azaltmaqdır. Dövlətimizin başçısı İlham Əliyev qeyd olunan açılış mərasimindəki nitqində də bu məsələyə xüsusi diqqət yönəltmişdir. “Ancaq gördük ki, yumşalma tədbirləri artıq başlayan kimi yoluxanların sayı artmağa başladı. Nəyə görə? Çünki vətəndaşlar bir çox hallarda məsuliyyətsizlik göstərirlər, onlara tövsiyə olunan qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar, dezinfeksiya vasitələrindən istifadə etmirlər. Beləliklə, öz həyatlarını və onlarla təmasda olan yüzlərlə insanın həyatını risk altına atırlar” söyləyən dövlətimizin başçısı İlham Əliyev bir daha Azərbaycan vətəndaşlarına müraciət edərək bu qaydalara əməl etməyin o qədər də çətin olmadığını bildirmişdir.

Ölkəmizdə nizam-intizam qaydalarına riayət etmək, sağlamlığın təminatı üçün bütün şərait yaradılıb. Öncə qeyd edək ki, pandemiya nəinki Azərbaycan, eləcə də dünya dövlətlərinin səhiyyəsinin bugününün aydın mənzərəsini ortaya qoydu. Hətta diqqət yetirsək, inkişaf etmiş ölkələrdə belə xəstələrin müalicəsi üçün zəruri olan avadanlıqların, şəraitin olmadığı özünü qabarıq şəkildə büruzə verir. Lakin Azərbaycan bu sahədə də malik olduğu imkanları ilə diqqət çəkdi. Belə ki, 20-dən artıq ən müasir, avadanlıqlarla zəngin xəstəxana koronavirus xəstələrinin ixtiyarına verildi. Həmçinin yeni istifadəyə verilən “Yeni klinika” tibb müəssisəsi ilk olaraq bu xəstələr üçün nəzərdə tutuldu. Burada koronavirus xəstələrinin müayinəsi, müalicəsi üçün bütün imkanlar mövcud olmaqla yanaşı, yüksək təcrübəyə malik həkimlər onların sağlamlığının keşiyindədirlər. Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında pandemiyaya qarşı mübarizə tədbirlərindən bəhs edərkən ilk olaraq həkimlərin əməyini vurğulayır. Yeri düşmüşkən bu məqamı da xüsusi qeyd etmək istərdik ki, cənab İlham Əliyev “Yeni klinika” tibb müəsisəsinin açılış mərasimindəki nitqində “Bu mübarizədə əsas yük həkimlərin üzərinə düşür. Mən fürsətdən istifadə edərək Azərbaycan həkimlərinə təşəkkürümü bildirmək istəyirəm” söyləyərək onların maddi təminatının yaxşılaşdırılması üçün əlavə tədbirlər görüldüyünü qeyd edərkən “Bu, dövlət tərəfindən həkimlərə göstərilən diqqətin təzahürüdür. Ancaq mən bilirəm və tam əminəm ki, həkimlərin əsas motivasiyası bu, deyil. Əsas odur ki, onlar öz vəzifə borcunu yerinə yetirmək istəyirlər. Onlar Hippokrat andına sadiqliklərini göstərmək istəyirlər. Onlar xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirirlər və öz həyatlarını risk altına ataraq xəstələrə xidmət göstərirlər. Ona görə hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır” fikirləri ilə həkimlərimizin hər şeydən öncə insanların sağlamlığını düşündüklərini, fədakarlıqlarını önə çəkdi: “O cümlədən koronavirusa yoluxmuş xəstələr başa düşməlidirlər ki, həkimlər belə ağır şəraitdə, sadəcə olaraq, yeriməyə çətinlik yaradan geyimlərdə, maskalarda onlara xidmət göstərirlər. Ona görə həkimlər ən yüksək qiymətə layiqdirlər.”

Son aylarda görülən işlərə bir daha nəzər yetirməyimizin səbəbi budur ki, dövlətimiz lazımi dəstəyi göstərir, həkimlərimiz əllərindən gələni edir, xalqımız birlik, həmrəylik nümayiş etdirərək cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına yüksək səviyyədə əməl etməklə evdə qalıb həm özlərinin, həm də ətraflarındakı insanların sağlamlığına dəstək olur, yeganə məsələ məsuliyyət hissini artırmaq, intizam qaydalarına riayət etməkdir. Təbii ki, belə olan halda birinci mərhələdən az itki ilə çıxan ölkəmizin ümumilikdə bu mübarizədə qalib olacağı, vətəndaşlarımızın sağlamlığının qorumasının mümkünlüyü daha inamla qeyd ediləcək. Pandemiyaya qarşı mübarizə tədbirlərinə başlayan zaman maska çatışmazlığı yaşansa da bu gün artıq iki müəssisə maska istehsalına başlayıb. Təbii ki, bu da sənaye potensialımızın yüksək səviyyədə olmasının göstəricisidir.

Dövlətimiz insanların sağlamlığını öndə saxlamaqla yanaşı, iqtisadi imkanların da artırılmasına xüsusi diqqət yetirir. Pandemiya dövründə sahibkarlara maddi dəstəyin göstərilməsi, işsizlərə, karantin dövrü ilə əlaqədar olaraq işini müvəqqəti itirən insanlara 190 manat birdəfəlik yardımın verilməsi, bir sözlə, sosial müdafiənin gücləndirilməsi istiqamətində atılan davamlı addımlar ölkəmizin maliyyə imkanlarının göstəricisidir. Eyni zamanda, Azərbaycan daxili tədbirlərlə yanaşı, beynəlxalq səviyyədə də öz köməkliyini əsirgəmir. Azərbaycanın iqtisadi göstəriciləri beynəlxalq maliyyə qurumları tərəfindən yüksək dəyərləndirilir. Belə ki, dövlətimizin başçısı İlham Əliyevin Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbərləri ilə videokonfrans şəklində görüşündə xüsusi vurğulanmışdır ki, Azərbaycan pandemiya dövründə iqtisadi sahədə yaxşı nəticələr göstərir. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, bu gün dünyada 150-dən çox ölkə yardım üçün beynəlxalq maliyyə qurumlarına müraciət edib. Azərbaycanın bu siyahıda adı yoxdur. “Biz o ölkələrdənik ki, öz gücümüzə bu bəla ilə mübarizə aparırıq. Onu da bildirməliyəm ki, biz artıq 10-dan çox ölkəyə yardım göstərmişik, yük təyyarələri, tibbi ləvazimat, dezinfeksiya materialları göndərmişik. Bəzi ölkələrə maliyyə yardımı göstərmişik” söyləyən cənab İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatı ilə ölkəmiz arasında imzalanan donor sazişini xüsusi diqqətə çatdırır.

Qısa təhlil Azərbaycan dövlətinin istər daxildə, istərsə də beynəlxalq çərçivədə atdığı addımların əsasında böyük məsuliyyətin dayandığını təsdiqləyir. Cənab İlham Əliyevin təşəbbüsü ilə iki Zirvə görüşünün keçirilməsi, Azərbaycandan bütün türk dünyasına, dünya dövlətlərinə birlik, həmrəylik çağırışlarının olunması, ayrı-ayrı sahələrdə təcrübə mübadiləsinin aparılması üçün İşçi qruplarının yaradılması məsələsinin gündəmə gətirilməsi, həmçinin videoformatda səhiyyə, iqtisadiyyat rəhbərlərinin görüşü və sair kimi addımlar deyilənlərin bariz nümunəsidir. Bütün bu addımlar ümumilikdə Azərbaycanın pandemiyaya qarşı qlobal müstəvidə fəal rol oynadığını nümayiş etdirir. Bugünümüzün əsas tələbi, istəyi məsuliyyət hissini artırmaq və pandemiyadan insanların sağlamlığı fonunda daha az itki ilə çıxmaqdır. Bunun üçün hər kəs vətəndaşlıq borcunu yüksək səviyyədə yerinə yetirməli, dövlət-vətəndaş birliyinə öz töhfəsini verməlidir.

Yeganə Əliyeva, “İki sahil”