02 iyun 2020 13:36
1187

Dövlət başçısına yazırlar: Cənab Prezident, xoşbəxt xalqıq ki, ölkəmizin Sizin kimi Prezidenti var

Koronavirus pandemiyasının geniş yayılmasından irəli gələrək əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlərə görə ölkəmizin bütün bölgələrindən Prezident İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir.

“İki sahil” dövlətimizin başçısına ünvanlanan daha bir neçə məktubu təqdim edir.

İmişli rayonunun Yuxarı Qaralar kəndindən Şəmsiyyə Rahmanova: “Hörmətli cənab Prezident! Mən bir Azərbaycan vətəndaşı, gənc nəslin nümayəndəsi və dövlət qulluqçusu kimi bu məktubu Sizə böyük qürur hissi və sevgi ilə yazıram. Azərbaycan gənci kimi dünyada, eləcə də, Azərbaycanda gedən prosesləri yaxından izləyirəm. Fəaliyyətinizi, Azərbaycan xalqına göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndirirəm. Hələ koronavirus infeksiyasının dünyanı bürümədiyi vaxtdan ölkəmizdə Sizin tərəfinizdən çox ciddi, davamlı və təsirli tədbirlər həyata keçirildi. Azərbaycan dövlətinin atdığı addımlar dünyanın bir çox inkişaf etmiş ölkələri üçün nümunə oldu. Sizin bütün qərarlarınızla həmrəyik. Hamımız inanırıq ki, bu qərarlar bizi bu bəladan minimum zərərlə qurtaracaq. Biz hər zaman, eləcə də, pandemiya dövründə Sizin dəstəyinizi öz üzərimizdə hiss edirik. Biz Sizi və fəaliyyətinizi dəstəkləyir və Sizə güvənirik. Xoşbəxt xalqıq ki, ölkəmizin Sizin kimi Prezidenti var. Sizə minnətdarıq, cənab Prezident.”

Bakı şəhərindən Mehriban Mirzəyeva: “Möhtərəm cənab Prezident! Siz ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısısınız. Xalqımızın rifahı, daha yaxşı yaşaması üçün gördüyünüz bütün işləri alqışlayır, yorulmaz fəaliyyətinizə görə Sizə minnətdarlığımı bildirirəm. Dünyanı cənginə almış koronavirus pandemiyası Azərbaycandan da yan keçməyib. Sizin müdrik və uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə pandemiyanın təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atılıb. Bütün bunlar sübut edir ki, yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Cənab Prezident, insanların sağlamlığının qorunması məqsədilə Sizin tapşırığınızla hər bir vətəndaşa hər cür yardım göstərilir. Gördüyünüz bu işlər, qabaqlayıcı tədbirlər bir daha sübut edir ki, Siz daim xalqımızı düşünür və hər bir vətəndaşın qayğısına qalırsınız. Cənab Prezident, Sizin "Biz birlikdə güclüyük!" çağırışınız uzun illər ölkəmizin zəfər simfoniyası olacaq. Biz Sizinlə fəxr edirik. Allah Sizi, ailənizi və xalqımızı qorusun.”

Saatlı rayonunun Çolpı kəndindən Vaqif İbrahimov: “Möhtərəm cənab Prezident! Sizə öz adımdan və qohumlarımın adından təşəkkürümüzü bildirirəm. Koronavirusun dünyada yayıldığı bir vaxtda Siz qısa müddətdə xəstəxanalar inşa etdirərək tam hazır vəziyyətdə xalqımızın istifadəsinə verdiniz. Maska istehsalı fabrikinin açılması, şəhər və rayonlarda mütəmadi olaraq dezinfeksiya işlərinin aparılması, işsiz vətəndaşlara yardımların verilməsi Sizin çevik və zəruri tədbirlərinizin nəticəsidir. Bütün bunların hesabına Azərbaycanda kütləvi yoluxmanın qarşısı alınmışdır. Sevindirici haldır ki, digər ölkələr Sizin iş prinsipinizdən nümunə və örnək götürür. Biz Sizinlə fəxr edirik. Siz Azərbaycan xalqının dayağı olduğunuz üçün Allah Sizə hər zaman dayaq olsun. Sizin bu iş prinsipinizi gördükdə ulu öndər Heydər Əliyevin 1980-cı ildə Sabirabad rayon zəhmətkeşləri qarşısında çıxış edərkən söylədiyi sözləri xatırladım. Ulu Öndər o vaxt demişdi: “İnsanda istək olanda, arzu olanda, iradə olanda qarşıda duran hər bir çətinliyə nail olmaq olar”. Bəli, bu istəyi Sizdə gördük. Sizin işlərinizə “əhsən” deyirik. O gün olsun ki, işğal olunmuş torpaqlarımız sülh yolu ilə azad olunsun, növbəti təşəkkür məktubunu da onda yazaq. Hörmətli Prezident, Sizə möhkəm cansağlığı, gələcək işlərinizdə yeni-yeni uğurlar, ailə səadəti, xoşbəxtlik arzulayırıq.”

Şirvan şəhərindən Fəridə Yahyayeva: “Hörmətli cənab Prezident! Koronavirus infeksiyasına qarşı həyata keçirdiyiniz ardıcıl və məqsədyönlü tədbirlərə, əhalinin maddi rifah halının yaxşılaşdırılmasına və sağlamlığının qorunmasına görə verdiyiniz düşünülmüş qərarlara görə Sizə ailə üzvlərimizin adından və öz adımdan dərin minnətdarlığımı bildirirəm. Çünki biz görürük ki, Azərbaycan xalqının yaxşı güzəranı və gözəl gələcəyi Sizin üçün ən ümdə məsələdir. Məhz verdiyiniz operativ qərarlar göstərdi ki, digər ölkələrlə müqayisədə ölkəmiz bu infeksiyadan az zərərlə çıxmağı bacarır. Cənab Prezident, mən böyük qürurla deyə bilərəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan xalqı qarşılaşdığı bu bəladan tezliklə qurtulacaq və narahatlıq keçirdiyimiz çətin günlər arxada qalacaqdır. Siz olduqca şərəfli və çətin bir yoldasınız. Sizi əmin edirəm ki, Azərbaycan xalqı Sizi sevir, dəstəkləyir və verdiyiniz hər bir qərarın arxasında durur. Bir daha ölkəmizin sağlam gələcəyi və inkişafı naminə gördüyünüz işlərə və yorulmaz fəaliyyətinizə görə Sizə minnətdaram. Sizə möhkəm cansağlığı və səbr diləyirəm. Tanrı Sizi və ölkəmizi qorusun.”

Quba şəhərindən Sahilə Ağasiyeva: “Hörmətli cənab Prezident. Son aylarda bəşəriyyətin bəlasına çevrilən COVID-19-la bütün dünya mübarizə aparır. Belə bir vaxtda Siz xalqa müraciət etməklə, bir daha bizimlə - xalqla birlikdə olduğunuzu isbat etdiniz. Bildirmək istəyirəm ki, Sizin həyata keçirdiyiniz bütün qabaqlayıcı tədbirləri ürəkdən bəyənirik. Azərbaycanın bütün bölgələrində vətəndaşlarımızın sağlamlığının qorunması naminə görülən tədbirlər uğurla davam etdirilir. Biz bilirik ki, pandemiyanın miqyasının məhdudlaşdırılması istiqamətində atılan hər bir addım mühüm strateji əhəmiyyət kəsb edir və baş verə biləcək fəsadların aradan qaldırılmasına yönəldilib. Artıq xalqımız bu bəlanın ciddiliyini Sizin tövsiyələriniz sayəsində daha dərindən anlayaraq dərk edib. Cənab Prezident, Sizin sözünüzlə desək, “Biz birlikdə güclüyük!”. Xalqımızın rifahı və sağlamlığı naminə atdığınız bütün addımlarınızı dəstəkləyir, Sizin rəhbərliyinizlə ölkəmizin işıqlı və gözəl gələcəyinə əminliyimi ifadə edirəm. Ulu Tanrıdan Sizə uzun ömür və cansağlığı arzu edirəm.”