03 iyun 2020 15:07
919

Deputat: Donald Tramp bu mövqeyində tam haqlıdır

Xəbər verildiyi kimi, mayın 28-də ABŞ Prezidenti Donald Tramp “Onlayn senzuradan müdafiə barədə” Fərman imzalayıb. Trampa görə, sosial şəbəkələr, xüsusilə “Twitter” ABŞ-a qarşı açıq şəkildə siyasi qərəz göstərir, başqa ölkələrin “siyasi aləti” kimi çıxış edir və onların anti-ABŞ siyasətini dəstəkləyir, yəni bu ölkəyə qarşı informasiya təxribatları ilə məşğul olur.  Bu isə o deməkdir ki, onlayn platformaların fəaliyyəti şəffaf və hesabatlı deyil, onlar fikir azadlığını qorumaq üçün universal normativ standartlara malik deyillər. Bu mənada ABŞ Prezidenti Donald Trampın Fərmanı, əslində sosial şəbəkələrdə hazırda mövcud olan informasiya xaosuna nizam gətirmək cəhdidir. Ona görə də ABŞ Prezidentinin bu məsələyə münasibəti dəstəklənir.

Milli Məclisin deputatı Tahir Rzayev mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, həqiqətən də  bir çox sosial şəbəkələr təcavüzkarlığı, qarşıdurmaları, terroru təbliğ edirlər: “Onlar, həmçinin xarici havadarlarından pul qoparmaq məqsədi ilə bəzi nüfuzlu şəxsləri də şantaj etməkdən çəkinmirlər. Bütün bunlara görə cəmiyyət, eləcə də ayrı-ayrı şəxslər əziyyət çəkirlər. Yəni, onlar insanların həyatını, psixologiyasını, əgər belə demək mümkünsə, zəhərləyirlər. Onların bu hərəkətləri isə fikrimcə, məsuliyyətsizlikdən başqa bir şey deyildir. Bu mənada ABŞ Prezidenti Donald Trampın ölkədə sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsinə dair imzaladığı Fərman təqdirəlayiqdir”.

Müsahibimiz vurğuladı ki, bu gün Amerika dünyanın super dövlətidir: “Bu ölkə həm də söz-mətbuat azadlığının beşiyi kimi tanınır. Görün, sosial şəbəkələrdəki məsuliyyətsiz yazılar, çağırışlar bu ölkəni necə silkələyib ki, ölkənin başçısı “Onlayn senzuradan müdafiə barədə” Fərman  imzalayıb. Donald Tramp bu mövqeyində tam haqlıdır. Bu sənədi, həm də sosial şəbəkələrin hüquqi tənzimlənməsinin vacibliyinin ABŞ-da da dərk olunmasının göstəricisi kimi xarakterizə etmək olar.  Yeri gəlmişkən qeyd edək ki, artıq Avropada bir sıra dövlətlər, o cümlədən Almaniya sosial şəbəkələrin zərərli təsirlərindən qorunmaq üçün məhdudlaşdırıcı qanunlar qəbul edib və proses sürətlə davam edir.”

Müsahibimiz, həmçinin qeyd etdi ki, son dövrlər sosial mediada ictimai və siyasi şəxslərə qarşı aqressiv formada və cinayət hüququna zidd şəkildə əks təbliğatın aparılması hallarının artması ilə əlaqədar Milli Məclisdə də fikirlər səsləndirilir: “Qlobal xarakter və məzmun kəsb edən belə bir şəraitdə Azərbaycan da prosesdən kənarda qalmır və ümumi işə öz töhfəsini vermək üçün müvafiq addımlar atmaqdadır. Mənim fikrimcə, insanların psixologiyası ilə oynayan sosial şəbəkələrin qanunla tənzimlənməsi vacibdir. Nüfuzlu insanlara qarşı terrora çağırış edən, şantajla məşğul olan, söyüş, təhqir yağdıran sosial şəbəkələr bağlanmalı, yaxud da müəyyən çərçivəyə salınmalıdır. Belə yaramaz işlərlə məşğul olanlar isə məsuliyyətlə cəlb olunmalıdırlar. Əks halda, bizim  milli-mənəvi dəyərlərimiz korlana bilər. Amma bu tənzimlənmə elə olmalıdır ki, burada ifadə azadlığı, sərbəst fikir paylaşımı qorunsun, eyni zamanda sosial şəbəkələrdə baş verən neqativlərin də qarşısı alınsın.”

Müsahibimiz daha sonra dedi: “Bəzən görürsən ki, Azərbaycanla bağlı pozitiv yazılara təhqir və söyüş dolu şərhlər yazılır. Çox güman ki, həmin şərhlər ermənipərəst dairələr tərəfindən idarə olunur. Yaxud əgər xatırlayırsınızsa bu il Milli Məclisə keçirilən seçkilərdə rəsmi şəxslərin ünvanlarına çoxlu təhqirlər, böhtanlar yağdırıldı. Şəxsən mənə gəldikdə... Mən də belə böhtanlara, təhqirlərə məruz qalmışam. Hətta sosial şəbəkələrin birində yazmışdılar ki, guya Tahir Rzayev 2002-ci ildə xidməti silahı ilə  adam öldürüb, cinayət məsuliyyətinə cəlb olunmalıdır. Halbuki heç vaxt mənim tabel silahım olmayıb. Fəaliyyətimlə tanış olanlar yaxşı bilirlər ki, həyatımda ümumiyyətlə, belə bir şey baş verməyib. Bu qədər də mənəviyatsızlıq, məsuliyyətsizlk olmaz axı... Elə bu kimi səbəblərdən bir daha qeyd edirəm ki, Donald Trampın bu addımı çox təqdirəlayiqdir.”

Qvami Məhəbbətoğlu,

“İki sahil”