Belədirsə, Ermənistan parlamentində yaşanmış olay qonşu, amma düşmən ölkənin siyasətçilərinin mənəviyyatına, ağlına və dərrakəsinə dərin şübhələrin yaranmasına əsas verir.
Ermənistan parlamentinin deputatı Mher Sedrakyan dəhlizdə ona sualları ünvanlayan jurnalistlərə sinirlənərək bağırıb: "Rədd olun, qoyun sürüsü!"
Əslində Yerevanda məmurların və deputatların media mənsublarını "sürü", erməniləri isə "key kütlə" adlandırmaları az qala adi hala çevrilir.
Görünən budur ki, erməni siyasi mədəniyyətinin, daha doğrusu, mədəniyyətsizliyinin tərkib hissələrindən biri kobud təhqirlər, çox nadir hallarda incə aşağılamalardır.
Özü də belə aşağılamaların iki qütbü var: onlardan biri siyasi mühit, digəri isə kütlə, ictimaiyyətdir.
Ermənistanda məmurlarla siyasətçilərin vətəndaşları təhqir etmələri artıq fövqaladə, ekstraordinar hadisə sayılmır. Əksinə, hər dəfə belə "açıqlama" sosial şəbəkələrlə lağlağı obyektinə çevrilir, memlər və "caps"lar yaradılır, vəssalam. Bir neçə gün sonra hər şey yaddan çıxır. Kimsə məhkəməyə şikayətlənmir, kimsə tərbiyəsiz məmurdan və ya əxlaqsız siyasətçidən üzr istəməyi tələb etmir. Sonucda isə təhqirlər, savadsızlıq, mənəviyyatsızlıq, məsuliyyətsiz davranış erməni siyasi mədəniyyətinin baza elementlərindən birinə çevrilir.
Ermənistan siyasətində tərbiyəyə, mənəviyyata, əxlaqa yer yoxdur. Belə məziyyətləri olan insan dərhal marginal, bacarıqsız, "dişsiz" sayılır, "ağ qarğa"ya çevrilir. Bu səbəbdən də erməni siyasətçilər, məmurlar, deputatlar situasiyaya uyğunlaşmağa çalışır, axırda da səhnəyə çıxaraq bir-birlərini təhqir edir, pərdə arxasında isə içir, əylənir, zarafatlaşırlar.
Erməni mediası isə hər təhqirdən sonra az qala "şivən" qaldırır, "bizi söydülər" yazır. Cəmiyyətinin əksər hissəsinin baş verənə münasibəti siyasətçilərlə rəsmi qurumların reaksiyasından fərqlənmir. Ciddi və ardıcıl tənqid, istefa tələbləri, dəyişikliklər istəyi yoxdur. Milyonlarla tamaşaçıdan ibarət kütləyə çevrilmiş cəmiyyət fəallaşır, sosial şəbəkələrdə "qaynama" başlanır, amma hər şey masa üzərindəki domino və ya nərdlə bitir. Siyasi folklor yeni ifadələrlə zənginləşir, sosial şəbəkələrdə yeni memlər yaradılır və paylaşılır, məmurlar ələ salınır, təhqir olunur. Bu adamlar sanki məmurlarla siyasətçilərdən qisas alır, onları aşağılamağa çalışırlar.
Amma onlar unudurlar ki, Ermənistanda hakimiyyətlə siyasətdə olanların belə "incə məsələlər"ə immunitetləri var.
Özü də məmurlarla siyasətçilər tənqid yox, təhqir olunurlar. Bu isə erməni cəmiyyətində hadisələrin adekvat dəyərləndirilməsinin əvəzinə emosional çılğınlığın, bir də savadsızlığın olduğunu göstərir.
Ən pisi isə odur ki, belə abırsızlıq Ermənistanda adi hala dönür.
Yəni belə çıxır ki, Ermənistanda ictimaiyyətlə hakimiyyət arasında kompromis əldə olunub: məmurlar və deputatlar sanki vətəndaşlara deyirlər: "Əsas odur ki, sərt tənqid olmasın, lağlağı və ələ salmalar üçünsə sizə səbəb verərik".
Bu isə siyasətlə xalq münasibətlərindən daha çox, təlxəklə tamaşaçı mükaliməsini xatırladır.
Hamı razıdır, şadyanadır.
Di gəl, sürünün harada, çobanların harada olduğunu ayırd etmək çətinləşir.
Kəlbəcər- azadlığın, dövlətçilik iradəsinin və yeni inkişaf mərhələsinin simvolu