26 iyun 2020 19:03
1157

Deputat: Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusuna çevrilib

Hicran Hüseynova: Dövlətimizin siyasi və iqtisadi qüdrəti ordumuzun inkişaf tempini gələcəkdə də saxlaması üçün əsaslı təminat yaradır

Azərbaycanın ordu quruculuğu sahəsində əldə etdiyi nailiyyətlər böyük tarixi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. XX əsrin 70-ci illərində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması ilə Müasir Azərbaycan ordusunun bünövrəsi qoyulub. Ordu quruculuğu istiqamətində görülən işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verib, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaradıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə bu siyasətin daha da inkişaf etdirilməsi nəticəsində Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusuna çevrilib. Dövlətimizin siyasi və iqtisadi baxımdan davamlı inkişafı ordumuzun gələcəkdə də öz inkişaf tempini saxlaması üçün əsaslı təminatdır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynovanın “26 iyun - Silahlı Qüvvələr Günüdür” sərlövhəli məqaləsində yer alıb.

AZƏRTAC məqaləni təqdim edir.

Azərbaycanın hərbi büdcəsi ildən-ilə artır, istehsal olunan hərbi sursat və silahlarımız dünya miqyasında tanınır. Rəşadətli əsgərlərimiz yenilməz mətanətlə hər bir Azərbaycan ailəsinin, qadınının və uşağının əmin-amanlığının, sakit həyatının keşiyində dayanır.

Aprel döyüşləri ordumuzun hansı gücə malik olduğunu dünyaya nümayiş etdirdi. Torpaqlarımız işğal ediləndən sonra təkcə ermənilərdə yox, bir çoxlarında belə bir fikir formalaşmışdı ki, Azərbaycan Ordusu ermənilərə qarşı döyüşmək iqtidarında deyil. Amma 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan əsgəri ermənilərin uzun illər ərzində formalaşdırdığı bu mifi darmadağın etdi və onlara Azərbaycanın gücünü göstərdi. Dörd il əvvəl işğalçı Ermənistan ordusunun təxribatlarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri qısamüddətli, lakin çox səmərəli hərbi əməliyyat keçirdi. Qəhrəman hərbçilərmizin, şəhidlərimizin fədakarlığı nəticəsində Ermənistan ordusuna ciddi hərbi və mənəvi zərbə vuruldu. Azərbaycan Aprel döyüşləri zamanı bütün dünya ictimaiyyətinə nümayiş etdirdi ki, diplomatik yolla torpaqlar azad olunmasa, güc tətbiq edib ərazilərini azad etməyə hüququ da, iradəsi də var.

Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün dövlətimiz tərəfindən bütün qüvvələr səfərbər edilib. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın konkret tapşırıqları əsasında onlar üçün yaşayış binalarının, eyni zamanda, cəbhə bölgələrində ziyan dəymiş evlərin, sosial obyektlərin tikinti, bərpa və təmir işləri aparılır. Hərbi sənayenin inkişafı, ordumuzun gündən-günə güclənməsi, erməni işğalçılarından azad edilmiş Cocuq Mərcanlının yenidən qurulması insanlarda torpaqlarımızın azad edilməsi inamını daha da artırır. Xüsusilə, dövlətin bu qəsəbənin sakinlərinin ictimai-siyasi həyata inteqrasiya edilməsi istiqamətində keçirilən tədbirlər, təşkil olunan görüşlər əhalidə böyük ruh yüksəkliyi yaradır.

Azərbaycan Ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Qazanılan uğurlar, keçirilən təlimlər deməyə əsas verir ki, uzunillik tarixi olan Ordumuz işğal altındakı torpaqlarımızı tezliklə azad edəcək.

Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbçilərimizi təbrik edir, onlara bu şərəfli peşəsində uğurlar və yeni zəfərlər arzu edirəm.