22 may 2020 18:01
947

Könüllülük gənclər üçün təcrübə məktəbidir

Ötən il ölkəmizin tarixində “Nəsimi İli” kimi yadda qaldı. Azərbaycanın müxtəlif məkanlarında gənc könüllülərin iştirakı ilə 650 min ağacın əkilməsi ilə başa çatan “Nəsimi İli”ndən sonra dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin “Könüllülər İli” elan olunması xalqın mənəvi dünyasının ən dərin qatlarından gələn düşüncə xəzinəsini, ali dəyərləri gənc nəsillərə ötürməklə yanaşı, onların potensialından ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədlərini də özündə ehtiva edir.

Könüllülük gənclərə bilik, ilkin əmək vərdişləri, kollektivdə çalışmaq və dövlət orqanının işi ilə yaxından tanışlıq şansı verir və bu yolla onların əmək bazarında öz yerlərini tutmalarına münbit şərait yaradır. Eyni zamanda, könüllülük gənclərdə vətənpərvərlik və dövlətçiliyimizə sədaqət kimi keyfiyyətləri formalaşdırır. Könüllülüyün zamanı, məkanı, yaşı, sərhədləri yoxdur. İnsan hər bir yaşında, ömrünün bütün anlarında könüllü ola bilər. Amma unutmayaq ki, könüllülük hərəkatının əsas hərəkət qüvvəsi enerjili, həvəsli, cəmiyyətə nəsə bir fayda vermək istəyi ilə yaşayan gənclərdir. Bu gün əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş könüllülük hərəkatı ölkəmizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilərək dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən biri olmuşdur.

Pandemiya dövrünün ən vacib elementinə çevrilən könüllülərin fəaliyyəti sosial müdafiəyə xüsusi ehtiyacı olan insanlara dövlət qayğısının necə gerçəkləşdirildiyini əyani şəkildə göstərdi. Bir daha şahidi olduq ki, könüllülər hərəkatı koronavirusla mübarizədə həkimlərlə, polislərlə, digər mühüm sektorlarda çalışanlarla çiyin-çiyinə duraraq, cəmiyyətimiz üçün nə qədər əhəmiyyətli olduğunu sübut etdi. Pandemiya ilə mübarizədə könüllülərin önə keçməsi gənc nəsil üçün böyük bir təcrübə məktəbi oldu. Bəli, fəxrlə demək olar ki, Azərbaycanın pandemiya ilə mübarizədə olduğu kimi, bu çətin sınaq dövründə - virusla savaşda könüllülərin iştirakı ilə bağlı öncül təcrübəsi də dünyada nümunə sayıla bilər.

Könüllülük özünü başqaları üçün gərəkli hiss etmək duyğusudur. Məşğul olduğun, könül verdiyin işə qəlbinin sevgisini qatmaqdır. Öz müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, bu gün ölkəmizin Birinci vitse prezidenti Mehriban xanım Əliyeva məşğul olduğu bütün işlərə hansısa vəzifə öhdəliyi kimi yox, könül işi kimi yanaşır, ona qəlbinin sevgisini qoyur, məhz bu səbəbdən onun adı olan bütün işlər böyük uğur qazanır, sadə insanlarda rəğbət doğurur. Mehriban xanımdan örnək alaraq yaşımızdan, vəzifəmizdən asılı olmayaraq biz hamımız cəmiyyətimizə, bugünümüzə və gələcəyimizə bacardığımız qədər fayda verməyi könül işi bilməliyik.

Gəlin, hər zaman xeyirxah işlər görərək könlümüzün saflığını qoruyaq ki, gələcəyimiz işıqlı, əməllərimiz nurlu olsun.

Gülmirə Məmmədova,

Nəsimi rayonunda 46 saylı tam orta
məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi