23 fevral 2016 21:17
712

Multikulturalizm və tolerantlıq təcrübəsinin öyrənilməsinin önəmi qeyd edilib

Almaniyanın Azərbaycandakı səfirliyinin missiya rəhbərinin müavini Eygen Şonfel və səfirliyin birinci katibi Paul Amann fevralın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) olublar.

DQİDK-nın mətbuat xidmətindən verilən məlumata görə, qonaqlar Azərbaycanın dinamik inkişafının, ölkəmizdə yüksək səviyyəli multikultural mühitin mövcudluğunun şahidi olduqlarını bildiriblər. Onlar bu sahədə ölkələr arasında gələcəkdə təcrübə mübadiləsinin aparılmasında maraqlı olduqlarını, Azərbaycanın multikulturalizm və tolerantlıq təcrübəsinin öyrənilməsi ilə bağlı əməkdaşlıq etmək istəklərini diqqətə çatdırıblar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qonaqlara ölkəmizdəki mövcud dini durum və komitənin fəaliyyəti barədə məlumat verib. O, Azərbaycan əhalisinin 96 faizinin müsəlman olmasına baxmayaraq, ölkəmizdə müxtəlif dini konfessiyaların əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini, onların dilinə, dininə, mədəniyyətinə xalqımız tərəfindən daim yüksək qiymət verildiyini vurğulayıb, bu ənənələrin dərin tarixi köklərdən qaynaqlandığını bildirib. Komitə sədri həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində multikulturalizmin Azərbaycanın dövlət siyasətinə və həyat tərzinə, tolerantlığın isə xalqımız üçün demokratik dəyərə çevrildiyini söyləyib. Qeyd edib ki, bu gün Prezident İlham Əliyev Azərbaycanda multikulturalizm ənənələrinin qorunmasına yönəlmiş çoxşaxəli siyasətində beynəlxalq əməkdaşlığa xüsusi önəm verir.