Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlara, sülh prosesinə qeyri-konstruktiv addımları ilə mane olan Ermənistanın Azərbaycanın işğal olunmuş bölgəsində qanunsuz «seçki» keçirməsi və «prezident» üçün qondarma «andiçmə mərasimi» təşkil etməsi dünya ictimaiyyəti tərəfindən BMT-nin, digər beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrə zidd hərəkət kimi pislənilmişdir. Qeyri-qanuni «andiçmə»nin xalqımız üçün mənəvi dəyəri ilə seçilən Azərbaycanın işğal olunmuş Şuşa şəhərində, «Azərbaycan» adlı kinoteatrın binasında təşkili isə erməni həyasızlığının, işğalçı dövlətin rəhbərliyinin təxribatlarının ən çirkin nümunəsidir.
Dünya birliyi tərəfindən qəbul olunmuş həqiqət budur ki, münaqişə yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində, Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və məcburi köçkünlərin doğma yurdlarına qayıtması şərti ilə həll oluna bilər. Yalnız bu şərtlərlə regionda sülhün təminatı mümkündür.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bütün dünya dövlətləri tərəfindən tanınır. Buna görə də Azərbaycanın işğal olunmuş ərazilərində 31 mart və 14 aprel 2020-ci il tarixlərində qeyri-qanuni təşkil edilmiş «prezident seçkiləri» beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən tanınmadığı üçün heç bir hüquqi əsası yoxdur. Buna görə də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qondarma rejimin «başçısı» Araik Arutunyanın «Azərbaycan Dağlıq Qarabağ bölgəsinin erməni icmasının öz müqəddəratını təyinetmə hüququnu tanıyarsa və təhlükəsizlik təminatı verərsə, münaqişə mərhələli şəkildə həll edilə bilər» kimi sərsəmləməsi bu xalqa məxsus illüziya xəstəliyi, xəyalpərəstlikdir.
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev məsələyə münasibət bildirərək qeyd edir ki, Azərbaycan münaqişəsinin sülh yolu ilə həllini və Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının sülh şəraitində birgə yaşamasını və inkişafını dəstəkləyir: «Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icması 1975-ci il Helsinki Yekun Aktında nəzərdə tutulmuş öz müqəddəratını təyinetmə prinsipindən bölgənin azərbaycanlı icması ilə birlikdə bərabərhüquqlu şəkildə və Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində istifadə edə bilər. Öz müqəddəratını təyinetmə prinsipi heç bir halda ölkələrin ərazi bütövlüyünün pozulması, işğal faktının legitimləşdirilməsi, yaxud ərazilərin ilhaqı ilə nəticələnə bilməz» söyləyən icma rəhbəri onu da bildirir ki, münaqişədən ən çox əziyyət çəkən məhz əraziləri işğal olunmuş Azərbaycan və öz doğma yurdlarından didərgin salınmış yüzminlərlə azərbaycanlı məcburi köçkündür. Azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki erməni icması üçün heç bir təhlükə yaratmayacaq. Belə ki, Ermənistanın və qondarma rejimin təhlükəsizliklə bağlı iddiaları münaqişənin həllini yubatmaq və nəticədə Azərbaycan ərazilərinin işğalını uzatmaq üçün bəhanədən başqa bir şey deyildir. Buna görə də Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq bir daha erməni icmasını icmalararası dialoq təklifimizə səs verməyə çağırırıq.»
Tural Gəncəliyev onu da vurğulayır əvvəllər də kriminal məsələlərdə adı hallanan oliqarx A. Arutunyan öz açıqlamaları ilə «siyasət»” və «idarəetmə”də» savadsız, təsadüfi və oyuncaq bir fiqur olduğunu təsdiqləyir: «Onun Azərbaycanı hədələməsi isə istehza və gülüş doğurur. Əslində, bu qondarma «başçı”»nın özü də yaxşı dərk edir ki, bölgənin erməni icmasının Azərbaycanın suverenliyindən kənar heç bir gələcəyi yoxdur. Tam ümidvarıq ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icması tezliklə belə kriminal ünsürlərin «hakimiyyəti”»ndən azad olunacaqdır.» Prezident İlham Əliyevin vurğuladığı kimi ölkəmiz öz ərazi bütövlüyünü təmin edəcək və işğaldan azad edilmiş bütün torpaqlarda bərpa işləri aparılacaqdır.
Çox təəssüf ki, işğalçı dövlətin satın aldığı bəzi yarımçıq siyasətçilər, adı deputat olub səlahyyətlərini başa düşməyənlər də mövcuddur. Kanada Parlamentinin Nümayəndələr palatasının erməni lobbisinə yaxın olan üzvü Reyçl Harder Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində təşkil edilmiş qondarma rejimin nümayəndəsinə «təbrik məktubu» da təəssüf doğurur.
Xanım Harderin belə əsassız yanaşmasına kəskin etirazını bildirən icma rəhbəri, eyni zamanda Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi seçki dairəsindən millət vəkili, Milli Məclisdə Azərbaycan-Kanada dostluq qrupunun rəhbəri Tural Gəncəliyev xanım Harderə xatırladır ki, Ermənistan beynəlxalq hüququn əsas prinsiplərinə, BMT və digər beynəlxalq təşkilatların qərarlarına zidd olaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik ərazilərin qanunsuz işğalını davam etdirir. Azərbaycanlılar ermənilərin apardıqları milli- etnik təmizləmə siyasəti nəticəsində zorla evlərindən qovulmuş və təməl insan haqlarından məhrum edilmişdir. Bu baxımdan Azərbaycanın işğal edilmiş ərazilərindəki «seçki şousu»nu «legitimləşdirmək»” cəhdi insan hüquqlarına və qanunun aliliyi prinsipinə hörmətsizlikdir. Beynəlxalq ictimaiyyət, o cümlədən Kanada, yekdilliklə qanun və ədalətin tərəfini tutaraq «seçki şousu»”nu qəti şəkildə rədd etmiş, Azərbaycanla həmrəy olduğunu bildirmişdir.
«Çox təəssüf ki, Kanada kimi insan hüquq və azadlıqlarına yüksək hörmət nümayiş etdirən bir ölkənin parlamentarisi Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilən etnik təmizləmə siyasətinə dəstəyini ifadə etmiş, bununla da Kanadanın xarici siyasət maraqlarına və əsaslandığı dəyərlərə kölgə salmışdır» söyləyən Tural Gəncəliyev vurğulayır ki, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması münaqişənin dinc yolla həllini dəstəkləyərək, Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının sülh şəraitində birgə yaşaması və inkişafı yolunda səylərini əsirgəmir, bu məqsəd üçün yorulmadan çalışır, ədalətin əleyhinə olanları isə bu yanlış yoldan çəkinməyə,
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində sülhün yaranmasına dəstək verməyə çağırır.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Ona görə beynəlxalq hüquq, hərbi qüdrətimiz, eyni zamanda, iqtisadi üstünlüyümüz, torpaqlarımızın azad olunmasında əsas rol oynayacaqdır.
Xuraman İsmayılqızı,
«İki sahil»