10 iyul 2020 10:42
1204

Əlacı özündə axtar, bu, zamanın çağırışıdır...

Bir daha “taclı virus” bəlasını ciddiyə almayan insanlar barədə

Azərbaycanın görkəmli dramaturqu və teatr xadimi Cəfər Cabbarlı “Həyat, söylə sən kiminsən” sualına cavab axtaranda öz qəhrəmanlarının - almazların, sevillərin, yaşarların, aydınların gələcəyini, işıqlı sabahını düşünürdü. Bu inamla sualı onların dili ilə belə cavablandırırdı: “Biz hamımız övladıyıq işıqlı bir səhərin.” Böyük ədiblərin yaradıcılığı həm də keçmişdən bugünümüzə ünvanlanan mesajdır. C. Cabbarlı bu mesajların birində üzünü sanki Şərqə deyil, indiki zamanda bütün dünyanın taleyinə qeyri-ciddi yanaşan bəşər oğluna tutub deyir:

“...ey evi bərbad!

Kimdən, əcəba, ummadasan,

dərdinə imdad?”

Bu gün bütün dünyanın hər gün barəsində danışdığı başlıca mövzu koronavirusdur. Bu, insanlara öz şəxsi problemlərini unutduran və hələlik əlacı olmayan bir bəladır. “Həyat, söylə sən kiminsən” sualına doğru-dürüst cavabı indi təkcə konkret şəxslər, millətlər deyil, bütün bəşəriyyət cavab axtarır. Bəşəriyyətin taleyi isə hər bir fərdin bu sual qarşısında məsuliyyət hissindən başlayır.

Hər bir insan ömür adlı bir yolun yolçusudur. Hər şeyin bir başlanğıcı olduğu kimi, bir sonu da var. Ömür də əbədi deyi. Ağlımız kəsəndən bəri həyatın şirin, yaşamağın necə gözəl, insan ömrünün qiymətli olduğunu təmtəraqlı sözlərlə ifadə edirik. Bəs görəsən bu gəlimli-gedimli dünyada niyə özümüzün və çevrəmizdə olan insanların taleyinə biganə qalırıq?

İndi baxırsan, gözəl geyimli-kecimli insanların çoxu danışmağı dinləməkdən üstün tutur, hətta öz xeyiri üçün deyilənlərə belə əməl etmir. Bir tərəfdən deyirik ki, zaman su kimi axıb gedir, ömur cox qısadır. Digər tərəfdən, qəfil gələn bəlanın üzünə qapımızı öz əllərimizlə taybatay açırıq. Sual olunur: görəsən niyə insanların çoxu gözlə görə bilmədikləri bu gizli düşməni - “taclı virusu” ciddiyə almır, hətta cərimə olunmaq, yaxından-uzaqdan eşitdiyi yoluxma halları, dünyada və ölkədə ölənlərin canlı statistikası biganə vətəndaşları dayandırmır?

Sözsüz ki, pandemiyanın yayıldığı digər dövlətlərlə müqayisədə bizdə vəziyyət çox yaxşıdır. Yoluxma hallarının azalması xüsusi karantin rejiminin tətbiqi, görülən profilaktik tədbirlərin, kütləvi dezinfeksiya işlərinin, insanların sosial izolyasiya tədbirlərinə məcbur edilməsinin nəticəsində olub. Azərbaycan həm də nadir ölkələrdəndir ki, koronavirusa yoluxan xəstələr tibb müəssisələrində müalicə olunurlar. Bu gün Azərbaycan pandemiya ilə mübarizəni regional səviyyədən beynəlxalq səviyyəyə və eyni zamanda ümumbəşəri səviyyəyə qaldırıb. BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü irəli sürüb.

Amma təəssüflər olsun ki, bəzi məsuliyyətsiz insanlar və pandemiyanı ciddiyə almayan şəxslər ölkədə tətbiq olunan xüsusi karantin rejimin heç bir ehtiyac olmadan hələ də pozurlar. Bununla da həm özlərinə, həm ətrafındakı adamlara təhlükə yaradırlar. Mütəxəssislərin dili ilə desək, vəziyyətin ciddi olduğunu başa düşmək üçün həkim olmaq lazım deyil. Yetər ki, bu sahədə çalışan insanlara inanasan.

 Bütün televiziya və radio verilişlərində, xəbər saytlarında bununla bağlı kifayət qədər məlumatlandırıcı xəbərlər verilir, insanlar maarifləndirilir. Əgər son dərəcə zəruri bir səbəb yoxdursa, şəhərin ortasında isti havada tıncıxmaqdansa sərinkeşli evdə oturub kitab oxumaq, maraqlı veriliş izləmək və ya sevdiyin bir işlə məşğul olmaq yaxşı deyilmi?

Əlbəttə, XXI əsrin ən böyük bəlası qlobal inamsızlıq, bir ölkənin digər ölkədə baş verən fəciələrə, müharibə ocaqlarına, sayı günbəgün artan milyonlarla insanın yurd-yuvasından didərgin salınmasına biganəliyi oldu.

İndi xəstəliyə yoluxan təkcə dünya əhalisi deyil, həm də onun iqtisadiyyatıdır.Ən böyük dövlətlər belə koronavirusun yaratdığı imtahanın sınağından hələ ki çıxa bilmir. “Taclı virus” ironiya tanımır, lağlağını sevmir, bayağı fikirlərdən, qınaqdan, qarğışdan uzaqdır. Onu hazır qəliblərin içinə salıb istədiyin ölçü-biçimdə etmək də mümkün deyil. Hətta bu gün koronavirusun yer üzündə mövcud bütün dinləri sınağa çəkən bir epidemiya olduğunun şahidi oluruq.

 Bu dəhşətli bəla sanki Allahın ibadət yerlərinin qır-qızıla qərq olan uzaq-uzaq məbədlərdə, kilsələrdə, deyil, insanın öz daxilində, öz içində olduğunu düşünməyə “vadar” etdi. Böyük övliyalardan olan türk mütəfəkkiri və şairi Hacı Bektaş Vəli 700 il əvvəl sanki bu günümüzü görüb demişdir:

Hərarət nardadır, sacda deyildir,

Kəramət başdadır, tacda deyildir.

Hər nə arar isən kəndində ara ,

Qüdsdə, Məkkədə, Xaçda deyildir.

Bu gün dünya son 100 ilin ən təhlükəli epidemiyası ilə üz-üzədir. Fransada, İngiltərədə, İtaliyada keşişlər internetlə ibadətə keçdilər. Koronavirusla (COVID-19) mübarizə tədbirləri ilə əlaqədar Səudiyyə Ərəbistanı Krallığının qərarına əsasən, xarici ölkələrdən gələn zəvvarlar üçün Həcc ziyarəti qadağan edildi.

Bütün bu qadağalar insan həyatını qorumağa xidmət edirsə, onda insan niyə öz taleyinə laqeyd qalmalıdır? Pandemiya kabusu ilə bağlı qadağalara məhəl qoymadan əlini-qolunu sallaya-sallaya gəzmək elə əzrayılla çiling-ağac oynamaq həvəsinə düşmək kimi bir şeydir.

Dünya ədəbiyyatının ən böyük korifeylərindən biri F. Dostoyevski insanın öz həyatına münasibəti ilə bağlı belə fikir söyləmişdir: “Həyat bir imtahandır, lakin digər imtahanlara elə də bənzəməz. Çünki bəzən etdiyin bir səhv, bütün doğrularını apara bilər.”

Bu çətin sınaq dövründə Azərbaycan insanının taleyi özündən çox asılıdır. Sosial təcrid qaydalarını laqeydlik koronavirusun “ömrünü” uzada bilər.Dünyada koronavirus bəlasına qarşı əlac tapılanacan hər birimiz əlacı özümzdə axtarmalıyıq. Bu, artıq zamanın çağırışıdır: - Əlacı özündə axtar!

Nurəddin Muğanlı, “İki sahil”