16 sentyabr 2025 22:14
102

Ürəklərdə məkan quran qəhrəman

Famil üçün Vətəni hər şeydən doğma və əziz idi. Bu ilahi sevgi onun qanına, canına ana südü ilə birgə hopmuşdu. Odur ki, 44 günlük haqq savaşımızda sinəsini Vətəninə sipər etməklə 30 il əsarətdə olan Qarabağımızın azadlığı naminə son nəfəsinə qədər qəhrəmanlıqla, mərdliklə yağıya qarşı döyüşdü. 22 yaşında şərəfli ölümü ilə bir tarix yazdı. Bununla da bütün nəsillərə nümunə olacaq bir həyat yolu keçdi.

Famil Vüqar oğlu Ağaşov 1998-ci ildə Cəlilabad şəhərində anadan olub. Vətəni düşmən təcavüzündə olan Famil orta məktəbi bitirən ili ordu sıralarına yola düşüb. Cəbhə bölgəsində yurdunu, torpağını ləyaqətlə qorumaqla bərabər, həm də yağı ilə döyüşə hazırlaşıb. Saf vicdanı, qəlbində bəslədiyi doğma Azərbaycana ilahi sevgisi hər an onu Qarabağın azadlığı uğrunda vuruşa səsləyib. Və bu müqəddəs işdə şəhid olmağı belə özünə şərəf bilib. Məqamı gələndə yağının başını müharibə meydanında əzmək məqsədilə yaxşı əsgər olaraq üzərinə düşən tapşırıqları vaxtında, düzgün yerinə yetirib. Hərbinin sirlərinə yaxında bələd olmaq üçün bütün təlimlərdə fəal iştirak edib, ən ağır sınaqlardan uğurla keçib. Həmçinin idmançı olmağı da həmişə ona dayaq durub. Mərdliyi, cəsurluğu, ağıllı davranışı ilə komandirlərin sevimli əsgəri olan Famil Vətən qarşısında övladlıq borcunu şərəflə yerinə yetirdikdən sonra evinə qayıdıb. Qaldı ki, yağı tapdağında qalan Qarabağımızın taleyi onu rahat buraxmayıb, xəyalı gecə-gündüz döyüş bölgələrində dolaşıb. Bir ildən sonra yenidən orduya qayıdıb, kurs keçib və Xüsusi Təyinatlı hərbiçi olaraq xidmətə başlayıb.

Adəti üzrə Famil işinə ürəkdən bağlanıb. Olduqca mükəmməl bacarığa malik olan gənc verilən hər tapşırıqda ümidləri, etimadları layiqincə doğruldub. Həmişə də, bildirib ki, ulularımız Vətənin yaşaması naminə namus, qeyrət, torpaq uğrunda fədakarlıq göstəriblər. Qana susamış erməni cəlladlarından qisas almaq, onların qara niyyətini ürəyində qoymaq bizim üzərimizə düşür. Canında, qanında Vətən qeyrəti, yurd təəssübkeşliyi olan ölümdən qorxmadan düşmənə qarşı çıxar. Bir can borcluyuq, o da Vətənə qurban...

Bəli, 2020-ci il sentyabrın 27-də Qarabağın azadlığı uğrunda başlanan əks-hücum əməliyyatları zaman Famil odlu-alovlu səngərdə birincilər sırasında öz yerini alıb. Döyüş yolu ən qaynar nöqtələrdən keçən igid yağıya qan qusdurmaqla ad qoyub. Daha çox döyüşdüyü yer Füzuli rayonu olub. Müharibə meydanında ön sıralarda savaşıb, aldığı tapşırıqları cəsarətlə, ölümün gözünə dik baxa-baxa yerinə yetirib. Döyüşdən-döyüşə təcrübəsi artan Fərid daha sonra Cəbrayılda, Xocavənddə silahının hədəfinə tuş gələn çoxlu sayda erməni qəsbkarını məhv edib.

Neçə-neçə qanlı müharibədən zəfərlə çıxan qəhrəman Famil Ağaşov noyabrın 8-də, yəni qələbədən bir gün öncə yağıya qarşı son damla qanına qədər döyüşüb şəhidlik zirvəsinə ucalıb. Torpağı ölümü ilə Vətən edən Cəlilabadın igid şəhid oğlu dövlət tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, Füzulinin, Xocavəndin azadlığı uğrunda medalları ilə təltif edilib.

Zəfər şəhidimiz Famil Ağaşovun qəlbində qoynunda dünyaya göz açdığı Vətəninə, torpağına sonsuz sevgi yuva qurmuşdu. Bu sevgi onun üçün bütün olanlardan ucada dururdu. Elə ona əbədi günəş ömür qazandıran da bu oldu.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü