23 iyun 2020 10:25
2204

Yer üzündən silinmək təhlükəsini yaşayan qədim xalqlar

 Yer kürəsinin əhalisi yüksək sürətlə artmaqdadır. Lakin yer üzündən silinmək təhlükəsi ilə üz-üzə qalan xalqların da sayı az deyil. Bu xalqların yer üzündən silinmək təhlükəsi daha çox qloballaşma və assimilyasiya ilə bağlıdır. Getdikcə sayı azalan və yer üzündən silinmək təhlükəsini yaşayan qədim xalqları sizə təqdim edirik.

Mursi qəbiləsi

 Efiopiyanın cənub-qərbində yaşayır. Sayları təxminən 7,5 mindir. Sivilizasiyadan uzaq yaşayan bu qədim qəbilənin sakinləri oğlan uşağının doğulmasını savaşçıların dünyaya gəlişi kimi qəbul edirlər. Onların adətlərinə görə, evlilik həyatına hazırlaşan kişilər seçdikləri qadın ilə maraqlanan digər kişilər ilə savaşmaq məcburiyyətində olurlar. Qalib olan şəxs həmin qadınla evlənir .Maraqlıdır ki, toydan sonra  nə qədər cəsarətli olduğunu sübut etmək üçün həmin bəy qonşunun inəklərini oğurlamalıdır.

Buşmenlər

Cənubi Afrikada yaşayan və vaxtilə buranın əsas əhalisini təşkil edən bu qədim qəbilə hal-hazırda yer üzündən silinmə riskini yaşayır. Sayı 100 min olan bu qədim xalqlar əsasən Anqolada, Cənubi Afrika Respublikasında, Namibiyada, Mozambikdə, Lesoto və Botsvanada yaşayırlar. Onların əsas dili koysan dilir. Buşmenlər gözəl ovçuluq qabiliyyətinə malikdilər.

Huli

 Hulilər Papua və Yeni Qvineyanın dağlıq ərazilərində yaşayırlar. Hal-hazırda sayları 150 mindir. Bu qəbilənin kişiləri düşmənlərini qorxutmaq üçün üzlərini sarı, qırmızı və ağ rəng ilə boyayırlar, başlarına isə öz saçlarından hazırladıqları parikləri qoyurlar.

Samburu

Yer üzündən silinmək təhlükəsini samburu xalqı da yaşayır. Samburu qəbiləsi Keniyanın şimalındakı dağlıq ərazilərdə məskunlaşıb. Maldarlıqla məşğul olan samburulular daha çox köçəri həyat tərzi yaşayırlar. Bu qəbilədə yaşayan insanların qəribə adətləri var. Daima güclü qalmaq və pis ruhlardan qorunmaq üçün heyvanların qanını içirlər. Hal-hazırda onların sayı 160 mindir.

 Çukçalar

Çukçalar əsasən Rusiya Feredarasiyanın ərazisində yaşayırlar. Sayları 15 mindən çox deyil. Sovet folklorunda bəstəboy, sadəlövh maral saxlayan kimi təqdim olunan çukçalar haqqında söylənənlər həqiqətə uyğun deyil. Əslində çukçalar Uzaq Şimalın Alyaskadan Kamçatkaya qədər böyük  tayfaları özlərinə tabe etdirmiş ən güclü və döyüşkən xalqı olub.Çukçalar ölümdən qorxmurdular, əsir düşdükdə belə özlərini öldürürdülər.  Tarixdən məlum olduğu kimi, rusların çukçalar ilə müharibəsi 150 il davam etmişdi və ruslar onlara qalib gəlmişdilər.  Rusların hakimiyyəti zamanı Çukotkada yaşayan çukçalar daxili işlərdə tam müstəqilliyini qoruyub saxlamışdılar. Bu mərd xalqın sonuncu müharibəsi 1947-ci ildə eskimoslar ilə olmuşdur və onlar qalib gəlmişdilər. Uzun illər soyuq ərazilərdə yaşayan çukçalar çox qonaqpərvərdilər. Hətta o qədər qonaqpərvərdilər ki, hörmətli qonaq evlərinə gələndə öz həyat yoldaşlarını belə bir gecəlik təklif edə bilərlər. Bu xüsusi hörmət əlaməti sayılır. Azsaylı olmaları çukçaların həm də bir-birinin həyat yoldaşını dəyişməyə və qrup şəklində evlənməyə vadar edir. Bizə onların bu hərəkəti qəribə səslənsədə, çukçalar üçün bu, icmanın bütövlüyünü qorumaq üçün atılan bir addımdır. Çox maraqlıdır ki, köçəri  çukçalar oturaq həyat sürən çukçalar ilə ünsiyyət qurmurlar və onları özlərindən aşağı pillədə görürlər. Tədricən öz unikallığını saxlayan bu qədim xalqın sayı azalmaqdadır.

Vaorani

Ekvadorun şərqində, Yasuni milli parkı ərazisində dünyanın az saylı və qapalı xalqı vaorani yaşayır. 1968-ci ildə protestant missionerlərlə əlaqəyə girən bu qədim xalq, meşələrə gedərək xaric aləmlə əlaqəni tamamilə kəsdilər. Qəbilə barədə demək olar ki, heç nə məlum deyil. Deyilənlərə görə, onlar əsasən ovçuluq və yığıcılıq ilə məşğul olurlar. Qeyd edək ki, dünyanı cənginə almış koronavirus 17 yaşlı hamilə qadında aşkar olunmuşdur. Hal-hazırda bu qəbilədə yaşayan insanların sayı təxminən 4 mindir.

Kokopa

 Getdikcə sayı azalan xalqlardan biri də kokopadır. Hal-hazırda Meksika və ABŞ-ın Arizona ştatında məskunlaşan bu xalq ovçuluq və maldarlıq ilə məşğul olurlar.  Onların sayları  cəmi 300 nəfərdir

Samirə Tağıyeva,

“İki sahil”